Azərbaycan Prezidenti: "10 ilə ölkədə bərpaolunan
enerjidən maksimum dərəcədə istifadə
etməyi planlaşdırırıq"
“İlham
Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin
çapdan yeni çıxmış 135-ci kitabı
çapdan çıxıb
Azərbaycanın
bərpaolunan enerji layihələri gündəliyi çox
iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının
hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan
sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu
mühüm yolu qət etməyə başlamışıq.
Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən
maksimum dərəcədə istifadə etməyi və daxili
bazarda təbii qaz istehlakını azaltmağı
planlaşdırırıq.
AZƏRTAC xəbər
verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir”
çoxcildliyinin çapdan yeni çıxmış 135-ci
kitabında yer alan bu fikirləri dövlətimizin
başçısı 2024-cü il martın 1-də Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət
Şurası çərçivəsində nazirlərin 2-ci
iclasları zamanı “Euronews” televiziyasına müsahibəndə
söyləyib. Müsahibənin tam mətni ilə
çoxcildliyin yeni kitabında tanış olmaq
mümkündür.
Kitabda toplanmış
materiallar 2024-cü ilin
mart-aprel aylarını
əhatə edir.
Nəşrdə Azərbaycanın
dövlət müstəqilliyi
dövründə ilk dəfə
respublikamızın bütün
ərazisində keçirilmiş
prezident seçkilərində
qazandığı qələbə
münasibətilə Prezident
İlham Əliyevə göndərilmiş
təbrik məktubları
verilib.
Çoxcildliyin 135-ci kitabında
dövlətimizin başçısının
Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində
nazirlərin 10-cu və
Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində nazirlərin 2-ci iclaslarında
iştirak edən bir sıra yüksəkvəzifəli
şəxslər ilə
görüşlərinə dair informasiyalar toplanıb.
Prezident İlham Əliyev
mart ayında, həmçinin
Azərbaycana dövlət
səfəri etmiş
Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart
Tokayev ilə görüşüb,
Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın
birinci iclasında çıxış edib,
səfər çərçivəsində
sənədlər imzalanıb,
iki ölkənin prezidentləri birgə mətbuata bəyanatlarla çıxışlar ediblər.
Bütün bunlarla, eləcə də dövlət səfəri
çərçivəsində Füzuli rayonuna gedən Qazaxıstan Prezidentinin orada Azərbaycan Prezidenti tərəfindən qarşılanmasına
və iki ölkənin liderlərinin
Füzuli şəhərində
iştirak etdikləri
tədbirlərə, habelə
birgə Şuşa şəhərinə səfərlərinə
dair materiallarla yeni kitabda tanış olmaq mümkündür.
Mart ayının mühüm hadisələrindən biri
də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin himayəsi
altında və Nizami
Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı
ilə “Parçalanmış
dünyanın bərpası”
mövzusunda XI Qlobal Bakı Forumunun keçirilməsi olub.
Yeni nəşrə dövlətimizin
başçısının Forumda çıxışının
mətni və bu tədbirdə iştirak etmək üçün Azərbaycana
gəlmiş beynəlxalq
təşkilatların rəhbərləri,
yüksəkvəzifəli şəxslərlə görüşləri
haqqında məlumatlar
da daxil edilib.
Oxucu bu kitabda Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Türkiyə Respublikasının
Prezident Administrasiyasının
Müdafiə Sənayesi
Komitəsinin sədri
Haluk Görgün, Rusiya
Federasiyası Hökumətinin
sədri Mixail Mişustin, Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen
Dimitrov Jelyazkov, Gürcüstanın
Baş naziri İrakli Kobaxidze,
NATO-nun Baş katibi Yens Stoltenberq,
Konqo Respublikasının
Prezidenti Deni Sassu-Nqesso
ilə keçirdiyi görüşlərə dair
materiallarla da tanış
ola bilər. Dövlətimizin
başçısının Rusiya Federasiyasına işgüzar səfəri
çərçivəsində Rusiya Prezidenti ilə, eləcə də iki ölkənin
dövlət başçılarının
Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir
yolu sahəsinin veteranları və işçiləri ilə
birgə görüşlərinə
dair informasiyalar da bu kitabda verilib.
Yeni kitaba dövlətimizin başçısının 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
Azərbaycan qadınlarına
təbrikinin, Novruz bayramı
münasibətilə Xankəndi
şəhərində tonqal
başından Azərbaycan
xalqına müraciətinin
və Ramazan bayramı
münasibətilə Azərbaycan
xalqına təbrikinin
mətnləri də daxil edilib.
Aprel aynın mühüm hadisələrində biri
ADA Universitetində keçirilmiş
“COP29 və Azərbaycan
üçün Yaşıl
Baxış” Forumu olub. Dövlətimizin başçısı Forumda
iştirak edib və çoxsaylı sualları cavablandırıb.
Bu materialların bir qismi 135-ci kitaba daxil edib, həcm
baxımından geniş
olan Forumun materiallarının digər
hissəsinin isə
136-cı kitaba salınması
nəzərdə tutulur.
Bu nəşrdə, həmçinin
dövlətimizin başçısının
aprel ayında Hacıqabul, Qəbələ
rayonlarına, Gəncə
şəhərinə səfərləri
haqqında materiallarla
da tanış olmaq mümkündür.
“Azərnəşr”
tərəfindən buraxılan
135-ci kitabın hazırlanmasında
Azərbaycan Dövlət
İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Azərbaycan.-2024.- 30 may, ¹ 112.- S.11.