Şotlanlı kəndində 606
ailə qeydiyyatda olub
Prezident
Ağdamda daha dörd kəndin
təməlini qoydu
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də
Ağdam rayonunun Şotlanlı kəndinin təməlini qoyub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısına layihə
barədə məlumat verilib.
Qeyd olunub ki,
Şotlanlı kəndində yaşayış təxminən
XIX əsrin ortalarına təsadüf edir. Sakinlər buraya
Qubadlı rayonunun Zilanlı kəndindən köç ediblər.
Kənddə 606 ailə - 2542 nəfər rəsmi qeydiyyatda
olub. Əhalinin əsas məşğuliyyəti əkinçilik,
üzümçülük, baramaçılıq və
heyvandarlıq olub. İşğal dövrünə qədər
kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi,
mədəniyyət evi, kitabxana, maşın-traktor parkı, kənd
təsərrüfatı məhsullarının anbarı, ərzaq
mağazası və üzüm bağları fəaliyyət
göstərib.
Bildirilib ki,
Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə
edəcək bu kəndin layihələndirilən ərazisi
197,4 hektardır. Buraya 3 min nəfərin
köçürülməsi nəzərdə tutulur. Bunun
üçün 750 ev tikiləcək. Birinci mərhələdə
layihələndirilən ərazi 51 hektardan çoxdur və
buraya 205 ailənin köçürülməsi
planlaşdırılır. Tikiləcək 205 evin 41-i
ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı
və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik
məktəb binası, 90 yerlik uşaq bağçası,
tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana,
qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi,
inzibati bina, məişət xidməti obyekti, kənd
meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə
deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman
meydançası, 35 kV-luq paylayıcı qurğu
yaradılacaq.
Prezident
İlham Əliyev Şotlanlı kəndinin təməlini
qoyub.
Azərbaycan.-2024.-
30 may, № 112.- S.3.