İqlim dəyişmələri ilə mübarizədə tarixi nailiyyət

 

Azərbaycan dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla evsahibliyi etdi. Doğrudur, respublikamız ötən illər ərzində mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi məkan olmuşdu.

Hər dəfə yüksək səviyyədə təşkilatçılığı, evsahibliyi xoş təəssüratlarla yadda qalmışdı. Bu sahədə zəngin təcrübə əldə edən respublikamız bu dəfə həm miqyasına, həm qlobal əhəmiyyətinə görə dünyanın ən mötəbər iqlim tədbirinə ev sahibi seçilmişdi.  COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərar keçən ilin dekabrında qəbul olundu. Azərbaycan bir ildən az vaxtda bu mötəbər tədbiri bütün qabaqcıl təcrübələr nəzərə alınmaqla ən yüksək səviyyədə təşkil etdi. Bu, ölkəmizin növbəti uğuru oldu.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı ilə keçirildi. Hələ bu ilin mayında Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində vurğulamışdı: "Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır".

Diqqətə çatdıraq ki, dövlət başçısının sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Ölkəmizin paytaxtında keçirilən COP29 yüksək təşkilatçılıqla yanaşı, əldə olunan müsbət nəticələr baxımından ən uğurlu COP-lardan biri oldu. 196 ölkədən 76 mindən çox iştirakçının qatıldığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iqlim danışıqları üzrə tarixi nəticələrin əldə edilməsi, qlobal əhəmiyyətli təşəbbüslərin dəstəklənməsi böyük nailiyyətlərdir.

Noyabrın 11-də açılış mərasimi keçrilən COP29-da qlobal iqlim dəyişmələri ilə bağlı aparılan müzakirələr səmərəli oldu. Konfrans dünya ölkələrinin, xüsusilə   inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatdı.

İnkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik - Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında qəbul edilən ən əhəmiyyətli qərarlardandır.  Qeyd edək ki, COP29-a qədər bu məbləğ 100 milyard dollar həcmində idi.  Bakı Maliyyə Məqsədi inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyən etdi.

COP29-da 9 illik gözləntiyə son qoyuldu. 2015-ci ildən bəri ilk dəfə olaraq Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bu, COP29 sədrliyinin əsas prioritetlərindən biri idi. Beləliklə, COP29 sədrliyi Paris Sazişinin 6-cı maddəsinə əsasən, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün bu gözləmə müddətinin başa çatdığını elan etdi. Paris Sazişinin 6-cı maddəsi ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün, şəffaflığın karbon bazarlarının möhkəmliyinin təmin edilməsində önəmli rol oynayacaq.

6-cı maddə üzrə beynəlxalq əməkdaşlıq sayəsində milli iqlim planlarının (NDC) icra məsrəflərinin illik 250 milyard ABŞ dolları həcmində azalacağı gözlənilir. COP29 sədrliyi tərəfləri qənaət olunan bu vəsaitləri yüksək iqlim ambisiyalarına yönəltməyə çağırır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında İtki Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu. Bu da COP29-da əldə olunan əsas nailiyyətlərdən biridir. Beləliklə, 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki Zərər Fondu tam şəkildə institutlaşdırıldı.

COP29 çərçivəsində İtki Zərər Fondu ilə bağlı bir sıra önəmli sazişlər imzalandı. Bunlar fondun İdarə Heyəti ilə Dünya Bankı arasında "Qəyyumluq Sazişi" "Katibliyin Ev Sahibliyi Sazişi", eləcə fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış "Ev Sahibi Ölkəyə dair Saziş"dir.

Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği hazırda 731,15 milyon ABŞ dollarından çoxdur. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulub.

Bakıda keçirilən dünyanın ən böyük iqlim tədbirinin yekununda qəbul olunan başqa bir qərara əsasən, Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqunun çağırılacağı da nəzərdə tutulub. Bu da inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirəsini təmin edəcək.

Qəbulu üzrə danışıqları uzun müddətdir davam edən daha bir sənəd üzrə razılığa da bu konfrans çərçivəsində COP29 sədrliyi nəticəsində nail olundu. Belə ki, COP29-un qərarı ilə onillik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekun nəticələrindən biri Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə texniki dəstəyin göstərilməsinə dair qərar qəbul edilməsidir. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, həmçinin inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə texniki dəstəyin göstərilməsini əhatə edir. COP29 sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması qərarda əksini tapıb. Bu qərarda COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, eyni zamanda iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəfdaş dövlətlər tərəfindən alqışlanıb.

Qəbul edilən qərarların qlobal əhəmiyyəti deməyə əsas verir ki, COP29 iqlim dəyişmələri ilə mübarizədə tarixi tədbir oldu.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.6.