"Yaşıl
dünya"naminə inklüzivlik
Cəmiyyətin bütün
təbəqələrinin üzvlərinə,
o cümlədən sağlamlıq
məhdudiyyətləri olan
şəxslərə diqqət
və qayğı hər zaman dövlətimizin prioritet məsələlərindən olub.
İnklüzivlik və
əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili
prosesində də vacib amil kimi
nəzərə alınıb.
Belə ki, inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın təmin
edilməsi məqsədilə
tədbir məkanında
bir sıra müvafiq həllər tətbiq edilib.
COP tarixində ilk
COP29-da iştirak edəcək
fiziki imkanları məhdud şəxslərə
dəstək olmaq və inklüziv mühiti təşviq etmək üçün könüllülərə, müxtəlif
xidmət sahələrinin
əməkdaşlarına təlimlər
keçirilib, iştirakçılara
tədbir məkanına
gediş-gəlişi asanlaşdırmaq
üçün müvafiq
nəqliyyat xidmətləri
təqdim edilib.
Konfransın plenar
iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün
işarət dilinə
tərcümə və
audio induksiya sistemi xidmət göstərib. Sessiya və panelləri əlçatan etmək üçün işarət
dili üzrə surdo-tərcüməçilər təqdim edilib.
Tədbir məkanının
dizaynı zamanı müvafiq zona və zallar görmə məhdudiyyətli
şəxslər üçün
kontrast nəzərə
alınmaqla tərtib edilib. Onların tədbirin keçirildiyi məkanda rahat hərəkət etmələri
üçün Brayl
əlifbası ilə
hazırlanan qapı lövhələr, məlumat
nişanları, məkan
xəritələri və
müxtəlif broşürlərdən
istifadə olunub. Qeyd etmək lazımdır ki, bu materialların əksəriyyəti ölkəmizdə
yaşayan görmə
məhdudiyyətli şəxslər
tərəfindən hazırlanıb.
Konfransın
keçirildiyi ərazidə
inklüziv çıxışı
təmin etmək məqsədilə informasiya
məntəqəsi yaradılıb.
Burada əlilliyi görünməyən iştirakçılar
üçün istəyə
görə günəbaxan
simvollu lentlər təqdim olunub, Brayl əlifbası ilə hazırlanmış
tədbir məkanı
xəritəsi təmin
edilib, eləcə də yoxlama və ilkin texniki
dəstəyi özündə
ehtiva edən təkərli oturacaqların
təmiri xidməti və elektrikli təkərli oturacaqlar üçün enerji doldurma məntəqəsi
fəaliyyət göstərib.
Bunlarla
birlikdə, ərazidə
yerdəyişməni asanlaşdırmaq
məqsədilə fiziki
imkanları məhdud olan şəxslər üçün müvafiq
pandus və liftlər quraşdırılıb,
eləcə də xüsusi parklanma yerləri və sanitar qovşaqları hazırlanıb, habelə
COP tədbirləri tarixində
ilk dəfə "mavi" və "yaşıl" zonaların
girişində taktil xəritələr yerləşdirilib.
İnklüzivliyin və
bərabərliyin əhəmiyyəti
COP29 çərçivəsində
iqlim dəyişikliyinin
xüsusi qayğıya
ehtiyacı olan insanlara təsirinə, iqlim dəyişikliyi ilə mübarizədə
göstərilən qlobal
səylərdən heç
kimin kənarda qalmamasını təmin etmək üçün dayanıqlı təşəbbüslər,
inklüziv siyasət və təcrübələrin
iqlim fəaliyyətinə
inteqrasiyasına dair plenar iclaslar, müzakirələr və
sərgilər keçirilib.
Noyabrın 20-də Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin
rəhbəri Arzu Əliyeva DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi
tərəfindən COP29-un "yaşıl zona"sındakı
"Art Pavillion"da təqdim
edilən sərgi ilə tanış olublar. Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzi
və "DOST Evi"
filialının həssas
əhali qruplarına aid benefisiarları və təlimçilərinin
50-dən çox əl
işi nümayiş etdirilib.
Sərgiyə gələn
qonaqlara sosial cəhətdən həssas
qrupların yaradıcı
potensialının inkişaf
etdirilməsi üçün
aparılan işlər
barədə məlumat
verilib. Əl işləri arasında
"yaşıl dünya"ya,
ətraf mühitin mühafizəsinin, təbiəti
qorumağın vacibliyinə
həsr olunmuş sənət nümunələri
də yer alıb. Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf
və Yaradıcılıq
Mərkəzinin əlilliyi
olan şəxslərdən
ibarət benefisiarlarının
ifasında təqdim edilən konsert proqramını da izləyiblər.
Müslüm Müslümzadə,
Səbinə Əsgərova,
Xaliq Şərifov, Səməd Novruzov, Nurlan Əhmədov, Fərid Abdullayev tərəfindən Azərbaycan
və xarici ölkə bəstəkarlarının
əsərləri ifa
olunub. Təqdim edilən sərgi və konsert proqramı böyük maraqla qarşılanıb.
Həmin gün
konfrans çərçivəsində
Azərbaycan Əlil Təşkilatları İttifaqının,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə inklüzivlik" mövzusunda
plenar müzakirə də keçirilib, mövcud problemlərin həllində qanunvericiliyin
təkmilləşdirilməsi və əlilliyi olan şəxslərin hüquqlarının təmin
olunması istiqamətində
həyata keçirilən
və planlaşdırılan
tədbirlər barədə
fikirlər bildirilib. Habelə, iqlim dəyişikliklərinin törətdiyi
fəsadların əlilliyi
olan şəxslərə
təsiri, riskli vəziyyətlərdə xilasetmə
tədbirləri, mövcud
problemlərin həlli
yolları və bu sahədə toplanmış təcrübə
ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə iqlim ədalətinin təmin edilməsi üçün
iqlim dəyişikliklərinin
doğurduğu problemlərə
qarşı bütün
dövlətlərin və
əlilliyi olan şəxslərin təşkilatlarının
birgə mübarizə
aparmasının vacibliyi
xüsusi vurğulanıb.
COP29 konfransı çərçivəsində
bu kimi tədbirlərin
keçirilməsinin əsas
məqsədi inklüzivliyin
və bərabərliyin
əhəmiyyətini vurğulamaq,
gənclərin yaradıcı
potensialını önə
çıxarmaq və
iqlim dəyişikliyinə
qarşı mübarizədə
cəmiyyətin bütün
təbəqələrinin birgə
iştiraka çağırışını
təmin etməkdir. Dövlətimiz tərəfindən
inklüziv cəmiyyətin
qurulmasına verilən
dəstək iqlim konfransında da özünü aydın şəkildə göstərdi.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.-
23 noyabr (№ 258).- S.9.