Xocalıya qalib kimi qayıdırıq

 

 

"44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurduqdan sonra işğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış prosesinə başlanılıb. Artıq Laçın, Füzuli, Zəngilan rayonlarında, Şuşa şəhəri Talış kəndində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin olunub". 

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat bildirib ki, sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərindən sonra  ərazilərimiz işğalçılardan, separatçılardan tamamilə təmizləndi. Həmin ərazilərimizdə elə həmin vaxtdan Prezident İlham Əliyevin rəhbərliyi altında bərpa-quruculuq işlərinə başlanıldı. Artıq yaşayış üçün hazır olan ərazilərimizə tədricən köç edilir. "Müstəqillik Günümüzdə Xocalıya da ilk 20 ailənin qayıdışı baş tutdu. Artıq xocalılılar doğma yurda qayıtdılar bu, davamlı olacaq. Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə məlum oldu ki, Xocalıda hazırda yaşayış üçün 15 çoxmənzilli bina var. Digərləri hazırlanır. Ötən gün Xocalıya növbəti köç karvanı yola düşdü, ümumilikdə 44 ailə burada məskunlaşıb", - deyə deputat əlavə edib.

Xocalıdan öncə Şuşaya köçün baş tutduğunu xatırladan E.Məmmədov bildirib ki, sentyabrda isə Xankəndiyə qayıdış başlayacaq. Yəni işğaldan azad olunmuş bütün ərazilərimizə Böyük qayıdış mərhələli şəkildə davam edir. Prezidentin rəhbərliyi altında 2026-cı ilə qədər 140 min nəfərdən çox keçmiş məcburi köçkün doğma yurd-yuvalarına qayıdacaq. Bu proses sürətlə davam edəcək.

Deputat vurğulayıb ki, sevincli, qürurverici, fəxr ediləsi günlər yaşayırıq: "Biz xocalılılar, şuşalılar, ağdərəlilər, xankəndililər bu ərazilərdən məğlub olaraq çıxmışdıq. Ancaq indi o ərazilərə qalib kimi qayıdırıq. Düşmən, işğalçılar üzərində qəti qələbə çalmışıq, ərazilərimizi terrorçulardan tam təmizləmişik. Böyük ruh yüksəkliyi ilə doğma yurd-yuvamıza qayıdırıq. Bunun üçün təbii ki, şəhidlərimizə, hərbçilərimizə, xalqımıza, dövlətimizə, ordumuza rəhbərlik edən cənab Prezidentimizə, Müzəffər Ali Baş Komandanımıza minnətdarıq".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 30 may, № 112.- S.15.