Milli
düşüncə karvanının
öncüllərindən biri
Ötən əsrin
30-cu illərində repressiyaya
məruz qalmış
milli düşüncə
karvanının öncülləri
sırasında adi insanlarla yanaşı, xalqının elminə, mədəniyyətinə xidmət
edən zəka sahibləri də çoxluq təşkil edir. O insanların tale kitabını vərəqlədikcə tarixin
daş yaddaşından
gələn fəryad
səsləri insanı
dəhşətə gətirir.
Həmin fəryad edənlər arasından bu il anadan
olmasının 130 illiyini
böyük qürur hissi ilə qeyd etdiyimiz folklorçu alim, tarixçi, latın qrafikalı əlifbanın
fəal tərəfdarı
və Yeni Əlifba Komitəsinin üzvü, "Azərnəşr"də
bədii-ədəbiyyat şöbəsinin
redaktoru olmuş Vəli Xuluflu da var.
İctimai-siyasi fəaliyyəti,
elmi-bədii yaradıcılığı
doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi
olan folklorşünas-alim
Vəli Məmmədhüseyn
oğlu Xuluflu
1894-cü il mayın
26-da Şəmkir rayonunun
Xuluf kəndində anadan olub. Molla
yanında yazıb-oxumağı
öyrənir. Hafizəsinə,
gələcəyinə böyük
ümid bəsləyən
əmisi onu özü ilə Gəncəyə aparır,
evinin yaxınlığındakı
molla məktəbinə
qoyur. Burada üç il oxuyandan sonra Vəli Gəncədə təzə açılan
- böyük din xadimi Axund Hüseyn
Pişnamazzadənin rəhbərlik
etdiyi Yelizavetpol (Gəncə) Müsəlman
Ruhani Seminariyasına
(1907) qəbul olunur.
Dərslərini əla
qiymətlərlə oxuması
və çalışqanlığı
ilə müəllimlərinin
diqqətini çəkən
Vəli 1912-ci ildə
seminariyanı əla qiymətlərlə başa
vuranda rəhbərliyin
təklifi ilə məktəbdə qalıb,
azyaşlı azsavadlılardan
ibarət hazırlıq
sinfində müəllim
işləyir. Həmin
vaxtlarda onda ədəbiyyata, folklora, aşıq sənətinə
güclü maraq oyanır.
1913-cü ildə çar
çinovniklərinin təzyiqi
ilə "Mədrəseyi-ruhaniyyə"
müvəqqəti olaraq
bağlanır. 1917-ci ilin
əvvəllərində o, pedaqoji təhsil verən Gəncə Müəllimlər İnstitutuna
daxil olur. İnstitutu bitirdikdən sonra təsadüf elə gətirir ki, göndərişlə
əvvəl çalışdığı
pedaqoji kollektivdə -
yenidən fəaliyyətini
davam etdirən "Mədrəseyi-ruhaniyyə"də aşağı sinif müəllimi təyin edilir. Mədrəsə müəllimliyinin qanadları
altında üzv olduğu "İttihad"
Partiyasından uzaqlaşır.
Dövrün ictimai-ideoloji
mühitinin təsiri ilə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının
(1919) sıralarına qoşulur.
Vəli təhsilli və savadlı olması, ərəb, fars və rus
dillərini bilməsi
və siyasi fəallığı ilə
də böyük nüfuz sahibi idi. Azərbaycan XI qırmızı ordu tərəfindən işğal
olunandan sonra - 1920-ci ildə Azərbaycan K(b)P-nin I qurultayında nümayəndə kimi iştirak edir.
Az sonra Gəncə
Qəza Partiya Komitəsində əvvəl
təlimatçı, sonra
katib vəzifəsində
çalışır, bölgədə
aparılan sovetləşmədə
böyük fəallıq
göstərir, eyni zamanda bolşevik-daşnak
həmrəyliyinin quruculuq
adı altında apardığı soyğunçuluğun
və dinc əhaliyə edilən zülmün qarşısını
almağa çalışır.
Məhz buna görə də Qəza Komitəsinin katibi - mötəbər vəzifə sahibi Vəli Xulufludan bolşevik məmurlar şübhələnir, hər
addımına göz
qoyurdular. Şübhələr
doğru çıxdığından
1921-ci ilin sonlarında
partiya sıralarında
"Təmizləmə əməliyyatı"
aparılanda etimadı
və etibarı itirmiş adam kimi firə üzvlüyündən çıxarılır,
az sonra tutduğu vəzifədən
uzaqlaşdırılır.
Vəli Xuluflu bundan bir neçə
ay sonra - 1922-ci ilin yayında ali məktəblərə
qəbul zamanı Bakıya gəlir, sənədlərini Azərbaycan
Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinə verir.
İmtahanlardan yüksək
qiymət alaraq tələbə adını
qazanır. Tələbəlik
illərində (1922-1927) Yeni
Əlifba Komitəsində
təlimatçı kimi
işə düzəlir.
Paralel olaraq "Bakı fəhləsi"
nəşriyyatı və
"Azərnəşr"in Bədii ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edir.
Azərbaycan SSR Xalq
Maarif Komissarlığında
Universitet və elmi tədqiqat müəssisələri idarəsinin
rəisi və Dövlət Elmi Şurasının sədr
müavini, eyni zamanda SSRİ EA Azərbaycan
şöbəsinin baş
mütəxəssisi olan
V.Xuluflu çox işgüzar, operativ fəaliyyəti ilə diqqətləri cəlb edirdi. O, Yeni Əlifba Komitəsinin üzvü kimi Qazaxıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan
respublikalarında, Krım,
Kazan və digər şəhərlərdə
səfərlərdə olurdu.
Ədəbiyyatşünaslıq, dilçilik və folklorşünaslıq problemlərinin
həlli istiqamətində
əsl söz sahibi hesab edilən
Vəli Xuluflu 1928-ci ildə Bakıda keçirilən saz-söz
sənətinin bayramı
olan Azərbaycan aşıqlarının I Qurultayında
böyük məmnunluqla
iştirak edir, görkəmli aşıqlarla
yaxından tanış
olur, əməkdaşlıq
əlaqələri qurur.
V.Xuluflu 1928-ci ildə
"Tapmacalar" kitabını
nəşr etdirir. Bir il sonra
- 1929-cu ildə Azərbaycan
Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsinə
irəli çəkilir.
Bu elm ocağının
yenidən təşkili
zamanı isə Dil, Ədəbiyyat və İncəsənət
İnstitutuna direktor təyin edilir. Onun rəhbərliyi ilə şifahi xalq ədəbiyyatının
toplanması və nəşri sahəsində
sistemli iş aparılır.
Azərbaycanda "Koroğlu"
dastanının özünəməxsus
söylənmə, toplanma,
nəşr və tədqiq tarixi var. 1920-ci illərin əvvəllərindən Azərbaycan
Tədqiq və Tətəbbö Cəmiyyəti
də "Koroğlu"nun
toplanmasına təşəbbüs
göstərib. Müxtəlif
mətbuat orqanlarında
eposdan nümunələr,
seçmələr, yeni
yazıya alınmış
parçalar çap olunub. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət
göstərənlərdən biri V.Xuluflu olub. Alim 1927-ci ildə "Koroğlu"nun
iki qolunu - "Tokat səfəri" və "Bağdad səfəri"ni, 1929-cu ildə
isə latın qrafikasında Hənəfi
Zeynallının redaktorluğu
ilə "Koroğlu"nun
on qolunu yenidən nəşr etdirib.
V.Xuluflu 43 illik
ömür yolunda respublikada yüksək elmi təfəkkürə
malik bir alim kimi ictimai
fəaliyyətində, folklorşünaslıq
tarixində silinməz
izlər qoyub. Bu cür milli,
elmi, məntiqi düşüncəyə malik
olan alim ötən əsrin 30-cu illər repressiyasından keçə bilməzdi. Milli düşüncə
karvanına qoşulduğu
üçün H.Cavid,
Ə.Cavad, M.Müşfiq,
Salman Mümtaz, Hənəfi Zeynallı və başqalarının
acı taleyini yaşamağa məhkum idi... V.Xuluflu ağlasığmaz bir terrorda günahlandırılır.
Əksinqilabçı, millətçi
təşkilatın üzvü
olmasına dair arayış tərtib edilir və o, həbs olunur. Evində axtarış aparılır, saxta sənədlər tərtib
edilir. Xəbəri olmadığı əməlləri
onun boynuna qoymaq üçün istintaqı aparan Qalstyan alimin həbs olunmasından düz altı ay sonra ağır
işgəncələr verməklə
onun irəli sürülmüş ittihamları
"etiraf etməyinə"
nail olur. 13 oktyabr 1937-ci ildə sədr Matuleviç, üzvlər Zaryanov, Jiqurun iştirakı ilə SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının səyyar
sessiyasında V.Xuluflu
ən ağır cəzaya - güllələnməyə
məhkum edilir. Hökm elə o gecə yerinə yetirilir… Bundan sonra alimin həyat
yoldaşı Fatma Xuluflu da 8 illik
həbs cəzasına
məhkum olunur.
1957-ci ildə F.Xuluflu
barəsində cinayət
işi xitam olunur. Fatma xanımın
müraciətindən sonra
SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının
qərarı ilə Vəli Xuluflu haqqında qərar ləğv edilir və görkəmli tədqiqatçıya bəraət
verilir...
Rəhman SALMANLI,
Azərbaycan.-2024.-
26 may, № 110.- S.19.