COP29 Azərbaycanın
qlobal nüfuzunun göstəricisidir
Bu, tədbirdə iştirak edən dünya liderlərinin ümumi fikridir
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasını (COP29) dünya yüksək qiymətləndirir. Bunu ən çox COP29-da iştirak edən dövlət başçılarının,
rəsmi şəxslərin
və digər hörmətli qonaqlarımızın
çıxışlarında, müsahibələrində, Prezident
İlham Əliyevlə
görüş və
söhbətlərində aydın
görürük.
"Ötən ilin
dekabrında təxminən
200 ölkənin yekdil
qərarı ilə Azərbaycana COP29-a evsahibliyi
etmək şərəfi
verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti,
beynəlxalq arenada oynadığımız fəal
rolun dəyərləndirilməsi
kimi görürük."
Bu, Prezident İlham Əliyevin sözləridir. Dövlətimizin
başçısı Liderlər
Sammitinin açılış
mərasimində çıxış
edərkən həmçinin
diqqətə çatdırmışdır
ki, 196 ölkədən
gəlmiş 72 min iştirakçı qeydiyyatdan
keçib: "Onların
sırasında 80 prezident,
vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!"
İndi isə
ali qonaqların fikir, rəy və ürək sözlərinə diqqət
yetirək. BMT-nin Baş katibi Antonio Quterreş tədbirin tribunasından bütün dövlət nümayəndələrinə müraciət etdi: "Artıq itirməyə vaxtımız qalmayıb.
İnsanlar, dövlətlər
iqlim dəyişmələrinə
qarşı mübarizə
üçün vəsait
ayırmalıdırlar. Əks
halda, bu, bəşəriyyətə baha
başa gələcək.
İqlim maliyyələşməsi
xeyirxah əməl deyil, bu, bir
investisiyadır. Bu, ixtiyari məsələ deyil, məcburi məsələdir. Hər
ikisi əvəzolunmaz
tədbirdir, bunlar bəşəriyyətin gələcəyi
və firavanlığı
üçün lazımdır…
COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını
əliboş tərk etməməlidir". BMT-nin Baş katibi əmin olduğunu da bildirdi ki, buna birlikdə
nail olunacaq.
Qardaş türk
dövlətlərinin liderləri
COP29-un yüksək səviyyədə
təşkili və gedişindən məmnunluqlarını
ifadə etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin
başçısına COP29-un uğurla keçirilməsi
ilə bağlı təbriklərini çatdırdı
və Azərbaycanın
qısa müddət ərzində belə bir möhtəşəm tədbirə mükəmməl
hazırlığını yüksək qiymətləndirildiyini
bildirdi. Həmçinin
vurğuladı ki, Prezident İlham Əliyev Liderlər Sammitinin açılış
mərasimində çox
məzmunlu çıxış
edib. Türkiyə Prezidenti tədbir çərçivəsində təşkil olunan mədəni təqdimatın
da nəfis qaydada hazırlandığını
diqqətə çatdırdı.
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev Azərbaycan, Qazaxıstan və Özbəkistanın
dövlət başçılarının
üçtərəfli görüşü
zamanı dedi: "Əvvəlcə, Birləşmiş
Millətlər Təşkilatının
İqlim Sammitinin uğurla keçirilməsi
münasibətilə hörmətli
İlham Heydər oğlunu bir daha təbrik etmək istərdim. Biz hamımız gördük ki, bu, Azərbaycanın nüfuzunun tanınmasıdır.
Regionumuzda ilk dəfədir ki, belə möhtəşəm
tədbir keçirilir
və bu, Azərbaycanın qlobal miqyasda ən yüksək nüfuzunun bariz göstəricisidir."
"Mən Azərbaycanı
sülh naminə iqlim təşəbbüsünün
bir hissəsi kimi qiymətləndirilən
COP29-un prezidenti kimi görməkdən çox
məmnunam". Bunu isə yaxın qonşumuz Gürcüstanın
Baş naziri İrakli Kobaxidze deyib və COP29-u belə dəyərləndirib:
"Bu tədbir əlamətdar hadisədir,
çünki Cənubi
Qafqaz regionu ölkəsi ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
İştirakçılarının Konfransına evsahibliyi edir. Azərbaycana bu istiqamətdə səmərəli və iddialı nəticələrin
əldə edilməsində,
danışıqlar prosesində
əməkdaşlıq və
konstruktiv dialoq ruhunun təşviqində
uğurlar arzulamaq istərdim. Bu konfrans kritik bir vaxta təsadüf
edir, çünki iqlim dəyişikliyi çağımızın ən
aktual problemlərindən
biri kimi ortaya çıxır və onun çoxşaxəli
nəticələrini həll
etmək üçün
təcili qlobal fəaliyyət və əməkdaşlıq tələb
edir".
Malayziyanın
paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq
icraçı direktoru
xanım Maimuna Mohd Şərifin fikirləri də maraq doğurur . O, dövlətimizin başçısına müraciətlə
demişdir: "Cənab
Prezident, COP29-a Azərbaycanda,
Bakıda evsahibliyi etdiyinizə görə təşəkkür edirəm.
Siz həqiqətən
də öz rəhbərliyiniz və liderliyinizlə hamını
sülhün vacibliyinə
inandırdınız. Sülh
olmadan dayanıqlı
inkişaf barədə
danışmaq mümkün
deyil. Dayanıqlı inkişaf olmadan da biz sülhü
yarada bilmərik. Mən Azərbaycana Dayanıqlı İnkişaf
Məqsədlərinə verdiyi
töhfələrə görə
təşəkkür edirəm".
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Baş naziri Kir Starmer Prezident
İlham Əliyevi
COP29-un Azərbaycanda keçirilməsi
və ölkəmizin
bu tədbirə sədrliyi münasibətilə
təbrik edib. İqlim dəyişmələri
məsələlərinin Britaniyanın
gündəliyində vacib,
prioritet məsələlərdən
olduğunu deyən baş nazir Azərbaycan tərəfindən
qlobal iqlim dəyişmələri ilə
mübarizəyə verilən
töhfənin təqdir
olunduğunu vurğulayıb.
COP29-un plenar iclasında
çıxış edən
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə
"Əziz Qardaşım"
deyə müraciət
etdiyi Prezident İlham Əliyevə təbrikini çatdırıb.
Baş nazir əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək.
Çex Respublikasının
Baş naziri Petr Fiala da
COP29-un yüksək səviyyədə
təşkil olunduğunu
vurğulayıb və
bununla bağlı dövlətimizin başçısını
təbrik edib. O, COP miqyasında tədbirin belə bir qısa
müddətdə təşkil
edilməsinin heç
də asan olmadığını vurğulayıb
və qeyd edib ki, tədbirin
açılış mərasimində
Azərbaycan mədəniyyətini
əks etdirən çox gözəl təqdimat nümayiş olunub.
Bu rəylər
siyahısını xeyli
uzatmaq da mümkündür. Bununla
yanaşı, qeyd edilməlidir ki, ən çox "ürəyi dolu olan" iqlim dəyişmələrindən daim əziyyət çəkən kiçik
ada dövlətləridir.
Millətlər Birliyi
təşkilatının (Commonwealth)
Baş katibi Patrisia Skotlend həmin birliyin 56 üzvündən 25-nin inkişaf
etməkdə olan ada dövləti olduğunu qeyd etdi: "Onlar böyük çağırışlarla
üzləşir. Onlar
iqlim dəyişmələrinin
intensivləşməsinə yüksək dərəcədə
həssasdırlar. Bu,
fiziki baxımdan daha az ərazi
deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir.
Bütün bunlar onların müqavimət gücünü zəiflədir.
Bu səbəbdən kiçik ada dövlətlərinə verilən
prioritet birlik proqramımızın əsasını
və beynəlxalq sistemdə fəaliyyətimizin
özəyini təşkil
edir".
Patrisia Skotlend
COP29 çərçivəsində kiçik ada dövlətləri ilə
bağlı xüsusi
tədbirin təşkilinə
görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib:
"COP29-a sədrlik edən
tərəfin elan etdiyi iqlim maliyyələşməsinə
dair fondun yaradılması təşəbbüsü
mənə böyük
təəssürat bağışladı.
Resursların açılmasını
və paylanmasını
təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə
dəstək verməyə
hazırıq".
Əlavə edək
ki, COP29 çərçivəsində
iqlim dəyişmələrindən
ən çox əziyyət çəkən
kiçik ada dövlətlərini dəstəkləmək
məqsədilə "Kiçik
ada dövlətlərinin
səslərinin gücləndirilməsinə
dair Bakı Bəyannaməsi" qəbul
olunub.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
23 noyabr (№ 258).- S.7.