Keçmiş hərbi xuntaya növbəti zərbə

 

 

Revanşistlərin etirazları nəticəsiz qalır

 

 

 

Keçmiş hərbi xunta sülh müqaviləsinin imzalanması prosesinin qarşısını almaq  üçün məkrli niyyətlərini aşkarda nümayiş etdirir. Belə ki, xaricdəki siyasi dairələrin ssenarisi əsasında Kanada vətəndaşı olan, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi altında revanşist qüvvələrin Hayastanda keçirdikləri etiraz aksiyaları dünən davam edib.

Şüarlar səsləndirməklə kifayətlənməyən radikallar bütün ölkədə küçələri magistral yolları bağlamağa cəhdlər göstəriblər. Bu təxribatçı hərəkətlərin qarşısını alan ölkə polisi 300-ə yaxın etirazçını saxlayıb. Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi məlumatına görə, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar.

Saxlanılanlar arasında parlamentdəki "Ermənistan" fraksiyasının deputatı Artur Sarksiyan KTMT-nin keçmiş baş katibi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var.

Qalstanyanı daha da hiddətləndirən hadisə ondan bir gün öncə Nikol Paşinyanın "Sardarabat" abidəsini ziyarət etməyi təxirə salmaqla əleyhdarlarının planını pozmasıdır. Çünki səhər saatlarında "Sardarabat" abidəsinə yürüş edən keşiş Baqrat öz tərəfdarları ilə Paşinyanın memorial kompleksə  gəlişini gözləyirdi. Lakin baş nazir həmin tədbirə getməyi təxirə salmaqla orada baş verə biləcək qarşıdurmanı zərərsizləşdirmiş oldu. Bununla da o, taktiki strateji baxımdan vacib addım atdı. Halbuki, Baqrat tərəfdarları "Sardarabat" kompleksində təxribat baş verməsinin toqquşmanın marağında idilər.

Keşiş tərəfdarları memorial komlkeksi tərk edəndən sonra baş nazir Nikol Paşinyan "Sardarabat" abidəsini ziyarət edib. Baş nazir Ermənistan prezidenti parlamentin sədri ilə birlikdə "Sardarabat" abidəsinin önünə gül dəstələri qoyub. Nikol Paşinyan burada çıxış da edib.

Bəzi erməni mənbələrində sosial şəbəkələrdə yayılan məlumatlara görə, ikili vətəndaşlığı olan Baqrat Qalstanyan hazırda Bakıda həbsdə saxlanılan milyarder Ruben Vardanyana yaxın adam hesab olunur. "4rd.am" nəşri yazıb ki, hətta etirazçı keşişi oliqarx Ruben Vardanyanın "səlahiyyətli nümayəndəsi" adlandıranlar da var. Qeyd edilir ki, vaxtilə Rusiyada təlimatlandırılaraq Qarabağa göndərilən, Xankəndidə separatçılara "dövlət naziri" təyin olunan Ruben Vardanyan daha sonra İrəvana yüksək posta transfer olunacağı anı gözləyirdi. Lakin Vardanyanın planlarını pozan Nikol Paşinyan buna imkan vermədi. İndi Baqrat Hayastanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Bu məsələdə erməni diasporunun bir sıra erməni adamlarının keşiş Qalstanyana dəstək verdiyi bildirilir.

Bu arada revanşist politoloq Stepan Danielyan deyib ki, beynəlxalq nizama görə, legitim hökumət təhdid olunarsa, başqa ölkənin silahlı qüvvələrini daxili düşmənlərdən müdafiəyə çağıra bilər. Qeyd edilib ki, indiki baş nazir istefa verməməklə Hayastanı işğal təhlükəsi altına qoyur: "Bu açıqlama həm hazırkı rejimin əsl sponsorlarının kim olduğunu göstərir. Biz hüquqi sahəyə girməliyik indiki baş nazir artıq məqbul olmadığını, vaxtının bitdiyini başa düşərək qanuni şəkildə istefa verməlidir".

Beləliklə, proseslərin gedişi qarşıdakı dövr ərzində davam edəcək etirazlar fonunda Hayastanda vəziyyətin daha da qarışacağını deməyə əsas verir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 30 may, № 112.- S.16.