xoş hissdir Vətən sevgisi...

 

 

"Vətən" "vətənpərvərlik" anlayışları hamımız üçün müqəddəsdir. Vətən məhəbbəti ən ülvi hissdir. Vətən sözünü dilimizə gətirərkən gözlərimiz qarşısından Tomris mərdliyi, Cavanşir yenilməzliyi, Babək cəsarəti, Nəsimi qətiyyəti Mübariz kimi neçə-neçə qəhrəmanımızın bütün şəhidlərimizin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri fədakarlıqlar gəlib keçir.

Tarixin səhifələri qəhrəmanlıq nümunələri ilə zəngindir. Çanaqqala savaşında Seyidəli Onbaşının göstərdiyi igidlik həm heyrətamiz, həm ibrətamizdir. Döyüşün ən həlledici anında əsgər yoldaşlarının bəzilərinin şəhid olduğuna yaralandığına görə o, təkbaşına çox ağır bir mərmini topa qoyaraq işğalçılara atəş açmışdır. Onun atdığı mərmi hədəfə dəyərək sahilə yan almağa hazırlaşan düşmən gəmisini partlatmışdır. O dar məqamda əsgər buna necə nail olmuşdu? Görəsən, həmin anlarda Seyidəliyə güc verən hansı hiss duyğu idi? Təbiidir ki, qəhrəmanlığa təşnə olan bir hiss. Əgər onun ürəyi yurda, vətənə məhəbbət eşqi ilə döyünməsəydi, bu cür fövqəladə qəhrəmanlıq göstərə bilərdimi? Əlbəttə ki, yox!

Tarixin səhifəsinə böyük hərflərlə yazılmış bu şanlı savaşdan illər sonra Seyidəli Onbaşının yaşadığı bölgəyə səfər edən türk dünyasının iftixarı Mustafa Kamal Atatürk keçmiş döyüşçü ilə görüşür. Seyidəlinin ağır şəraitdə yaşadığını görür, ona maddi yardım edilməsi ilə bağlı göstəriş verəndə keçmiş döyüşçü bundan imtina edərək "Mən para üçün yox, Vətən üçün savaşdım" deyir. Çox qürurverici iftixar duyulan bir cavabdır.

Yaşanmış hadisələr sübut edir ki, qəhrəmanlıq tarixinin səhifələri təkcə mürəkkəblə deyil, qanla da yazılır. Elə buna görə əsrlərdən keçərək, zamana meydan oxuya-oxuya, rəngini itirmədən yaşadığımız günəcən gəlib çatır. İnsan qəlbini vəcdə gətirən qəhrəmanlıqdan bəhs edən əsərləri ötəri oxumaq olmur. Onları zərrə-zərrə canımıza hopduraraq, ondan güc alaraq yeni uğurlara, qələbələrə doğru gedirik. Sabahlara uzanan yollarla inamla vüqarla addımlayırıq.

Döyüşlərdə cəsarətlə vuruşmaqda yaş həddinin elə bir fərqi yoxdur. İnsan güclü qüdrətli olduğu üçün hər yaşda mübarizə aparmağa qadirdir. Ən başlıcası odur ki, onun ürəyində, qəlbində Vətən sevgisi olsun, ürəyi həmişə Vətən desin, onun könlünü vətənpərvərlikdən yoğrulmuş qəhrəmanlıq hissləri coşdursun. Heç vaxt o ülvi, o müqəddəs hisslərdən məhrum olmasın.

Həm Birinci, həm İkinci Qarabağ müharibələrində zabit əsgərlərimiz erməni işğalçılarına qarşı döyüşlərdə böyük hünər qəhrəmanlıq göstərdilər. 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarımızı erməni qəsbkarlarından azad etdilər. Vətən sevgisindən doğan igidlik qəhrəmanlıqları ilə şərəfli bir tarix yazdılar. Elə bir tarix ki, bütün gələcək nəsillər onlarla fəxr edəcək, öyünəcək. Adlarını, xatirələrini həmişə ehtiram böyük sevgi ilə çəkəcəklər.

Müdrik bir kəlamda deyilir ki, qəhrəmanlar kimi doğulmurlar, qəhrəman olurlar. Doğrudan da, yaşadığımız həyat, qarşılaşdığımız gözlənilməz hadisələr ömrümüz boyu bizə qəhrəmanlıq dərsi keçməkdə davam edir. Buna görə yaşaya-yaşaya öyrənirik, öyrənə-öyrənə yaşayırıq. Yaşaya-yaşaya Vətən sevgisindən güc alırıq. Bu güc daim bizi gələcəyə ruhlandırır, yeni zəfərlərə, qələbələrə səsləyir. Bax, belə anlarda hayqıraraq deyirik ki, xoş hissdir Vətən sevgisi!

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 26 may, № 110.- S.18.