Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

 

Noyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın perspektivləri, ölkəmizin COP29 sədrliyi, mövcud təşəbbüs prioritetlər müzakirə olunub.

Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.

İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirilməsi müzakirəsi istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov sədrlik prosesimizin bir çox ölkələr, o cümlədən Kolumbiya ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarımızı genişləndirdiyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2024.- 13 noyabr (№ 249).- S.11.