Azərbaycan
Respublikası vətəndaşlarının
2025-ci il yanvarın
1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması
və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini
rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 12.3-cü və
40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının
Silahlı Qüvvələrini
şəxsi heyətlə
komplektləşdirmək məqsədilə
qərara alıram:
1. 2007-ci ildə doğulmuş
və çağırış
gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə
1990–2006-cı illərdə doğulmuş, yaşı
35-dək olan, Azərbaycan
Respublikasının Silahlı
Qüvvələrində müddətli
həqiqi hərbi xidmət keçməmiş,
müddətli həqiqi
hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan
azad edilməmiş Azərbaycan Respublikası
vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək
müddətli həqiqi
hərbi xidmətə
çağırılsınlar.
2. “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikası
Qanununun 38.1.1-ci maddəsində
nəzərdə tutulmuş
xidmət müddətini
keçmiş müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il
yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamın icrası üçün
qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri
görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 noyabr 2024-cü il
Azərbaycan.-2024.-
24 noyabr (№ 259).- S.1.