COP29 iştirakçılarının
sağlamlığı da
diqqət mərkəzindədir
Azərbaycan dünyanın
ən mötəbər
və irimiqyaslı beynəlxalq tədbirlərindən
biri olan BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına - COP29-a evsahibliyi
edir. Tədbirin məhz ölkəmizdə
keçirilməsi Azərbaycanın
beynəlxalq arenada artan nüfuzunun bariz nümunəsidir.
Belə kütləvi
tədbirlər zamanı
ölkəyə on minlərlə xarici qonaq və turist
gəlir. Təbii ki, belə tədbirlər
zamanı insanların
sağlamlığının mühafizəsi və tibbi xidmətlərin təşkili də diqqət mərkəzində
olur. COP29-la əlaqədar
TƏBİB tərəfindən zəruri tibbi xidmətlər təşkil
edilib. Qurumun tabeliyində fəaliyyət
göstərən tibb
müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələr
zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib.
Bir müddət
əvvəl TƏBİB-in
icraçı direktoru
Vüqar Qurbanov bununla bağlı brifinqdə bildirmişdi ki, Yeni Klinikanın
Təcili və təxirəsalınmaz tibbi
yardım, uşaq təcili tibbi yardım, stasionar, reanimasiya şöbələri
və əməliyyatxanası
tibbi xidmətə zərurət ehtimalını
nəzərə alaraq
tədbir üçün
ayrılıb. Yoluxucu
xəstəliklər üçün
Sabunçu Tibb Mərkəzinin nəzdində
fəaliyyət göstərən
Məhəmmədi modul
tipli xəstəxanada
4-ü reanimasion olmaqla,
ümumilikdə 14 çarpayı,
böhran vəziyyətləri
üçün 100-ü reanimasion
çarpayı olmaqla,
ümumilikdə 370 çarpayı ayrılıb.
Mərkəzi Neftçilər
Xəstəxanasında bütün
zəruri tibbi avadanlıqlarla təchiz olunmuş Yanıq şöbəsi yaradılıb.
Zəhərlənmə ehtimalları
üzrə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində
müvafiq tibbi xidmətin göstərilməsi
üçün yerlər
ayrılıb.
Bunlarla yanaşı,
COP29-un bütün ziyarətçiləri
tədbir məkanında
ilk və təcili tibbi yardım xidmətlərindən
yararlana bilərlər. "mavi zona"da yerləşən
ilk tibbi yardım otaqları səhər saat 08:00-dan axşam saat 22:00-a kimi fəaliyyət göstərir. Tibbi yardım otaqlarından biri isə həftənin
7 günü 24 saat ərzində xidmət edəcək. Təcili tibbi yardım xidməti isə gecə saatlarında da təmin olunur.
Mövzu ilə
bağlı qəzetimizə
açıqlama verən
həkim-infeksionist Əminə
İsmixanova bildirdi ki, hazırda o da COP29-da təcili və təxirəsalınmaz
tibbi yardım məqsədilə tədbirin
keçirildiyi ərazidədir:
"Mən və həmkarlarımız neçə
müddət idi ki, bu qlobal
tədbirə hazırlaşırdıq.
Bu müddət ərzində bilik və bacarıqlarımızın,
habelə dil bilgilərimizin artırılması
məqsədilə müxtəlif
yüksəksəviyyəli təlimlər keçmişik.
COP29 ölkəmizdə keçirilən
ilk irimiqyaslı tədbirdir. Buna uyğun olaraq digər müvafiq qurumlar kimi tibb
heyəti də gücləndirilmiş iş
rejimində işləyir".
Həkim-infeksionist bildirib
ki, mövsümlə
əlaqədar və son zamanlar xarici
vətəndaşların ölkəmizə
artan axınını
nəzərə alsaq,
virus infeksiyalarının
yayılması normal haldır: "Əsas məsələ zamanında
düzgün müdaxilə
edib, lazımi tədbirlər görüb
vəziyyətin qəlizləşməsinin
qarşısını almaqdır.
Artıq bizim COVID-19 təcrübəmiz var. Lakin vaksin və
formalaşmış təbii
immunitet sayəsində
dünya üçün
bu xəstəlik indi təhlükəli deyil. Virus infeksiyalarına
gəldikdə isə
hər hansı simptomlar göründüyü
halda xəstələr
dərhal müayinə
olunur və lazım gəldikdə stasionar müalicəyə
cəlb edilirlər. Şükür ki, ölkəmizdə indiyədək
bu kimi tədbirlərdə
hər hansı neqativ hallar müşahidə olunmayıb".
Əminə İsmixanova
bildirib ki, mehmanxana, qonaq evləri və digər ictimai iaşə obyektlərində
də epidemik xəstəliklərin yayılmasının
qarşısını almaq
üçün mütəmadi
olaraq dezinfeksiya işləri aparılır.
"Əgər insan özünü xəstə
hesab edirsə, infeksiyaların əlamətləri
varsa, özünü
təcrid etməlidir.
Üç gündən
artıq davam edən yüksək hərarət, ümumi zəiflik, boğaz və oynaq ağrıları
kimi əlamətlər
müşahidə edilərsə,
dərhal ailə həkimi ilə əlaqə saxlamalı, müalicəyə cəlb
olunmalıdırlar. Hazırda
poliklinikalarda qrip əleyhinə peyvəndlənmə
davam etdirilir ki, bu da
COP29 tədbiri zamanı
vətəndaşlarımız arasında qrip xəstəliklərinin ağırlaşmalarının
və yayılmasının
qarşısının alınmasına
kömək edəcək.
Mütəxəssislərin məsləhətlərinə riayət
edildiyi təqdirdə
virus infeksiyalarına yoluxanların sayında artım müşahidə
edilməyəcəyindən əminik", - deyə həkim-infeksionist vurğulayıb.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.- 13 noyabr
(№ 249).- S.15.