Kanaklar Makronun vədlərinə inanmırlar

 

 

Yeni Kaledoniyada etirazlar davam edir

 

 

 

Yeni Kaledoniyanın Fransadan ayrılması tərəfdarlarının etirazları davam edir. Beşinci respublikanın  "xüsusi inzibati-ərazi qurumu" adlandırılan, əslində isə müstəmləkəsi olan bu adalar qrupu Avstraliyanın şərqində, Sakit okeanın cənubunda yerləşir. Əhalisi 270 min nəfərdir ki, onlardan da 40 faizi  yerli kanak xalqıdır.

 Arxipelaq 1774-cü ildə məşhur ingilis dənz səyyahı Ceyms Kuk tərəfindən kəşf edilib. Bundan sonra orada avropalı müstəmləkəçilər peyda olmağa başlayıb. Fransa 1853-cü ildə bu əraziləri öz mülkü elan edib. 1998-ci ildə Paris Numea Yeni Kaledoniyada 20 ildən sonra adaların gələcəyi ilə bağlı üç referendumun keçiriləcəyi ilə bağlı saziş imzalayıblar. İlk iki plebissitdə müstəqillik  tərəfdarları cüzi fərqlə məğlub olmuş, koronavirus epidemiyası dövründə keçirilən üçüncü referendum isə kanaklar tərəfindən boykot  edilmişdi. Yeni Kaledoniya müəyyən muxtariyyətə malikdir, lakin eyni zamanda təhsil, müdafiə məsələlərində Parisdən asılıdır. Fransanı burada beşinci respublikanın prezidenti tərəfindən təyin olunan ali komissar təmsil edir. İcra hakimiyyəti yerli hökumətin əlindədir.

Bütün hay-küy arxipelaqda Numeadakı dinc müstəqillik tərəfdarları nümayişinin talanlara çevrilməsi ilə başlayıb. Onlarla mağaza, aptek və yanacaqdoldurma məntəqəsi yandırılıb və qarət edilib. Toqquşmalarda 7 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 240 nəfər saxlanılıb.

O vaxtdan bəri adalarda həm dinc etirazlar, həm də polislə toqquşmalar, qırğınlar və yanğınlar davam edir. Mayın 15-də elan edilən fövqəladə vəziyyət rejimi ayın 27-də ləğv olunsa da, Numeada və digər ərazilərdə müstəqillik tərəfdarlarının aksiyaları səngimir. İğtişaşlara səbəb Yeni Kaledoniyada on ildən artıq yaşayanların yerli seçkilərdə səs verə biləcəyi Fransa konstitusiya qanunu layihəsi olub. Ancaq indi yalnız 1998-ci ildə Fransadan ərazilərə əhəmiyyətli muxtariyyət verən Numea Sazişinin imzalanması zamanı seçici siyahılarına daxil edilmiş şəxslər və onların uşaqları arxipelaqda səs vermək hüququna malikdir. Bu qanun Yeni Kaledoniyanın müstəqillik tərəfdarlarını qəzəbləndirib. Kanaklar, seçicilərin son 10 ildə arxipelaqa köçmüş avropalıları - kaldoşları da əhatə edəcək şəkildə genişləndiriləcəyi təqdirdə, azlıqda qalacaqlarından ehtiyat edirlər. Mayın 14-də qanun layihəsi Fransa Milli Assambleyası (aşağı palata) tərəfindən təsdiqlənib. Sənəd hər iki palatanın bu il iyulda Versalda keçiriləcək birgə iclasında təsdiqlənməlidir. Beləliklə, beşinci respublika parlamentinin aşağı palatasında səsvermə ərəfəsində adalarda etirazlar başlayıb.

Ekspertlərin fikrincə, Parisin Yeni Kaledoniyada baş verənlərə reaksiyası bu ərazinin Fransa üçün əhəmiyyətini göstərir. Birincisi, arxipelaqda dünyanın ən böyük nikel yataqlarından biri yerləşir. İkincisi, xarici ərazilər beşinci respublikaya müstəsna iqtisadi zonaya sahib olmağa imkan verir. Üçüncüsü, onların sayəsində Fransa Asiya-Sakit okean regionunun daxili proseslərində iştirak edərək, geosiyasi təsirini genişləndirə bilər. Bu ərazi həm də Paris üçün  Asiya-Sakit okean regionunda Çin və ABŞ arasında artan qarşıdurma fonunda strateji əhəmiyyət kəsb edir. Fransa Vaşinqtondan Avropanın strateji muxtariyyətini müdafiə edərək özünü dünya səhnəsində müstəqil oyunçu kimi göstərməyə çalışır.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər üzrə Milli Tədqiqat İnstitutunun analitiki Pavel Timofeyev qeyd edir ki, Fransanın xarici ərazilərində yerli əhali ilə gəlmələr arasında fərqlər də daxil olmaqla, böyük daxili problemlər var: "Yeni Kaledoniyada həyat standartları baxımından cəmiyyətin ciddi təbəqələşməsi müşahidə olunur - buraya gələn ağdərili fransızlar daha yaxşı vəziyyətdədir, yerli əhali isə daha pisdir. Kanaklar qorxurlar ki, arxipelaqa ağ təbəqənin əlavə olunması yerli əhaliyə qarşı ayrı-seçkiliyi artıracaq və zaman keçdikcə onların öz vətənlərində azlığa çevrilməsinə gətirib çıxaracaq". Ekspert qeyd edir ki, bu vəziyyətdən çıxış yolunu təsəvvür etmək çətindir: "Makron etiraz liderləri ilə danışmağa çalışdı, lakin buna məhəl qoyulmadı. İndi Fransa təhlükəsizlik qüvvələrini ora köçürür və hadisələrin sonrakı inkişafı aydın deyil. Ya ordu dəmir nizam quracaq, hətta qan da töküləcək, ya da dialoq yolu zəfər çalacaq. Burada vacib məqam ondan ibarətdir ki, Fransa parlamentinin islahatı hələ qüvvəyə minməyib, qanunverici orqanın hər iki palatası səviyyəsində təsdiqlənməlidir, bundan sonra o, konstitusiya xarakteri alacaq. Bu ana qədər kompromis tapmaq üçün vaxt var".

Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun aparıcı elmi işçisi Sergey Fyodorov isə hesab edir ki, Emmanuel Makron üçün həll yolu tapmaq çətin olacaq, çünki  o, bir tərəfdən konstitusiya islahatları vəd edib, digər tərəfdən isə kanaklarla ortaq dil tapmağın lazım olduğunu söyləyb. Üstəlik, bu, əlbəttə ki, Makronun imicinə zərbədir. Onsuz da ölkə daxilində vəziyyət hazırda yaxşı deyil. Bundan əlavə, ekspert Avropa seçkiləri ərəfəsində, sorğulara əsasən, Makronun əsas rəqibi Marin Le Pendən geri qalmasına diqqət çəkib: "Avropanın siyasi suverenliyi, strateji muxtariyyəti ideyası üzərində bu qədər mübarizə aparan Makron üçün bu, sadəcə, siyasi şillə olacaq... Bütün bunlara baxmayaraq, o, bu seçkini acınacaqlı şəkildə Marin Le Penə uduzacaq. Hələlik hər şey buna doğru gedir".

Eyni zamanda bütün ekspertlər razılaşırlar ki, Azərbaycan hekayəsi daha çox diqqəti Bakıya və onun vəziyyətə təsirinə yönəltmək üçün bir addımdır. Sadəcə olaraq, Fransa hakimiyyəti dünya ictimaiyyətinin diqqətini situasiyaya müdaxilə edən şərti xarici qüvvəyə yönəltmək üçün məlum texnikadan istifadə edir və informasiya hücumu həyata keçirir.

Keçən həftə arxipelaqı ziyarət edən prezident Makron adadakı siyasi partiyalara yerli seçkilər üçün islahatla bağlı razılığa gəlmək üçün bir neçə həftə vaxt verib. Bununla belə, adada iğtişaşlar dayanmayıb.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2024.- 30 may, № 112.- S.16.