Yeni müharibə Ermənistanın tam məhvi ilə bitəcək

 

 

Qərb növbəti savaş avantürası hazırlayır

 

 

Dörd ilə yaxındır ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları hələ nəticəsiz qalır. Bunun real səbəbi məğlub ölkənin qalib Azərbaycanın şərtlərini yerinə yetirməməsidir. Azərbaycanın şərtləri bəllidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü şərt budur ki, Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər sülh müqaviləsinin imzalanması mümkün deyil.

Çünki bu sənəddə Azərbaycana qarşı ərazi iddiaları var. Hazırda bu, sülh prosesinin qarşısında duran yeganə maneədir. Azərbaycan əmin olmaq istəyir ki, Ermənistanla sülh sazişi gələcəkdə onun revanşizmə qayıdışını ya ölkəmizə qarşı ərazi iddialarını mümkünsüz edəcək. Ermənistanın sülh danışıqlarını, müqavilənin imzalanmasını öz hərbi potensialını gücləndirmək, tarixi yeni başlanğıc fürsətinə qarşı pozuculuq taktikası yürütmə fürsəti kimi baxması Azərbaycan üçün qəbul-edilməzdir.

Amma son günlərdə yenidən bu məsələ gündəmə gəlib. Məğlub ölkə savaşa hazırlaşır. Fransa Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın "S 300" raket komplekslərini Ermənistana vermək niyyəti, adını "sülh fondu" qoyub Hayastana silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu" Ermənistanı yenidən revanşist fikirlərə salıb.

Bir tərəfdən Fransa, digər tərəfdən Aİ-nin Ermənistanı silahlandırması bu qüvvələrin əslində Qafqazda yeni münaqişə ocağının yaranmasında maraqlı olduqlarını bir daha göstərir. Görünən budur ki, Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb. Ermənistanın hücum təyinatlı silahlarla silahlandırılması gələcəkdə regionda münaqişənin yenidən alovlanmasını şərtləndirə bilər.

Bunun digər səbəbi isə baş nazir Nikol Paşinyanın ölkədəki reytinqinin getdikcə aşağı düşməsidir. Bu da Hayastan hakimiyyətinin keçmiş ssenarisinin davamıdır desək, yanılmarıq. Vətən müharibəsinədək Ermənistanın əvvəlki hərbi xunta rejimi ölkədə yaranmış sosial-iqtisadi böhranla bağlı xalqın hakimiyyətə qarşı üsyanını yatırmaq üçün Qarabağda Azərbaycana qarşı hərbi təxribatlar törədib fikir yayındırırdı. Ayağa qalxan xalqın diqqəti baş verən təxribata qarışırdı beləcə, narazılıqlar arxa plana keçirdi.

İndi isə Paşinyan eyni yolu seçir. Yəni baş nazirin reytinqini bərpa etmək üçün yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda Azərbaycan üzərində kiçik olsa, qələbə qazanmaqda görür.

Digər tərəfdən, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət gündən-günə pisləşir, Rusiya irəliləyir. Buna görə onlar Rusiyanın diqqətini başqa səmtə yönəltmək onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.

 Aİ-nin Ermənistanda hərbi missiyası, Qərbin Azərbaycan Ordusu, hərbi hissələrin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi faktları da təsdiq edir ki, rəsmi İrəvan sülh istəmir.

Əlbəttə ki, Qərbin təhriki dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına yeni müharibənin başlanmasına aparır.

Əlbəttə ki, Azərbaycan bütün prosesləri izləyir Ermənistanın silahlandırılması faktlarını görür. Əgər Ermənistan düşdüyü acınacaqlı durumdan qurtulmaq istəyirsə, sülh müqaviləsini imzalamalıdır. Yox, əgər məğlub ölkə revanşa hazırlaşırsa, onda yaxşı anlamalıdır ki, savaş baş versə, ABŞ-nin, Hindistanın, Fransanın müasir silahları, texnikaları Azərbaycan Ordusunun arsenalına daxil olacaq, Bakıdakı Hərbi Qənimətlər Parkının eksponatlarının sayı artacaq.

Noyabrın 8-də Bakıda Zəfər Parkının açılışında Müzəffər Ali Baş Komandan bir daha bu məsələdən danışaraq Ermənistana xəbərdarlıq etmişdi. Prezident bildirmişdi ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-azərbaycançı qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər: "Mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə Cənubi Qafqazda ara qarışsın, yenə qan tökülsün, yenə onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar".

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 29 noyabr (№ 263).- S.8.