Qarabağ
müharibəsinin ilk
şəhidlərindən biri
Vətənə sevgi
hissi uşaqlıq illərindən qəlbinə
hakim kəsildi. Valideynləri onu da, qardaşını da bu məhəbbətlə
böyütdülər… Zəmanət
İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonu Sarvan kəndində
dünyaya göz açmışdı. Kənddəki
İsfəndiyar Həsənov
adına tam orta məktəbdə təhsil almışdı.
2007-ci ildə həqiqi
hərbi xidmətə
çağırılmışdı.
2009-cu ildə xidmətini
başa vuraraq doğma evinə, ata ocağına dönmüşdü.
O zaman Azərbaycanın
iyirmi faiz ərazisi hələ də Ermənistanın işğalı altında
idi. Erməni vandallarının məhv
etdikləri, xarabalığa
çevirdikləri Qarabağ
və Şərqi Zəngəzur igid, vətənpərvər oğullarını
haraylayırdı. Belə
bir vəziyyətdə
Zəmanət hərbçi
olmağı qarşısına
məqsəd qoydu.
Zəmanət İbrahimov
2009-cu ildə Silahlı
Qüvvələrin Təlim-Tədris
Mərkəzinin müddətdən
artıq həqiqi hərbi xidmət motoatıcı manqa komandiri kursunu bitirdi. Gəncədə
"N" saylı hərbi
hissədə qulluq etdi. 2011-ci ildə könüllü olaraq Murovdağda xidmətə
başladı. Murovdağda
səkkiz il xidmət etdikdən sonra gizirlik kursunu bitirdi.
Gizir rütbəsini
aldıqdan sonra isə Goranboy rayonundakı hərbi hissələrin birinə təyinat aldı, üçaylıq xidmətdən
sonra könüllü
olaraq ön cəbhəyə yollandı.
Ailəsinə bağlı
idi. Harda olursa-olsun, onları düşünür, qayğılarına
qalmağa çalışırdı.
Ancaq nə ata-anasına, nə də ailə qurduqdan sonra həyat yoldaşına işləri barədə
məlumat vermirdi. Daha doğrusu, xidmətdə olduğu yerləri hərbi sirr kimi saxlayırdı.
Gizir Zəmanət
İbrahimov 2016-cı ildə
Aprel döyüşlərində
iştirak etdi. General Polad Həşimovla çiyin-çiyinə döyüşdü.
Aprel döyüşlərində
böyük şücaət
göstərən, düşmənin
silahlı qüvvələrinə
ağır zərbələr
endirən qəhrəmanlarımızdan
biri oldu. Lakin ailə üzvləri bütün
bunlar barədə yalnız o, şəhidliyə
ucaldıqdan sonra xəbər tutdular. Qəhrəmanın hərbçi
yoldaşları onun Aprel döyüşlərində
göstərdiyi igidlikdən
qürurla, fəxrlə
danışdılar…
Zəmanət İbrahimov
müqəddəs bildiyi
Vətəninə, dövlətinə
hərbçi kimi on üç il xidmət göstərdi. Qarabağı,
Şərqi Zəngəzuru
namərd düşmənlərdən
xilas etmək ən böyük arzusu idi. İnanırdı
ki, o günlər gələcək, Azərbaycan
xalqının Qarabağ,
Şərqi Zəngəzur
nisgili bitəcək. Mərd döyüşçü
ruhu onu son döyüşlərə,
qəti qələbəyə
səsləyirdi.
İkinci Qarabağ
müharibəsi başlamazdan
bir gün əvvəl - 2020-ci il sentyabrın 26-sı axşamtərəfi
evə zəng etdi. Doğmaları ilə danışdı. Yenə özünü deyil, onları düşünürdü. Anasına
"Mən yaxşıyam,
sən özündən
də, atamdan da muğayat ol" dedi. Həyat yoldaşı ilə telefon söhbətində də
səsində qayğıkeşlik
duyulurdu. Ona övladlarını tapşırdı:
"Uşaqlardan muğayat
ol".
Səhəri gün
- sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin
növbəti təxribatı
nəticəsində İkinci
Qarabağ müharibəsi
başladı. Gizir Zəmanət İbrahimov Vətən torpağını
yağılardan xilas etmək, şəhid olmuş soydaşlarının
qisasını almaq üçün döyüşlərə
atıldı.
Elə İkinci
Qarabağ müharibəsinin
ilk günü Azərbaycan Ordusu Ermənistanın silahlı
qüvvələrinə qarşı
döyüşlərdə böyük Zəfərə
layiq olduğunu göstərdi. Həmin gündən Ermənistan silahlı qüvvələrinin
illərlə qurduqları
istehkamlar dağıdılmağa
başlandı.
Zəmanət İbrahimov
müharibənin ilk günü, ölümün
nəfəs qədər
yaxın olduğu bir vaxtda silahdaşları
ilə birlikdə erməni silahlı qüvvələrini məhv
edərək irəliləməyə
başladı. Düşmənin
hərbi texnikasını,
silah-sursatını ələ
keçirdilər. Şüarları
bu idi: "Hər şey Vətən üçün!"
O, sentyabrın 27-də axşam yaralandı və həmin gecə Tərtər rayonunun Talış kəndində şəhidlik
zirvəsinə ucaldı.
Sentyabrın 28-də gizir Zəmanət İbrahimov doğulduğu
Sarvan kənd qəbiristanlığında torpağa
tapşırıldı. Qəhrəman
gizir Prezident İlham Əliyevin sərəncamlarına uyğun
olaraq, ölümündən
sonra "Vətən
uğrunda", "Suqovuşanın
azad olunmasına görə", "Laçının
azad olunmasına görə", "Hərbi
xidmətlərə görə"
medalları ilə təltif edildi.
Şəhid Zəmanət
İbrahimovun Abdulhəsən
və Səma adlı iki övladı
yadigar qaldı.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
26 may, № 110.- S.18.