Baş nazirin
müavini: “Azərbaycan
Qırğızıstanda Avrasiya
bazarı üçün
yüksək texnologiyalı
məhsullar istehsal edə bilər”
Azərbaycan Respublikası
ilə Qırğız
Respublikası arasındakı
münasibətlər son
illər keyfiyyətcə
yüksəliş dövrünü
yaşayır. İki
türkdilli dövlət
arasında ticari-iqtisadi
və humanitar qarşılıqlı əlaqələr
genişlənir, strateji
əməkdaşlıq üçün
yeni perspektivlər açılır.
Bakıda keçirilən
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) çərçivəsində
Qırğız Respublikasının
Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov “Report”a eksklüziv
müsahibəsində iki
ölkə arasındakı
münasibətlərin hazırkı
səviyyəsi ilə
bağlı fikirlərini
bölüşüb. O, qarşılıqlı
ticarətin həcminin
artırılmasından, Azərbaycan
sərmayəsinin Qırğızıstan
iqtisadiyyatının müxtəlif
sahələrinə cəlb
edilməsi məsələlərindən,
eləcə də Türk Dövlətləri
Təşkilatı kimi
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq perspektivlərindən
danışıb.
- Qırğızıstanla Azərbaycan arasındakı
ticari-iqtisadi əlaqələrin
hazırkı vəziyyətini
necə qiymətləndirirsiniz?
- Müstəqilliyimizin ilk 30 ili çətin
keçdi. Keçid iqtisadiyyatı şəraitində
ciddi sosial-iqtisadi çətinliklərlə üzləşdik.
Ona görə də keçmişdə
Qırğızıstan Azərbaycanın
ciddi ticarət tərəfdaşına çevrilə
bilmədi. Amma son üç ildə Prezident Sadır Japarovun rəhbərliyi ilə biz iqtisadiyyatımızı
xeyli gücləndirmişik.
Dövlət gəlirləri
üç dəfə,
milli iqtisadiyyat isə iki dəfə
artıb.
Bu gün liderlərimiz arasında əməkdaşlığın və intensiv təmasların artdığını
görürük. Lakin
bu nailiyyətlərə
baxmayaraq, mövcud qarşılıqlı fəaliyyət
səviyyəsi bizim potensialımızı tam
əks etdirmir. Əminik ki, əməkdaşlığı genişləndirmək üçün
yeni imkanlar axtarmaq lazımdır.
- Qarşılıqlı ticarətin həcminin artırılması istiqamətində
hansı addımlar atılır?
- Son bir-iki il ərzində ölkələrimiz mühüm
irəliləyiş əldə
edib: nümayəndə
heyətləri mübadiləsi
aparılıb, birgə
sərgilər təşkil
olunub, memorandumlar imzalanıb. Azərbaycan Qırğızıstanı maraqlandıran
çox sayda mal istehsal edir.
Üstəlik, biz Azərbaycandan, xüsusən
də kənd təsərrüfatı və
sənaye sahəsində
çox şey öyrənə bilərik.
- Azərbaycanlı investorlar
artıq Qırğızıstanda
bir sıra layihələrdə, o cümlədən
İssık-Kulda otelin
tikintisində iştirak
edirlər. Azərbaycanlı
investorlar üçün
hər hansı üstünlük və ya güzəştlər varmı? Azərbaycan sərmayələri üçün
turizmdən başqa Qırğızıstan iqtisadiyyatının
hansı sahələrini
tövsiyə edərdiniz?
- Əlbəttə. Azad iqtisadi zonalardakı
güzəştli rejimdən
əlavə, biz hər bir konkret
layihə üçün
fərdi vergi şərtlərini və
birbaşa maliyyə dəstəyinin digər formalarını müzakirə
etməyə hazırıq.
Sərmayə qoyuluşu
üçün perspektivli
sahələrdən danışsaq,
hidroenergetikanı xüsusi
qeyd edərdim. Bizdə çoxlu çay var və su elektrik
stansiyalarının tikintisi
üçün bəzi
yerlər hələ də boşdur. Həmçinin bərpa olunan enerji mənbələri
sahəsinə də diqqət yetirməyə dəyər. Məsələn,
günəş elektrik
stansiyaları üçün
dağlıq bölgələrimiz
Yaxın Şərq səhraları kimi ənənəvi günəş
bölgələrindən daha
yüksək günəş
radiasiya intensivliyi təmin edir. Külək stansiyalarının
da böyük potensialı var.
Azərbaycanlı sahibkarlara
energetika sahəsi ilə yanaşı, kütləvi istehlak mallarının, xüsusən
də tekstil məmulatlarının istehsalı
üçün ölkəmizə
daha yaxından nəzər salmağı
tövsiyə edirəm.
Qırğızıstanın ixtisaslı işçi qüvvəsi var ki, bu da
bu sahəni xüsusilə gəlirli edir. Bundan əlavə,
bizim üzvü olduğumuz Avrasiya İqtisadi Birliyinin
(AİB) bazarına yönəlmiş
yüksək texnologiyalı
məhsulların istehsalını
təşkil etmək
imkanımız var. Bu, AİB ölkələrinin
böyük bazarlarına
çıxış imkanı
yaradır.
Kənd təsərrüfatı,
logistika və energetika birgə müəssisələrin yaradılması
üçün digər
perspektivli sahələrdir.
Biz əməkdaşlığa
açığıq və
istənilən investisiya
təklifini müzakirə
etməyə hazırıq.
- İqlim dəyişiklikləri
Qırğızıstanın turizm sektoruna necə təsir edir?
- İqlim dəyişikliyi,
şübhəsiz ki,
ekosistemə ciddi təsir edir və çox vaxt onun deqradasiyasına
səbəb olur. Lakin bəzi regionlar üçün bu dəyişikliklər yeni imkanlar yaradır
və Qırğızıstan
da istisna deyil.
Ölkəmizin daha
əvvəllər kənd
təsərrüfatı üçün
yararsız hesab edilən bir çox sahələrində
indi əvvəllər
mümkün olmayan üzüm, pomidor kimi məhsullar uğurla becərilir. Eynilə, iqlim dəyişikliyi turizmin inkişafına da öz töhfəsini verib.
Əgər əvvəllər
Qırğızıstanın turizm sektoru Avropa və Amerikadan gələn qonaqlara yönəlik idisə, bu gün biz Yaxın
Şərqdən turist
axınının şahidi
oluruq. Yay aylarında istinin 55 dərəcəyə çatdığı
ölkələrində həddindən
artıq yüksək
temperaturla üzləşən
ərəb ailələri
tətil məkanı
kimi getdikcə daha çox Qırğızıstanı seçirlər.
Onlar böyük ailələri ilə gəlirlər və iqlimi daha mülayim
olan dağlıq bölgələrdə kirayə
ev tuturlar.
Bu ailələrin
bəziləri 3-4 il ölkəyə səfər
etdikdən sonra Qırğızıstanda mülk
almağa başlayır.
Oxşar tendensiyanı
zəngin hindistanlılar
arasında da müşahidə edirik. Bu tələbatı nəzərə alaraq, ölkədə xüsusi
olaraq belə turistlərin və investorların ehtiyaclarına
uyğunlaşdırılmış üç yeni şəhər salınır.
Beləliklə, iqlim
dəyişikliyi ümumi
mənfi təsirinə
baxmayaraq, turizmin inkişafı və Qırğızıstana investorların
cəlb edilməsi üçün yeni perspektivlər açıb.
- Mərkəzi Asiyada
su ehtiyatlarının
çatışmazlığı məsələsi kəskin
xarakter alıb. Bu problem Qırğızıstan
üçün nə
dərəcədə aktualdır?
- Su çatışmazlığı
və su ehtiyatlarının tükənməsi
məsələsi Mərkəzi
Asiya üçün
həqiqətən aktualdır,
lakin Qırğızıstan
daha əlverişli vəziyyətdədir. Bizim
kifayət qədər
su ehtiyatlarımız
var və onların həcmi ən azı növbəti yüz il üçün kifayət edəcək.
Bununla belə,
qarşımızda bu
ehtiyatların səmərəli
idarə edilməsi vəzifəsi durur. Qırğızıstan çayların
aşağı axınında
yerləşən ölkələr
qarşısında öz
məsuliyyətini dərk
edir, çünki bizim sularımız on milyonlarla insanın həyati ehtiyaclarını təmin
edir.
Bununla əlaqədar
gələn il su ehtiyatlarının idarəetmə sisteminin təkmilləşdirilməsinə 300-400 milyon ABŞ dolları məbləğində vəsaitin
yönəldilməsi planlaşdırılır.
Bu vəsait irriqasiya sistemlərinin modernləşdirilməsi, gündəlik
istifadə olunan hövzələr və kanallar da daxil
olmaqla infrastrukturun tikintisi və bərpası üçün
istifadə ediləcək.
Bundan əlavə, kənd təsərrüfatında
sudan ən səmərəli istifadə
metodlarından biri kimi damcı suvarma sistemi aktiv şəkildə tətbiq ediləcək.
Beləliklə, su
ehtiyatları ilə bağlı vəziyyətin
nisbətən qənaətbəxş
olmasına baxmayaraq, Qırğızıstan onların
səmərəli istifadəsi
və bütün regionun davamlı su təchizatının təmin edilməsi üçün böyük
səylər göstərir.
- Ölkələrimiz arasında Türk Dövlətləri Təşkilatı
kimi beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın perspektivləri necədir?
Hansı təşəbbüsləri
prioritet hesab edirsiniz?
- Hazırda Türk
Dövlətləri Təşkilatına
sədrlik ölkəmizə
məxsusdur və biz bu yaxınlarda
türk dövlətlərinin
Zirvə Toplantısına
ev sahibliyi etdik. Sammitdə Azərbaycanın möhtərəm
Prezidenti İlham Əliyev də iştirak edib. Liderlərimiz bütün
sahələrdə əməkdaşlığın
intensivləşdirilməsinin zəruriliyini qeyd ediblər.
Biz Azərbaycanla
birlikdə bu qardaşlıq ittifaqının
üzvü olmaqdan qürur duyuruq. Türk Dövlətləri
Təşkilatı tədricən
“prezident klubu” formatından mühüm regional və qlobal məsələləri
həll etməyə qadir olan tamhüquqlu
beynəlxalq birliyə
çevrilir.
Əminəm ki,
bu təşkilatın
beynəlxalq siyasətimizin
əlaqələndirilməsi baxımından böyük
perspektivləri var. Təcrübə göstərir
ki, ölkələrimiz
beynəlxalq gündəliyin
bir çox əsas məsələləri
üzrə ümumi baxışa malikdir. Bu təəccüblü deyil, çünki biz bir ailənin
üzvləri olaraq baş verən hadisələri çox vaxt eyni cür
qiymətləndiririk.
Bu baxımdan ümumi maraqları birgə irəli aparmaq üçün beynəlxalq arenada fəaliyyətimizi daha da dərindən əlaqələndirmək xüsusilə
vacibdir. İqtisadi, nəqliyyat və mədəni təşəbbüslərin
inkişafı, enerji əməkdaşlığının gücləndirilməsi və
yeni birgə layihələrin yaradılması
- bütün bunlar Türk İttifaqı çərçivəsində prioritet sahələrə
çevrilə bilər.
- COP29-un təşkili səviyyəsini necə qiymətləndirirsiniz?
- Keçən il
qardaş Azərbaycanın
bu tədbirə ev sahibliyi etmək
üçün namizədliyini
dəstəkləyərkən müəyyən narahatlığımız
var idi: ölkə bu cür böyük miqyaslı tədbiri təşkil edə biləcəkmi? Ancaq gördüklərimiz Azərbaycana
təkcə hörmət
deyil, həm də qürur hissi doğurur.
Bu tədbir sadəcə iki həftəlik konfrans deyil. İl ərzində genişmiqyaslı hazırlıq
işləri aparılıb,
yüzlərlə tədbir
keçirilib. Mən dünyanın müxtəlif
paytaxtlarında keçirilən
bu tədbirlərin bəzilərində şəxsən
iştirak etmişəm.
Bu baxımdan yüksək təşkilatçılıq səviyyəsinə, danışıqlar aparmaq bacarığına və qlobal gündəmi layiqincə təqdim etdiyinə görə Azərbaycan hökumətinə və rəhbərliyinə heyranlığımı bildirmək istərdim.
Azərbaycan .-2024.- 23 noyabr (¹ 258).- S.4.