Paris Sazişinin
6-cı maddəsi 9 ildən
sonra razılaşdırıldı
COP29 iqlim sammitinin
uğurla keçirilməsi,
iştirakçı dövlətlərin
Azərbaycanın yanaşmalarına
dəstəyi ölkəmizin
təşəbbüslərinin qlobal səviyyədə təqdir olunduğunu göstərdi və konfrans əhəmiyyətli
nəticələrlə tamamlandı.
Tədbirə evsahibliyi
edən Azərbaycanın
əzmkar fəaliyyəti
nəticəsində COP29-da bəşəriyyətin bu
günü və gələcəyi üçün
tarixi qərarlar qəbul olundu. Konfrans çərçivəsində
müxtəlif müzakirələrdə
ölkəmizin sülh,
təhlükəsizlik, əməkdaşlıq,
dinc yanaşı yaşamaq çağırışları
da beynəlxalq aləmdə böyük əks-səda doğurdu.
COP29 Azərbaycanın təhlükəsiz
ölkə olduğunu
bir daha dünyaya nümayiş etdirdi.
Ölkəmizi daha
da gücləndirəcək
Bakı Maliyyə Məqsədi
İlk növbədə
Bakı Maliyyə Məqsədi barədə
razılıq əldə
edildi. Bu, COP29 çərçivəsində qəbul olunan ən əhəmiyyətli
qərarlardan biridir. Bakı Maliyyə Məqsədi hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon
dollar iqlim maliyyəsini yönəltməyi
nəzərdə tutan
yeni öhdəlikdir. Bu, inkişaf etmiş ölkələrin
2035-ci ilə qədər
inkişaf etməkdə
olan dövlətlər
üçün hər
il ən azı 300 milyard dollar məbləğində
vəsaitin səfərbər
olunmasına rəhbərlik
etməsini nəzərdə
tutan əsas hədəfləri müəyyən
edir. Müqayisə üçün yada salaq ki, iqlim
maliyyəsi ilə bağlı bundan əvvəlki rəqəm
100 milyard dollar idi. Aradakı böyük fərq COP29 sədrliyinin əsas prioriteti üzrə əldə olunmuş uğurun miqyasını göstərir. Bakı Maliyyə Məqsədi bu məqsəd üzrə müəyyən
edilmiş hədəf
nəzərdə tutulan
istiqamətə böyük
həcmdə qlobal investisiyaların yönəldilməsinə
yol açacaq.
Bakı Maliyyə
Məqsədinin əhəmiyyəti
təkcə bununla məhdudlaşmır. Bu, qlobal miqyasda "yaşıl maliyyə təşəbbüsləri"nin daha təsirli şəkildə həyata
keçirilməsinə yönəlmiş
mühüm platformadır
və iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli
töhfə verəcək.
Bakı Maliyyə
Məqsədi inkişaf
etməkdə olan ölkələrə iqlim
dəyişmələrinə uyğunlaşma və emissiyaların azaldılmasından
ötrü daha əlçatan və effektiv maliyyə mexanizmləri təklif etməkdən əlavə,
qlobal maliyyə sistemində iqlim risklərinin azaldılması
və dayanıqlı
layihələrin maliyyələşdirilməsi
üçün yeni alət və strategiyalar müəyyənləşdirir.
Xüsusilə bankların
və sərmayə qurumlarının "yaşıl
maliyyə"yə daha
çox yönəlməsini
təşviq edir. Bundan başqa, karbon kredit ticarətinin
qlobal səviyyədə
inkişafını sürətləndirir
ki, bu da
ölkələrin emissiyalarını
azaltmaq üçün
əlavə maliyyə
mənbələrindən istifadə
etməsinə imkan yaradır. Bununla yanaşı həm də inkişaf etməkdə olan ölkələrə əlavə
gəlir əldə etmək üçün böyük potensial formalaşdırır.
Bakı Maliyyə
Məqsədi maliyyə
bazarlarında dayanıqlılığın
artırılmasına da
töhfə verəcək.
Belə ki, iqlim risklərinin maliyyə sisteminə inteqrasiyasını, həmçinin
investisiyaların dayanıqlılığını
təmin edəcək.
İqlim dostu layihələrə yönəlmiş
uzunmüddətli investisiyaları
yüksəldəcək.
Eyni zamanda sosial və ekoloji təsirləri də artıracaq. Çünki Bakı Maliyyə Məqsədi qlobal istiləşmənin 1,5°C səviyyəsində saxlanılması üçün konkret addımları dəstəkləməklə yanaşı, sosial və ekoloji təsirləri də nəzərə alır. Meşələrin mühafizəsi, bərpaolunan enerji mənbələrinin inkişafı və iqlimə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi bu məqsədin əsas elementləridir.
Bizim üçün
ən mühüm imkanlardan biri kimi, Bakı Maliyyə Məqsədi Azərbaycanın iqlim dəyişmələrinə qarşı
mübarizədə regional
lider kimi mövqeyini daha da gücləndirəcək.
Ölkəmiz bu təşəbbüs vasitəsilə
dayanıqlı maliyyə
mexanizmlərinin qlobal
səviyyədə tətbiqində
aparıcı rol oynayacaq.
Paris Sazişinin 6-cı maddəsi işlək vəziyyətə gətirildi
COP29-un ən əhəmiyyətli
nəticələrindən biri də Paris Sazişinin 6-cı maddəsinin
tam şəkildə işlək vəziyyətə
gətirilməsi oldu.
Bu, 2015-ci ildən bəri baş verən tarixi bir ilkdir. Qeyd
edək ki, sözügedən maddə
karbon emissiyalarını
azaltmaq üçün
beynəlxalq karbon bazarlarının yaradılmasına
imkan verir. Bu bazarlar vasitəsilə
bir ölkə başqa bir ölkədə həyata
keçirilən emissiya
azaldıcı layihələrdən
karbon kreditləri ala bilər. Bu sistem ölkələrin
dayanıqlı inkişafla
bağlı milli məqsədlərinə daha
sürətlə və
sərfəli şərtlərlə
çatmasına kömək
göstərir.
Paris Sazişinin 6-cı maddəsinin düzgün tətbiqi emissiyaların azalmasına töhfə verməklə yanaşı,
sosial və iqtisadi inkişafı da dəstəkləyəcək.
Ən çox ehtiyac duyulan inkişaf etməkdə olan ölkələrdə
"yaşıl enerji"
layihələrinin maliyyələşdirilməsi
və həyata keçirilməsi üçün
əlavə resurslar yaradacaq.
Bu maddənin tətbiqi çərçivəsində
karbon kreditlərinin beynəlxalq ticarətini tənzimləmək üçün
şəffaflıq və
hesabatlılıq qaydaları
təyin olunacaq. Beləliklə, karbon bazarlarında pozuntuların,
qeyri-müəyyənliklərin qarşısı alınacaq,
bazarlara olan inam artacaq və
qlobal səviyyədə
emissiyaların azaldılması
dəstəklənəcək.
COP29 nəticəsində 6-cı maddənin tam işlək vəziyyətə
gətirilməsi beynəlxalq
karbon bazarları vasitəsilə zəngin ölkələrdən inkişaf
etməkdə olan ölkələrə maliyyə
axınlarını artıracaq.
Bu, xüsusilə kiçik ada ölkələri və iqlim dəyişmələrindən
ciddi təsirlənən
digər ölkələr
üçün böyük
əhəmiyyət kəsb
edir.
Müvafiq maddənin
işə düşməsi
karbon bazarlarından istifadə etməklə qlobal istiləşməni
1,5°C-də saxlamaq üçün
zəruri olan emissiya azalmalarını daha ucuz və
sürətli şəkildə
həyata keçirməyə
imkan verəcək. Bu, xüsusilə yüksək emissiyalı ölkələr üçün
vacib bir mexanizmdir.
Azərbaycanın rəhbərliyi
ilə əldə edilmiş belə bir uğur ölkələr
arasında iqlim əməkdaşlığını genişləndirəcək, qarşılıqlı
münasibətlərin hüquqi
və əməliyyat
çərçivəsini təmin edəcək. Qlobal səviyyədə kollektiv iqlim tədbirlərini gücləndirəcək
və bütün ölkələrin faydalana
biləcəyi bir mexanizm ortaya qoyacaq.
Paris Sazişinin 6-cı maddəsinin tam tətbiqi iqlim dəyişmələri ilə
mübarizədə qlobal
səyləri daha yaxşı əlaqələndirmək
və gücləndirmək
üçün zəruri
mexanizmdir. Bu həm emissiyaların azaldılmasını iqtisadi
cəhətdən daha
səmərəli edir,
həm də davamlı inkişafın dəstəklənməsinə töhfə verir. COP29-da bu maddənin işlək vəziyyətə
gətirilməsi beynəlxalq
əməkdaşlığın və maliyyə mexanizmlərinin inkişafı
baxımından tarixi
bir addım hesab olunur.
2015-ci ildən bəri
Paris Sazişinin 6-cı maddəsinin
işlək vəziyyətə
gətirilməsinə həm
texniki, həm də siyasi amillər maneə törədirdi. Azərbaycan
isə bununla bağlı bütün mövqeləri bir araya gətirib qızıl ortanı tapmaqla belə bir tarixi nəticənin
əldə edilməsinə
nail oldu. Mövcud maneələrin aradan qaldırılması,
daha şəffaf, effektiv karbon bazarlarının yaradılması
üçün beynəlxalq
əməkdaşlıq və
qarşılıqlı etimad
mühiti yaratmağı
bacardı.
İtki və Zərər Fondunun missiyası iqlim dəyişmələrinə məruz
qalan ölkələrə
maliyyə yardımı
etməkdir
Azərbaycanın səyləri
sayəsində COP29 zamanı
İtki və Zərər Fondu da tam şəkildə
institutlaşdırıldı. 2022-ci ildən təşəbbüs
kimi irəli sürülmüş bu fondun əsas missiyası iqlim dəyişikliklərinin təsirlərinə
ən çox məruz qalan ölkələrə maliyyə
yardımının təmin
olunmasıdır. İtki
və Zərər Fondunun COP29 zamanı tam şəkildə institutlaşdırılması onun 2025-ci ildən əməli fəaliyyətə
başlamasına, layihələri
maliyyələşdirə bilməsinə geniş şərait yaradacaq. Xatırladaq ki, COP29 nəticəsində İtki
və Zərər Fonduna ölkələr tərəfindən vəd
edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının
kiçik ada dövlətlərinə təsirlərinin
yaratdığı çətinliklərin
həllini Azərbaycan
Prezidenti İlham Əliyev COP29 sədrliyinin
əsas prioritetlərindən
biri kimi müəyyən etmişdi.
Bu baxımdan İtki və Zərər Fondunun fəaliyyətə başlaması,
vəd edilən maliyyə vəsaitinin yüksək həcmi ilə COP29 sədrliyi bu strateji hədəfinə
də çatmış
oldu.
Bundan başqa,
COP29-un yekun qərarı
ilə Qlobal Adaptasiya Hədəfi sənədi əsasında
Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin
növbəti COP sessiyaları
çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı
dialoqu çağırılacaq.
Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına
uyğun olaraq, adaptasiya məsələsinin
hər il COP-larda müzakirəsinə
şərait yaradacaq.
Bundan başqa,
COP29-un qərarı ilə
10 illik Yenilənmiş
Gender üzrə Lima İş Proqramı qəbul olundu. Yada salaq
ki, belə bir proqramın qəbulu üzrə danışıqlar uzun müddətdən bəri
davam etməkdə idi. COP29 sədrliyi nəticəsində sənəd
üzrə razılıq
bu iqlim sammiti çərçivəsində
əldə olundu.
Bütün bu
nailiyyətlər COP29-un öz
məqsədlərinə necə
böyük uğurla
çatdığını, Azərbaycanın gələcək
COP tədbirlərinin bəşəriyyət
üçün yeni perspektivlərinə parlaq
örnəklər formalaşdırdığını
nümayiş etdirir.
Xüsusilə nəzərə
almaq lazımdır ki, Azərbaycan bu uğurlara heç də rahat şəraitdə, qlobal dəstək mühitində nail olmadı, əksinə, dünyamızın bu günü və gələcəyi naminə
məqsədlərə doğru
səylə çalışmaqla
yanaşı, bir çox süni maneəni də aşmaq, onlara zaman və resurslar
sərf etmək məcburiyyətində qaldı.
Hələ COP29 ərəfəsində
ABŞ və Avropa İttifaqının, Qərbin
məsuliyyətdən yayınmaq
üçün məsələni
siyasiləşdirməsi, yeni
maliyyə hədəfinin
müəyyən edilməməsindən
ötrü müxtəlif
oyunlar qurmağa çalışması bu
süni maneələrin
bariz nümunəsi idi.
Ancaq bütün
maneələrə baxmayaraq,
ölkəmizin evsahibliyi
ilə keçirilən
COP29 həm təşkilatçılıq,
həm iştirak, həm də əldə olunan nəticələrə görə
tarixi nailiyyət kimi yadda qaldı.
Bu qlobal tədbirin beynəlxalq əhəmiyyəti onun iqlim dəyişikliyi ilə mübarizəyə
önəmli töhfələri
ilə davam edəcək.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
26 noyabr (№ 260).- S.9.