Dəniz suyunun duzsuzlaşdırılması
şirin su tələbatının ödənilməsində
ən effektiv üsullardan biridir
Dünyanın qlobal
problemlərindən olan
iqlim dəyişikliyi
sel, daşqın və quraqlıq kimi təbii fəlakətlərin də
artmasına səbəb
olur. Nəticədə
həm də su dövranı pozulur, suyun azalması və çirklənməsi baş
verir, içməli suya olan tələbatın
şirin su resursları tərəfindən
qarşılanmaması problemi
yaranır.
Hazırda Yer kürəsində 3 milyarddan
çox insanın təhlükəsiz içməli
suya çıxışı
yoxdur. Su böhranı illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir. Planetimizin 70 faizi su ilə
örtülü olsa da, bu suyun
təxminən 98 faizi
duzludur. Yerdəki suyun 2,5 faizi şirin sudur ki, onun da
yalnız 0,3 faizi istifadə oluna biləndir.
Uzun illərdir
su böhranı ilə bağlı həyəcan təbili çalan mütəxəssislər
su qıtlığına
qarşı mübarizədə
ən effektiv yolun dəniz suyunun duzsuzlaşdırılması
olduğunu bildirirlər.
Təsadüfi deyil ki, COP29-da müzakirə olunan önəmli məsələlərdən biri
də bu idi.
Həyata keçirilən
layihələr gələcəyimizin
təminatıdır
Dünyada 177 ölkədə
16 mindən artıq dəniz suyunu təmizləmə qurğusu
fəaliyyət göstərir.
Beynəlxalq Dimineralizasiya
Assosiasiyasının məlumatına
görə, bu qurğular gündə 95 milyon kubmetr şirin su istehsal
edirlər. Bu da dünya əhalisinin
4 faizinin şirinləşdirici
qurğularla alınan
sudan istifadə etməsi deməkdir.
Böyük inkişaf
potensialına malik olan bu sahə
ölkəmizdə də
uzun müddətdir ki, tətbiq edilir. Hələ
2013-cü ildə Prezident
İlham Əliyevin göstərişi ilə
Salyan rayonunun Xıdırlı kəndində
dəniz suyunu içməli su səviyyəsinə qədər
təmizləyən Tərs
Osmos membranları ilə təchiz olunan və yüksək texnologiyalara əsaslanan zavod inşa edilib. Zavod ilkin mərhələdə
sutkada 1000 kubmetr şirin su istehsal
etsə də, daha sonra bu
rəqəm iki dəfə artırılaraq
sutkada 2000 kubmetrə çatdırılıb.
Təkcə Salyanda
deyil, Şirvan kollektorunun suyunun da suvarılmaya yararlı olması üçün işlər
görülüb və
görülməkdədir. Burada 2012-ci ildə sutkada 2500 kubmetr gücündə qurğu
quraşdırılıb. Dörd
il sonra inşa edilən ikinci qurğunun gücü iki dəfə artıq su istehsal etməyə
imkan yaradıb. 2013-cü
ilin yanvarından istismara verilmiş Dəniz suyunun duzsuzlaşdırılması zavodu
və Şirvan kollektorunun suyunun duzsuzlaşdırılması qurğularında
bu günədək 6
milyon kubmetrdən artıq su istehsal
edilib.
Azərbaycanda su
qıtlığının qarşısının alınması
istiqamətində həyata
keçirilən tədbirlər
davam edir. Dövlət başçısının
"Dəniz suyunun duzsuzlaşdırılması yolu
ilə içməli
su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri
haqqında" 12 aprel
2023-cü il tarixli sərəncamı ölkəmizdə
içməli su ehtiyatının artırılması
ilə yanaşı, həm də sözügedən problemlə
bağlı mövcud
vəziyyətin yaxşılaşdırılmasına
xidmət edir. Layihənin reallaşdırılmasında
məqsəd əhalinin
içməli su ilə təminatının
artırılması və
bu sahəyə yeni texnologiyaların cəlb edilməsidir.
Dəniz suyunu təmizləyərək şirin
su almaq üçün bir neçə üsul mövcuddur. Bunlar kimyəvi, elektrodializ və Əks Osmos üsullarıdır.
Əks Osmos üsulu ən müasir üsul sayılır. Bu zaman su böyük
təzyiqlə xüsusi
membrana vurulur. Membran su molekullarını
buraxır, tullantıların
və duzun molekullarını isə saxlayır. Əks Osmos üsulunda su duz, xlor
və başqa tərkiblərdən təmizlənir.
Bura daxil olan suyun hamısı
təmizlənmir, yenidən
dövriyyəyə qayıdır.
Dəniz suyunun
duzsuzlaşdırılması və çirkli suların təkrar istifadəsini reallaşdıran
bu layihələr Azərbaycanın su qıtlığı probleminin
həlli istiqamətində
atılan mühüm
addımlardandır.
Duzsuzlaşdırılmış sular içmək üçün yararlıdır
Mövzu ilə
bağlı qəzetimizə
açıqlama verən
ekoloq Cəmşid Bəxtiyarın sözlərinə
görə, dünyada
milyonlarla insanın üzləşdiyi qlobal problem olan içməli
su qıtlığının
həllinə yönəlmiş
müxtəlif üsullar
mövcuddur: "Bu üsullardan ən effektivi duzsuzlaşdırma
texnologiyalarıdır. Xüsusilə
sahilyanı ölkələrdə
dəniz suyunun şirinləşdirilməsi texnologiyalarının tətbiqi
daha məqsədəuyğundur.
Bəzi insanlar belə suyun içməli suyu tam əvəz edə bilməsinə şübhə ilə yanaşırlar. Lakin aparılan təcrübələr
bu şübhələrin
əsaslı olmadığını
göstərir. Bir çox hallarda isə əksinə, xüsusi texnologiyalarla təmizlənmiş dəniz
suyunun daha üstün təmizliyə
malik olduğu üzə çıxır".
Su böhranı
ilə mübarizədə
dəniz suyunun duzsuzlaşdırılmasından başqa alternativ variantları da tövsiyə edən ekoloq deyib ki,
yağış sularının
saxlanılması üçün
xüsusi sistemlər qurularaq, su ehtiyatlarının
artırılmasına kömək
etmək mümkündür.
Bu üsul xüsusilə kənd təsərrüfatı sahəsində
təsirlidir. Yağıntı
suları hətta xüsusi təmizlənmə
prosesindən keçirilmədən
texniki tələbata yönləndirilərək (məsələn,
avtoyuma məntəqələrində,
camaşırxanalarda və
s.), içməli suyun qənaətlə
işlədilməsi üçün
şərait yaratmaqda
yardımçı ola
bilər.
"Əksər bölgələrimizdə
eyni mənbələrdən
həm suvarma, həm də içməli su resursu kimi istifadə
edilir. Belə yerlərdə yağıntı
sularının toplanaraq
kənd təsərrüfatında
istifadə edilməsi
ilə yanaşı, müasir suvarma texnologiyalarına keçid
etməklə də suya əhəmiyyətli dərəcədə qənaət
etmək olar. Belə texnologiyalardan biri damcı suvarma üsuludur. Çirkab suları da təmizlənərək
kənd təsərrüfatında
və sənayedə istifadə üçün
yararlı hala gətirilə bilər. Xəzərin sahilindən
çox uzaqda yerləşən, yağıntıların
daha az düşdüyü
bəzi regionlarımızda
məhz bu üsul effektli ola bilər", - deyə Cəmşid Bəxtiyar vurğulayıb.
Mübarizədə nə qədər çox ölkə iştirak etsə, həlli də bir o qədər asan olar
Cəmşid Bəxtiyarın
sözlərinə görə,
su çatışmazlığı
problemi bir çox başqa qlobal problemin birləşdirici halqası
hesab edilir: "İqlim dəyişiklikləri,
quraqlıq, səhralaşma,
şoranlaşma, o cümlədən
urbanizasiyanın sürətlənməsi
və şəhərsalma
adlandırılan böhran
ilə bağlı problemlərin hamısının
kəsişdiyi məqam
su qıtlığıdır.
Bir neçə gün öncə Azərbaycan BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) kimi böyük
beynəlxalq tədbirə
yüksək səviyyədə
evsahibliyi etdi. Bu, planetimizin gələcəyinin müzakirəsi
üçün olduqca
önəmli tədbir
idi. İqlim konfransında müzakirə
edilən önəmli
məsələlərdən biri də su
qıtlığı və
onunla mübarizə yolları oldu. Aparılan geniş müzakirələrin sonunda
ilk dəfə olaraq Su üzrə
İqlim Fəaliyyəti
Bəyannaməsi qəbul
edildi. Sözügedən
bəyannamə daha geniş regional, beynəlxalq əməkdaşlığı
təşviq edir. Bəyannaməni imzalayan ölkələr iqlim dəyişikliklərinin su
hövzələrinə təsirləri,
bu təsirlərin səbəblərinə qarşı
mübarizə üsulları,
eləcə də bu mübarizə üzrə kompleks yanaşma tərzlərini
tətbiq eləmək
kimi öhdəliklər
götürüblər. Bəyənnamənin
imzalanmasında təəssüfedici
məqam isə odur ki, onu
dünyanın cəmi
50 ölkəsi imzaladı.
Su qıtlığı
böhranının qarşısının
alınmasında nə
qədər çox ölkə iştirak etsə, mübarizə aparsa, həlli də daha asan
olar".
COP29-da dəniz suyunun
duzsuzlaşdırılmasının da geniş müzakirə
edildiyini bildirən ekoloq deyib ki,
Azərbaycanın uzun
illərdir bu sahədə təcrübəsinin
olması qürurverici
haldır. Bu təcrübənin paylaşılması
baxımından aparılan
müzakirələrdə ölkəmizin
iştirakını dünya
praktikasına töhfə
kimi qiymətləndirmək
olar.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.- 28 noyabr
(№ 262).- S.16.