Azərbaycan-ABŞ
strateji tərəfdaşlığında
yeni səhifə açılır
Prezident İlham
Əliyev noyabrın
25-də Amerika Birləşmiş
Ştatlarının Prezidenti
Donald Trampa zəng vuraraq onu yenidən dövlət başçısı
seçilməsi münasibətilə
təbrik edib. İlham Əliyev seçkilərdə inamlı
qələbənin Amerika
xalqının Donald Trampın yürütdüyü
siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsi olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti qeyd edib ki,
Donald Trampın fəaliyyəti dünyada
təhlükəsizliyin təmin
olunmasında daha da önəmli rol oynayacaq.
Birinci prezidentlik
dövründə Azərbaycan
ilə Birləşmiş
Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən
dövlət başçısı
ikitərəfli əlaqələrin
irəli aparılması
üçün birgə
səylər göstəriləcəyinə
ümidvarlığını bildirib. Prezident Donald Tramp isə
öz növbəsində
səmimi təbriklərə
görə İlham Əliyevə dərin təşəkkürünü bildirərək ölkələrimiz
arasında əməkdaşlığın
inkişafı məqsədilə
birgə səylərlə
çalışmağın vacibliyini qeyd edib.
Ərazi bütövlüyünü
və suverenliyini tam təmin etmiş Azərbaycan son illərdə dünyanın bütün
demokratik dövlətləri
ilə qarşılıqlı
əməkdaşlıq, strateji
tərəfdaşlıq münasibətlərini
genişləndirməkdə davam edir. O cümlədən
planetin super gücü olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı inam
və etimad əsasında əməkdaşlıq
həyata keçirir.
Lakin İkinci Qarabağ müharibəsindəki
şanlı Zəfərdən
sonra hazırkı Ağ Ev rəhbərliyi,
xüsusən də Dövlət Departamenti, onun təsiri altında olan bəzi Qərb dairələri Azərbaycana
qarşı köhnə
ssenarilərini işə
salmışdılar. Hətta
Azərbaycanın uğurla
evsahibliyi etdiyi COP29 Sammiti öncəsi də çirkin kampaniyalarını davam etdirirdilər. Amma dünya bir daha Azərbaycan həqiqətlərinə, Cənubi
Qafqazın lider dövlətinin nəyə
qadir olduğuna şahidlik etdi.
Azərbaycan ABŞ münasibətlərinə
gəlincə, iki dövlət arasında tərəfdaşlığın 32 ildən artıq tarixi vardır. Bu illər ərzində
ölkələrimiz arasında
bərabərlik, qarşılıqlı
hörmətə əsaslanan
enerji təhlükəsizliyi,
sülhməramlı əməliyyatlar,
terrorla mübarizə
və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri
formalaşıb. İki
ölkə arasında
siyasi əlaqələr
dinamik olaraq inkişaf edir. Belə ki, ABŞ Azərbaycanın müstəqilliyini
25 dekabr 1991-ci ildə
tanıyıb, diplomatik
münasibətlər isə
28 fevral 1992-ci ildə
qurulub. Azərbaycanın
ABŞ-də səfirliyi
6 mart 1992-ci ildən,
ABŞ-nin Azərbaycanda
səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.
Azərbaycan Respublikası
və Amerika Birləşmiş Ştatları
arasında 90-a yaxın
sənəd imzalanıb
və genişmiqyaslı
əməkdaşlıq üçün
müvafiq normativ-hüquqi
baza yaradılıb. Azərbaycan Respublikasının
Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası
əlaqələr üzrə
işçi qrupu
1997-ci ildən fəaliyyət
göstərir.
Donald Trampın
Amerika xalqından etimad mandatı alaraq yenidən prezident seçilməsi isə ABŞ-Azərbaycan
münasibətlərinin daha
da yüksəlişini
təmin edəcək.
Donald Tramp artıq faktiki olaraq ABŞ-nin 47-ci Prezidentidir və gələn ilin 20 yanvarında rəsmən səlahiyyətlərinin icrasına
başlayacaq.
Bəs D.Trampın
prezidentliyinin Azərbaycana
nə kimi təsiri ola bilər?
Öncə onu
qeyd edək ki, onun əvvəlki
idarəçilik dönəmində
Azərbaycan ikiəsrlik
problemini və 30 illik münaqişəni zəfərlə həll etdi. İlham Əliyevin tarixi ədaləti bərpa etməsində xarici faktorlar sırasında D.Trampın tutduğu obyektiv mövqeyini də xüsusi qeyd etməliyik.
Çünki hələ
2020-ci ilin may ayında Donald Trampın İlham Əliyevə yazdığı
məktubda bildirilirdi ki, Birləşmiş Ştatlar Azərbaycanın
suverenliyini və müstəqilliyini güclü
şəkildə dəstəkləyir.
Bu cümlə 1991-ci ildən - Azərbaycan müstəqillik əldə
etdikdən etibarən
ABŞ prezidentlərinin ölkəmizin
suverenliyi, yəni ərazi bütövlüyü
barədə verdiyi ilk və hələ
ki, son rəsmi
bəyanat idi!
Prezident İlham
Əliyevin hələ
müharibənin gedişində
- 2020-ci ilin 25 oktyabrında
ABŞ-nin "Fox News" televiziya
kanalına müsahibəsində
söylədiyi "Trampın
münaqişənin həlli
ilə bağlı gördüyü işlər
beynəlxalq münasibətlərə
tam uyğundur. Biz bununla bağlı
onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik"
fikirləri həmin dövrdəki gərgin diplomatik situasiyada Ağ Ev rəhbərinin
tutduğu ədalətli
mövqeyi isbatlayır.
"Biz görürük
ki, ABŞ-nin mövqeyi balanslaşdırılmışdır
və bu, belə də olmalıdır. Çünki
ABŞ vasitəçidir. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər
tərəf tutmamalıdırlar.
Biz çox böyük erməni icmasının təkcə
Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu,
indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini
və onların göstərə biləcəyi
təzyiqin səviyyəsini
başa düşürük.
Lakin, eyni zamanda Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə
mənim tərəfimdən
deyil, xalqımız tərəfindən də
dəstəklənir", - deyə Azərbaycan Prezidenti bildirmişdir.
Bu il iyul ayının 20-də İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı
zamanı ABŞ-də
noyabr ayında keçiriləcək seçkilərin
nəticəsi ilə
bağlı sual ünvanlananda Azərbaycan
Prezidenti çox maraqlı cavab vermişdi: "Qərarı
Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda
bu, bütün dünya üçün xüsusi əhəmiyyətə
malikdir. Çünki
bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə
Birləşmiş Ştatların
birinci şəxsinin verəcəyi qərarlardan
asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm
tezislərdən biri də odur ki,
onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı,
Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan,
Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin
ki, böyük hörmətlə yanaşmağa
dəyər".
İlham Əliyev ABŞ-Azərbaycan əlaqələri ilə bağlı olan suala da cavab verərək demişdi ki, iki ölkə arasındakı əlaqələr, onun görünən tərəfi haqqında danışdıqda Azərbaycanın Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələri olub.
İlham Əliyev
həmçinin ölkəmizin
ABŞ-də hansı
liderin hakimiyyəti ilə yaxın münasibətdə olması
sualını belə
cavablandırmışdı: "Siz mənim Amerika liderləri ilə əlaqələrimə,
təmaslarıma nəzər
salsanız, bu, aydın olar. Eyni zamanda Prezident
Trampın prezidentliyi dövründə bizim çox səmərəli
əməkdaşlığımız olub. Bu əməkdaşlıq
qarşılıqlı hörmət
üzərində qurulmuşdur
və qarşılıqlı
dəstəyin yüksək
qiymətləndirilməsindən ibarət idi".
Prezident eyni zamanda qeyd edib
ki, Azərbaycanın
ABŞ ilə münasibətləri
demək olar hər zaman sabit olub.
Göründüyü kimi, Azərbaycanla ABŞ,
İlham Əliyevlə
D.Tramp arasında münasibətlər səmimi
və sıx xarakter daşıyır. Bütün bunlara əsasən deyə bilərik ki, iki ölkənin liderləri arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ
əməkdaşlığında yeni səhifə açacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
27 noyabr (№261).- S.1-2.