Azərbaycan
Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda təmsil olunub
Noyabrın 27-də Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Portuqaliyanın Kaşkay şəhərində keçirilən
Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar
Alyansının 10-cu Qlobal
Forumu çərçivəsində
Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda iştirak edib.
Dövlət Komitəsindən
AZƏRTAC-a bildiriblər ki,
konfransda çıxış
edən R.Məmmədov
Azərbaycanın mədəniyyətlərarası
və dinlərarası
dialoqa verdiyi töhfələrdən söhbət
açıb, ölkəmizin
BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən
həyata keçirilən
bir çox mötəbər tədbirlərə
ev sahibliyi etdiyini xatırladıb.
COP29 çərçivəsində
“Dünya dinləri yaşıl planet naminə” mövzusunda təşkil edilmiş Dini Liderlərin Qlobal Sammitindən bəhs edən komitə sədri vurğulayıb ki, dünyanın üzləşdiyi
ekoloji problemlərin aradan qaldırılmasında
müxtəlif konfessiyaların
zəngin mənəvi
potensialı, nüfuzlu
dini liderlərin qlobal məsələlərin
həllində mühüm
rol oynamaq imkanı keçirilən
tədbir vasitəsilə
dünya ictimaiyyətinin
diqqətinə çatdırılıb.
R.Məmmədov bütün
dinlərin və etnik qrupların nümayəndələrinin bir
ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları
ölkəmizdəki 2000-dən çox məscidin, 16 kilsənin, 7 sinaqoqun və digər dini ibadət yerlərinin Azərbaycanın
zəngin irsinin tərkib hissəsi olduğunu deyib. Bildirib ki, Ermənistan
30 ilə yaxın müddətdə işğal
altında saxladığı
ərazilərimizdə Azərbaycan
mədəni irsinin ayrılmaz hissəsi olan qədim Alban abidələrinin tarixinin təmir-bərpa adı altında saxtalaşdırılması, 67 məsciddən 65-nin tamamilə,
2-nin qismən məhv
edilərək yararsız
hala salınması,
200 qəbiristanlığın darmadağın edilməsi
və bu kimi digər əməllərin törədilməsi
ilə mədəni dəyərlərin qorunmasına
aid bir sıra
beynəlxalq konvensiyanın
tələblərini kobud
şəkildə pozub.
“Bununla yanaşı,
çoxmillətli, çoxkonfessiyalı
ölkəmizdə tarixi-mədəni
irsin, milli-mənəvi
dəyərlərin qorunması,
o cümlədən dini
ibadət yerləri və maddi-mədəniyyət
abidələrinin bərpası,
mühafizəsi Azərbaycan
dövləti tərəfindən
daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyev dini icmalara, onların rəhbərlərinə ardıcıl
olaraq maddi-mənəvi
dəstək göstərməklə
Azərbaycanın dövlət-din
münasibətlərində nümunəvi təcrübəsini
dünyaya nümayiş
etdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən dinlərarası
dialoq və əməkdaşlığın gücləndirilməsi sahəsində
çoxsaylı layihələr
həyata keçirilir,
ölkəmizdəki, o cümlədən
işğaldan azad edilmiş ərazilərdəki
məscid, kilsə və sinaqoqlar təmir, bərpa olunur”, - deyə o əlavə edib.
Ramin Məmmədov, həmçinin ölkəmizin ümumbəşəri maraqlara uyğun olaraq qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.3.