Xarici
investorların Azərbaycana
marağı artıb
Ölkəmiz nüfuzlu xarici şirkətlərlə bərpaolunan
enerji layihələri
ilə bağlı əməkdaşlıq edir
COP29 bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən
möhtəşəm qlobal
tədbirdir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi
müasir Azərbaycanın
tarixində unudulmaz hadisədir.
Azərbaycanın əraziləri
30 ilə yaxın Ermənistanın işğalı
altında qaldığı
dövrdə həmin
torpaqlarda ekologiyanın,
biomüxtəlifliyin, yaşıllıqların
vəhşicəsinə məhv
edilməsi, yandırılması,
təbii sərvətlərimizin
talan olunması dünya ictimaiyyətinə
bəllidir. Ermənistanın
ölkəmizə təcavüzü
zamanı transsərhəd
çayların qarşısının
alınması və çirkləndirilməsi, su
anbarlarının baxımsızlıqdan
qəzalı vəziyyətə
düşməsi ilə
ətraf rayonlarda yaşayış məntəqələrinin
və yüz minlərlə əhalinin sudan məhrum edilməsi ekoloji terror idi.
Otuz ildən sonra Azərbaycan ərazilərini erməni
işğalından azad
etməklə, təcavüzkar
ölkənin davamlı
ekoloji terroruna da son qoydu.
Bu inkaredilməz fakt qarşısında qalan, hətta Azərbaycanla dost münasibətdə olmayan
ölkələr belə,
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası kimi mötəbər tədbirin
ölkəmizdə keçirilməsi
ilə əlaqədar
yekdil qərar qəbul etdilər. Verilən qərar beynəlxalq ictimaiyyətin
Azərbaycana böyük
hörmət və etimadının, eləcə
də ölkəmizin
milli, regional və qlobal səviyyədə ətraf
mühitin qorunması,
iqlim dəyişmələrinin
qarşısının alınması
işinə töhfəsinin
təqdir olunmasının
ən yaxşı nümunəsidir.
Özünün enerji
müstəqilliyini tam
təmin edən Azərbaycan, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin
başlıca təminatçılarından
birinə çevrilib.
Planetin xəritəsinə
diqqət etsək görərik ki,
dünyada zəngin enerji ehtiyatları olan ölkələrin sayı
heç də az deyil. Məsələ
burasındadır ki, onların əksəriyyəti
bu təbii sərvətdən heç
də inkişaf naminə yararlana bilməyib, əksinə, təbii sərvətləri
əsl baş bəlalarına çevrilib.
Azərbaycan isə neft-qaz ehtiyatlarından səmərəli istifadə
etməklə dünyada
uğurlu bir nümunənin əsasını
qoyaraq neft kapitalını insan kapitalına müvəffəqiyyətlə
çevirməyi bacaran
bir ölkə statusunu qazanıb.
Hazırda ölkəmiz
zəngin təbii ehtiyatlarından səmərəli
istifadə etməklə
beynəlxalq miqyasda enerji təhlükəsizliyinin
təmin edilməsində
mühüm rol oynayan başlıca aktorlardan biridir. Azərbaycan milli maraqları ehtiva edən müstəqil siyasəti sayəsində
miqyasına görə
regional, əhəmiyyətinə
görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu
kimi çıxış
edir. Azərbaycanın
neft-qaz ölkəsi kimi inkişafı, "yaşıl enerji" ilə bağlı layihələrin həyata
keçirilməsinə, "yaşıl enerji" növlərinin yaradılması
və onun dünya bazarlarına nəqlinə geniş imkanlar açır.
COP29-un Azərbaycanda keçirilməsi
həm ölkədə
"yaşıl enerji"
layihələrinə uğurlu
xarici investisiyaların
cəlb edilməsinə,
həm də BMT-nin dayanıqlı inkişaf məqsədlərinə
nail olunmasına bir addım da yaxınlaşdırır.
"Yaşıl iqtisadiyyat"a
keçid və "yaşıl enerji" təchizatçısına çevrilmək
Azərbaycanın iqtisadi
siyasətinin prioritetlərindəndir.
Prezident İlham Əliyevin sərəncamı
ilə 2024-cü ilin ölkədə "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilməsi isə bu istiqamətdə
təşəbbüsləri stimullaşdıran başlıca
amildir.
Azərbaycanın külək
və günəş
resursları və biokütlə, geotermal və su-elektrik enerjisinin istehsalı üçün böyük
potensialı var. Əsasən, neft-qaz sektorunun inkişafı hesabına sürətlə
böyüyən iqtisadiyyata
malik olan və enerji istehsalının 90 faizdən
çoxu yanacaq mənşəli olan ölkəmizin "yaşıl
enerji"yə keçid
etməsi perspektivdə
iqlim dəyişikliyi
ilə mübarizəyə
önəmli töhfə
olacaq.
Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20,2 MVt gücündə 4 su-elektrik stansiyası artıq istismara verilib. Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız qalası") olmaqla iki su-elektrik stansiyasının tikintisi davam etdirilir. Həmçinin Laçın-Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək-elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji Zonası"nın yaradılmasına əlavə töhfə verəcək.
2020-ci ildən Azərbaycan
"Masdar", "ACWA Power", BP, "Fortescue Future
Industries", "China Gezhouba Group Overseas
Investment", Total Energies, "Nobel Energy", "A-Z Czech
Engineering" və "Baltech"
şirkətləri ilə
bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlıq
edir. 2023-cü il oktyabrın
26-da BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində
Xəzər regionunun və MDB məkanının
ən böyük günəş-elektrik stansiyası
olan 230 MVt gücündə "Qaradağ"
Günəş-Elektrik Stansiyası
istifadəyə verilib.
Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan
sənayemiqyaslı ilk günəş-elektrik
stansiyasıdır. Stansiyada
hər il 500 milyon kVt - saat elektrik
enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək.
Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min
ton azalacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş
paneli quraşdırılıb.
2022-ci il dekabrın 17-də Buxarestdə
"Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya
və Macarıstan Hökumətləri arasında
"yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş"
imzalanıb. Sazişə
əsasən, Xəzər
dənizində istehsal
olunacaq "yaşıl
enerji"nin Avropaya ixracı nəzərdə
tutulur. 2023-cü il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin "China Gezhouba
Group Overseas Investment" şirkəti arasında Azərbaycanda 2
QVt gücündə bərpaolunan enerji layihələrinin həyata
keçirilməsinə dair
anlaşma memorandumu imzalanıb. Naxçıvanda
bərpaolunan enerji layihələrinin həyata
keçirilməsi ilə
bağlı "Nobel
Energy Management", "TotalEnergies" və "A-Z Czech Engineering" şirkətləri ilə
ümumi gücü
1000 MVt-dan çox olan "yaşıl enerji" layihələri
ilə əlaqədar
müqavilələr imzalanıb.
Energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) çərçivəsində
təşkil olunmuş
"Nüvə enerjisi
də daxil olmaqla aşağı karbon texnologiyasının
maliyyələşdirilməsi" adlı tədbirdə çıxışı zamanı
qeyd edib ki, "COP29-un Azərbaycanda
keçirilməsi ölkəmizin
dünyaya yeni rakursda təqdimatı fürsəti yaradır. Qətiyyətlə deyə
bilərik ki, ölkəmiz yaxın gələcəkdə beynəlxalq
aləmdə yalnız
neft və qaz ixracatçısı kimi yox, həm
də "yaşıl
enerji" ixracatçısı
kimi özünü təsdiq edəcək".
Ölkəmizdə bərpaolunan
enerji resursları üzrə konkret layihələrin qısa müddətdə həyata
keçirilməsi üçün
bütün imkanlar səfərbər edilib. Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib
ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq
bazara çıxarmaqda
davam edir: "Biz bərpaolunan enerji mənbələrinin
inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. Biz 2030-cu ilə qədər enerji istehsalımızda bərpaolunan mənbələrin
payını 30,5 faizə
çatdırmağı və
bunu daha da artırmağı hədəfləyirik".
Ölkəmizdə bərpaolunan
enerji istehsalı ailəsinə "Qobustan"
Günəş-Elektrik Stansiyasının
adını da sala bilərik. COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi
ilə həyata keçirilən 100 MVt gücündə "Qobustan"
Günəş-Elektrik Stansiyasının
tikintisi üzrə hərracın qalibi elan olunub. Hər kilovat-saat
elektrik enerjisi üçün ən aşağı təklif verən "Universal International Holdings
Limited" şirkəti hərracda
qalib gəlib. 2027-ci ildə istismara verilməsi nəzərdə
tutulan stansiyada hər il təxminən
260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır.
Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı,
atmosferə atılan karbon emissiyalarını
124 min ton azaltmağa imkan
verəcək.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, "100 MVt gücündə "Qobustan"
Günəş-Elektrik Stansiyası
üzrə hərracın
uğurla başa çatması Azərbaycanın
bərpaolunan enerji sektorunda daha bir mühüm nailiyyətidir. Çinin
"Universal International Holdings Limited" şirkətinin
qalib gəlməsi, ölkəmizin "yaşıl
enerji" layihələrinə
beynəlxalq investorların
artan marağını
və inamını bir daha təsdiq
edir. AYİB-in dəstəyi
ilə həyata keçirilən və nəticələri COP29 çərçivəsində
elan olunan bu hərrac, Azərbaycanın
beynəlxalq əməkdaşlığa,
davamlı inkişaf məqsədlərinə və
"yaşıl enerji"
potensialının reallaşdırılmasına
sadiqliyini nümayiş
etdirir. Bu uğur, enerji keçidi prosesimizi sürətləndirməklə
yanaşı, qlobal iqlim hədəflərinə
töhfəmizi daha da
gücləndirəcək".
Avropa Yenidənqurma
və İnkişaf Bankının Qafqaz üzrə regional rəhbəri
Alkis Vryenios Drakinos isə bildirib: "Azərbaycanın
ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bizim üçün böyük
nailiyyətdir. AYİB olaraq,
"yaşıl enerji"
layihələrinin maliyyələşdirilməsi
və bu istiqamətdə siyasətlərin
dəstəklənməsi üzrə
uzun illər davam edən işlərimizin nəticəsini
görməkdən məmnunuq.
Bu layihənin həyata
keçirilməsində iştirak
edən bütün tərəfləri təbrik
edirik".
Qeyd edək
ki, hərrac Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 2 avqust tarixli
2285 nömrəli fərmanı
ilə təsdiq edilmiş "Bərpaolunan
enerji mənbələrinin
ərazisində elektrik
enerjisi istehsalçısının
seçilməsi Qaydası"na
uyğun olaraq keçirilib.
Energetika Nazirliyi
yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin
sədri Cavid Abdullayev
COP29 çərçivəsində jurnalistlərə açıqlamasında
xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda
ilk bərpa olunan enerji hərracında iştirak üçün
130-dan çox şirkətə
dəvət göndərilib.
Hərrac prosesi iki mərhələdən
ibarət olub və ümumilikdə
6 saat davam edib. Şirkətlər tərəfindən təqdim
edilən sənədlərin,
eyni zamanda məlumatların qiymətləndirilməsi
aparılıb və təkliflər sorğusu mərhələsində iştirak
edəcək hərrac
iştirakçıları müəyyənləşdirilib. 8 şirkət ixtisas uyğunluğu tələblərinə
uyğun hesab edilərək növbəti
mərhələyə (RFP) keçib. Təkliflərin
təqdim edilmə tarixi bəzi iddiaçıların müraciətləri
əsasında 21 oktyabr
2024-cü il tarixindən 28 oktyabr 2024-cü il tarixinə
qədər uzadıldı.
13 noyabr tarixində siyahıya alınmış
iddiaçılar elan edilib.
Hərracın dinamik hissəsi 20 noyabr tarixində keçirilib. Altı saat davam edən hərracda hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən (1 kVts üçün 3,540
ABŞ/sent) "Universal International Holdings Limited" şirkəti qalib gəlib. 2024-cü il noyabrın
21-də COP29 tədbiri çərçivəsində
qalib şirkətlə
müvafiq sənəd
imzalanıb.
C.Abdullayev əlavə
edib ki, 20-25 gün ərzində müqavilələr
tam yekunlaşacaq və
elektrik stansiyasının
daha dəqiq istismara verilmə tarixi məlum olacaq.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.- 23 noyabr
(№ 258).- S.11.