...O gün həyatının
ən unudulmaz, ən fəxarətli, ən həyəcanlı günü idi...
Ürəyində sevinc,
qürur, qorxu hissi bir-birinə qarışmışdı, təlatümlər
yaşayırdı. Böyük
ümidlərlə yaratdığı
"Altai" teatrının
səhnəyə qoyduğu
tamaşanın necə
qarşılanacağını bədənini bürüyən
həyəcan titrəyişi
ilə izləyir, nigaranlıqla öz-özü
ilə dialoq aparırdı: "Görəsən,
tamaşa bəyəniləcəkmi?", "Bəs, birdən bəyənilməsə?..", "...Yox-yox, o
zaman bütün arzularım, xəyallarım,
ümidlərim puç
olar..."
Lakin bu an zalda qopan
sürəkli alqış
sədalarını eşitməsi
ilə gənc qadının beynində apardığı bu çək-çevirlərə də birdəfəlik son qoyulmuş, o, sevinc göz yaşlarına boğulmuşdu:
"Bilirsiniz, o an sanki özümü dünyanın ən bəxtəvəri, xoşbəxti
sandım. Tamaşaçıların
reaksiyası, dəqiqələrlə
ayaqüstə durub aktyorları alqışlaması
da göstərirdi ki, möhtəşəm bir iş ortaya
qoymuşuq..."
Ən böyük
mükafat - tamaşaçı
alqışları
Bu il mayın 5-də Naxçıvanda
"Altai" adlı
yeni və müasir üsluba malik teatrın fəaliyyətə başlaması
sənət cameəsi
tərəfindən maraqla
qarşılandı. Ulu
diyarımız Naxçıvanın
100 illiyinin qeyd edildiyi, eləcə də Ulu Öndər
Heydər Əliyevin
101-ci doğum günü
ərəfəsində teatrsevərlərin
görüşünə "Xəyanət" adlı
psixoloji, fəlsəfi,
dramatik üslublu əsərlə gələn
"Altai" teatrı
böyük əks-səda
doğurdu, teatrın ilk performansı tamaşaçılar tərəfindən
rəğbətlə qarşılandı.
Əməkdar artist,
Naxçıvan Dövlət
Uşaq Teatrının
quruluşçu rejissoru,
yeni fəaliyyətə
başlayan "Altai"
teatrının rəhbəri
Nurbəniz Niftəliyeva
bizimlə söhbətində
danışır ki, yeni yaratdığı teatrın
kollektivi ilə düz bir il
bu tamaşaya hazırlaşıblar. Bəzən
həvəsdən düşdükləri,
haradasa yorulduqları günlər də olub, amma heç
zaman inamlarını itirməyiblər: "Şəxsən
özümün tərəddüdlərim
var idi ki,
birdən tamaşa uğurlu alınmaz, tamaşaçı onu qəbul etməz... Amma yenə də yolumdan dönmədim, sona qədər çalışdım
və zəhmətimin
müqabilində qazandığım
tamaşaçı alqışları
isə ən böyük mükafatım
oldu. Bu həm də sübut etdi ki, mən bu
işi bacardım".
Rejissor deyir ki, bu gün
istər dünyada, istər Azərbaycanda olsun, bir-birindən fərqli janrda fəaliyyət göstərən
müstəqil teatrlar
yaranır. Orijinal üslublu bu tip teatr yaratmaq
onun da çoxdankı
arzusu olub. Amma yalnız müəyyən təcrübələrə
yiyələnəndən, öz
sənət potensialına
güvənəndən sonra
bu addımı atmağa, Naxçıvanda
müstəqil teatr yaratmağa qərar verib: "Teatr kollektiv sənət olduğu üçün
bir komandaya ehtiyacım var idi. Amma əvvəlcə
komandamda görmək
istədiyim insanları
bu işi bacaracağına və onlara uğur vəd edəcəyinə
inandırmalı idim.
Şükür Allaha
ki, onlar mənə güvəndilər,
inandılar və bunun sayəsində sevdiyim sənət insanlarını ətrafıma
toplaya bildim. Elə bu peşəkar
kollektivlə də əl-ələ verərək
"Altai" teatrında
ilk uğurlu nəticəmizi qazandıq".
Uğur illəri
1984-cü ildə Şərur
rayonunun Xanlıqlar kəndində doğulan Nurbəniz Nurəddin qızı Niftəliyevanın
məhz kiçik yaşlarından səhnəyə
könül verməsi
onun sonrakı illərdə teatrda uğurlar qazanmasına ən böyük vəsilə olur. Balaca Nurbənizin bağça, məktəb
yaşlarından səhnələrdə
şeir söyləməsi,
müsabiqələrdə qalib
gəlməsi, rayon tədbirlərində fəal
iştirak etməsi, səhnəciklərdə rol
alması hər kəsin, xüsusilə də müəllimlərinin
diqqətini cəlb edirdi. Bu qızın
yaradıcılıq qabiliyyətinin
böyük gələcək
vəd etdiyi hələ o zamanlardan aydın görünürdü.
2004-2007-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun bədii yaradıcılıq
və rejissorluq ixtisasında, 2014-2018-ci illərdə
Naxçıvan Dövlət
Universitetinin Solo oxuma ixtisasında təhsil alan Nurbəniz Niftəliyeva C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb.
2011-ci ildə Naxçıvana
dönərək Naxçıvan
Dövlət Musiqili Dram Teatrında (hazırda Naxçıvan
Dövlət Milli Dram Teatrı) aktrisalıq fəaliyyətini
davam etdirir. Eyni zamanda burada
bir çox tamaşalarda ikinci rejissor kimi də
fəaliyyət göstərir.
2015-ci ildən etibarən
Naxçıvan Dövlət
Uşaq Teatrında quruluşçu rejissor kimi işə başlayır.
Nurbəniz Niftəliyeva
adı tamaşaçılara
teatrda oynadığı
müxtəlif obrazlardan,
rejissor olaraq səhnəyə qoyduğu
fərqli üslublara malik tamaşalardan tanışdır.
Peşəkar aktrisa
və rejissor Naxçıvan Dövlət
Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin pyesləri
əsasında "Ölülər"
və "Dəlilər"
tamaşasının rejissoru,
Hüseyn Cavidin "Xəyyam" əsərinin
həm rejissoru, həm rəqslərin quruluşçusu, həm
də "Sevda" obrazının ifaçısı
olub. Əli Əmirlinin "Varlı qadın" əsərində
həm rejissor olub, həm "Qadın" rolunu ifa edib. Həmçinin Moris Meterlinkin
"Göy quş"
əsərinin rejissoru
olub və burada "Pişik" rolunu canlandırıb.
Eyni zamanda Naxçıvan Dövlət
Uşaq Teatrında
"Bugünün çay
dəstgahı", "Bizə
dovşan və meşəbəyi lazımdır",
"Kosanın toyu",
"Doktor Aybolit və dostları" kimi xeyli sayda
tamaşaların rejissoru
olub. "Danışan
kukla" və "Balaca şahzadə" tamaşalarına isə rejissorluq etməklə yanaşı, "Şahzadə
qız" və
""Balaca şahzadə"
rollarını da özü
oynayıb.
Yeni səhnə, maraqlı obrazlar
2007-ci ildə İrəvan Azərbaycan Dövlət
Dram Teatrında fəaliyyətə
başlayan Nurbəniz
Niftəliyeva xeyli sayda tamaşada səhnəyə çıxdığı,
bir-birindən maraqlı
obrazları canlandırdığı
bu məkanı sənətinə yön verən mayak adlandırır.
N.Niftəliyeva söyləyir
ki, 2011-ci ildə rejissor
Nəsir Məmmədzadənin
və həmin vaxt Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Kamran Quliyevin dəvəti ilə Naxçıvana qayıdaraq sözügedən
teatrda aktrisalıq fəaliyyətini davam etdirir.
Naxçıvan Dövlət
Musiqili Dram Teatrında
Nurbəniz Niftəliyevanın
canlandırdığı ilk obrazı "Kəllə"
tamaşasında "Dalbanezonun
qızı" olur və tamaşaçılar
tərəfindən çox
maraqla qarşılanır,
onun səhnəyə
gəlişi Naxçıvanda
yaxşı mənada
səs-küyə səbəb
olur, hər kəs gənc aktrisaya maraq göstərməyə başlayır:
"Burada işlədiyim
dövrdə həm də universitetdə təhsil alırdım. Eyni zamanda yavaş-yavaş
rejissor kimi də fəaliyyətə
başlamışdım. Əməkdar
artist Tofiq Seyidovla birlikdə
səhnəyə çox
uğurlu, maraqlı tamaşalar qoyurduq və tamaşaçılar
işimizi təqdir edirdilər. Teatrda rejissor kimi də
fəaliyyət göstərdiyim
üçün o zaman rəhbərlik
bunu qiymətləndirdi
və mənim Naxçıvan Dövlət
Uşaq Teatrının
rejissoru kimi fəaliyyət göstərməyimə
şərait yaratdı.
Beləliklə, 2015-ci ildən
bu günə qədər həmin teatrın quruluşçu
rejissoruyam".
Nurbəniz Niftəliyeva
onu da xüsusi vurğulayır ki, sənət
uğurlarına stimul
verən əsas məqamlardan biri isə üzərində daim dövlətin diqqətini hiss etməsi olub: "2014-cü ildə
gənc yaşımda
Prezident mükafatına
layiq görüldüm,
bu, mənim ilk böyük uğurum idi. Ümumiyyətlə, həmin illərdə bir-birinin ardınca xeyli müvəffəqiyyətlər
qazandım. 2019-cu ildə
Türkiyənin Qars şəhərində qastrolda
olarkən eşitdim
ki, Əməkdar artist adı
almışam. Dövlətimizin,
Prezidentimizin layiq gördüyü bu ad məni gələcəyə
doğru daha da inamla, əzmlə çalışaraq fəaliyyət
göstərməyə həvəsləndirdi".
Onun "Altai" zirvəsi
Özünü anladığı
gündən teatra könül verən Nurbəniz Niftəliyevanın
bu sahədəki uğur yolunun zirvəsi isə
"Altai" adlı yeni teatr
yaratması olur. Adında ucalığı,
zirvəni, türkçülüyü
ehtiva edən
"Altai" teatrını yaradana, necə deyərlər, bu peşədə "bişib"
peşəkarlaşana qədər
isə Əməkdar
artist bu sənətdə
çətin və bir o qədər də maraqlı yol qət etməli
olur.
2024-cü il mayın
5-də Naxçıvan Dövlət
Uşaq Teatrının
səhnəsində "Altai" teatrının təqdimatında
rejissor Nurbəniz Niftəliyevanın quruluşunu
verdiyi "Xəyanət"
tamaşası oynanılır.
Tamaşada həm gənc, həm də sözünü demiş peşəkar aktyorlar iştirak edir. Əsərin müəllifi Rza Zeynalov
Şahin, Naxçıvan Dövlət
Flarmoniyasının rəqqasəsi,
aktrisa Zəliha Hüseynquliyeva Afət obrazını
canlandırır.
Nurbəniz Niftəliyeva
deyir ki, tamaşa çox uğurlu alındı və izləyənlərinin böyük
diqqətinə, marağına
səbəb oldu:
"Saysız-hesabsız təbriklər
aldıq, kollektiv olaraq çox sevindik. İlk iş, ilk addımdan uğur, böyük məna kəsb edir. Əgər uğursuz alınsaydı, növbəti
addımımızı ata
bilməzdik. Təbii
ki, tənqidlər də
oldu və bütün bunlar ümumilikdə bizim işimizə göstərilən,
diqqət və marağın təzahürü
idi..."
Naxçıvanda müstəqil,
modern üslubda yaradılan
"Altai" teatrı elə
"Xəyanət" adlı
ilk tamaşası ilə
qazandığı rəğbətdən
ruhlanaraq qarşıda
da yeni-yeni əsərlərlə teatr seyrçilərinin görüşünə gəlmək,
istər dramatik, istər komediya janrında səhnəyə
qoyduğu əzbərpozan
tamaşaları ilə
izləyicilərinin qəlbini
fəth etmək istəyir.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
26 may, ¹ 110.- S.19.