Petr Fiala COP29-un yüksək səviyyədə təşkil
olunduğunu vurğuladı
Prezident İlham Əliyev Çex Respublikasının
Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də
Çex Respublikasının
Baş naziri Petr Fiala ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, COP29 tədbirinə dəvətə
görə minnətdarlığını
ifadə edən Petr Fiala Azərbaycana
ilk dəfə səfər etməsindən
məmnunluğunu bildirdi.
Çex Respublikasının
Baş naziri COP29-un yüksək səviyyədə
təşkil olunduğunu
vurğuladı və
bununla bağlı dövlətimizin başçısını
təbrik etdi. O, COP miqyasında tədbirin belə bir qısa
müddətdə təşkil
edilməsinin heç
də asan olmadığını vurğuladı.
Qonaq qeyd etdi ki, tədbirin
açılış mərasimində
Azərbaycan mədəniyyətini
əks etdirən çox gözəl təqdimat nümayiş olunub.
Dövlətimizin başçısı
Azərbaycan tərəfindən
COP29-a hazırlıq tədbirlərinin
qısa müddət ərzində yüksək
səviyyədə həyata
keçirildiyini və
digər COP sədri ölkələrindən fərqli
olaraq, bizim hazırlıq üçün
çox az vaxtımızın olduğunu
vurğuladı.
Tədbirin mahiyyəti
üzrə aparılan
danışıqlar prosesində
artıq irəliləyişlərin
əldə olunduğunu,
qısa müddət ərzində gündəliyin
razılaşdırıldığını
deyən Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, 10 ildən çoxdur müzakirələrin aparılmasına
baxmayaraq, Paris Sazişinin
karbon ticarəti üzrə 6-cı maddəsi
ilə bağlı indiyədək irəliləyişlər
əldə olunmamışdır.
Ancaq dünən məhz Bakıda bununla əlaqədar müvafiq irəliləyişlərin
olduğunu vurğulayan
dövlətimizin başçısı
bunu müsbət addım kimi qiymətləndirdi.
Prezident İlham
Əliyev 2022-ci ildə
Avropa Siyasi Birliyi çərçivəsində
Çex Respublikasına
səfərini məmnunluqla
xatırladı.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.8.