Xocalıya qayıdış uğurlarımızın zirvə nöqtəsidir

 

 

"Prezident İlham Əliyev əlamətdar günləri həmişə xalqın arasında keçirir. Vətən müharibəsindən sonra isə belə günlərdə işğaldan azad edilmiş ərazilərimizə səfər edir. Dövlət başçısının 28 May - Müstəqillik Günündə Xocalıya səfəri xalqımıza əsl bayram təbriki oldu. Bu əlamətdar gündə Xocalıya Böyük qayıdışın başlaması hər birimizə sevinc bəxş etdi".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib. Deputat qeyd edib ki, Xocalı bizim qan yaddaşımızda xüsusi yeri olan bir şəhər olduğuna görə oraya qayıdış həqiqətən çox möhtəşəm təkrarolunmaz hadisədir: "Azərbaycanlıların ən böyük soyqırımı erməni silahlı qüvvələri tərəfindən məhz Xocalı şəhərində törədilib. Ona görə Xocalı bizim üçün xüsusi sentimental dəyərə malikdir. Bu gün biz Xocalıya geri dönməklə haqq-ədaləti bərpa etdik. Xocalılıların əbədi olaraq öz doğma torpaqlarına geri dönmələri düşmənə göz dağı oldu. Xocalıda şəhid edilmiş 613 nəfər azərbaycanlının qanı yerdə qalmadı. Şükürlər olsun ki, biz öz doğma yerlərimizə başımız dik, alnımız açıq geri dönə bildik".

Deputat söyləyib ki, Xocalı şəhərinin qısa vaxtda bərpa edilməsini görmək qürurvericidir. Bu bir daha onu göstərir ki, düşmənlərimiz Qarabağa, Xocalıya artıq heç vaxt xor baxa bilməyəcəklər: "Soydaşlarımız tarixi ədalətin bərpa edildiyi, şəhidlərimizin qanının yerdə qalmadığı Azərbaycanın yeni bir müstəvidə dünyaya öz maraqlarını diktə etdiyi bir dövrdə Xocalıya geri qayıdır. Bu, həm Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqımıza yaşatdığı uğurların zirvə nöqtəsidir. 32 il əvvəl 613 nəfərin şəhid olması, onların qohum-əqrəbalarının yaşadığı travmalar, psixoloji gərginliklər, min-bir məşəqqətlər sevinc, qələbə müvəffəqiyyətlə əvəz edildi".

 Tural Gəncəliyev vurğulayıb ki, Prezident hər zaman olduğu kimi, yenə vədinə əməl etdi. Əvvəlki çıxışlarında bəyan etdiyi "Gün gələcək Xocalıda görüşəcəyik" vədini reallaşdırdı. Dövlət başçısı həmçinin Xocalıda törədilmiş vəhşiliklərlə bağlı Ermənistanın üzr istəməli olduğunu xüsusi qeyd etdi. Müsahibimiz deyib ki, bu gün sürətlə bərpa edilən Qarabağ Şərqi Zəngəzur öz doğma sakinlərinə qovuşmağın sevincini yaşayır. Gün gələcək keçmiş məcburi köçkünlər digər yaşayış məntəqlərimizə, eləcə Xankəndiyə qayıdacaqlar. Nəhayət, işğaldan azad edilmiş torpaqlarımızda firavan həyat hökm sürəcək.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 30 may, № 112.- S.14.