COP29 təkcə qlobal iqlim tədbiri deyildi

 

 

Həm də xalqımızı və ölkəmizi dünyaya təqdim etmək üçün növbəti fürsət idi

 

 

Nə sirdirsə, hansısa böyük bir addım atmaq istəyəndə səni dəstəkləyənlərlə yanaşı, bu işi pozmaq istəyənlər də tapılır. Tutacaqları isə ağlagələn və gəlməyən "səbəb"lər olur. Yazılmamış bu "qayda" sadə məişət hadisəsindən tutmuş böyük dövlət tədbirlərinədək özünü göstərir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar ərəfəsində qlobal tədbirə "kəc" baxan, gözügötürməyən xarici qüvvələr, boykot etmək fikrinə düşənlər qalsın bir yana, daxildə də COP29-u həzm edə bilməyənlər özlərini açıq-aydın büruzə verdilər. Özlərini "müxalifət" adlandıran qərəzli kəslər var gücü ilə çalışdılar ki, hansısa bir neqativ "fakt" tapıb tədbirin üstünə kölgə salsınlar.

Təbii ki, onları belə nəhəng qlobal tədbirin ölkəmizə xeyir, nüfuz gətirən tərəfləri qətiyyən maraqlandırmırdı. Ekologiyanı qoyaq kənara, baxmayaraq ki, indiki vaxtda dünyanı ən çox rahatsız edən iqlim dəyişməsi və onun fəsadlarıdır, məgər COP29 ölkəmizin turizm sektoruna az fayda verdi?! İldə 5 milyondan çox turist qəbul etmək imkanı olan Azərbaycan həmin günlər 70 mindən çox əcnəbi qonağı qəbul etdi. Onlar iki həftə paytaxtdakı 300-ə yaxın hoteldə qaldılar. COP29 nümayəndələri ayrıca kirayə evlərlə də təmin olundular. Şəhərin taksi xidməti, ictimai iaşə şəbəkəsi əcnəbilərin xidmətində dayandı. Və bütün bunların xərcini Azərbaycan deyil, dünyanın dörd bir yanından gəlmiş qonaqlar özləri ödədilər. Necə deyərlər, öz ciblərinin pulu ilə həm bizim xidmət sektorumuza qazanc verdilər, həm də Bakını gəzdilər, şəhərimizin gözəlliklərini gördülər, ölkəmizi, xalqımızı tanıdılar, adət-ənənələrimizlə tanış oldular.

COP ingiliscə "Conference of the Parties", yəni Tərəflər Konfransı adlanır və adındakı 29 rəqəmi qlobal tədbirin sayını göstərir. COP-a evsahibliyi edən hər hansı ölkə boynuna böyük məsuliyyət götürmüş olur. Çünki bu, sıradan bir tədbir deyil. COP-da qlobal iqlim məsələləri müzakirə edilir. Ona görə də danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, mütəxəssisləri, QHT nümayəndələrini və digər maraqlı tərəfləri bir araya gətirmək ev sahibindən böyük səriştə və təcrübə tələb edir. Bu baxımdan ev sahibi beynəlxalq əməkdaşlıq, investisiya və iqlim liderliyini nümayiş etdirmək fürsəti əldə etmiş olur.

Gələk bu fürsətdən istifadə etməyimizə. Azərbaycan xalqının qonaqpərvərliyindən yazmağa ehtiyac yoxdur - hamının qəbul etdiyi reallıqdır.  Azərbaycanlılardan başqa "qonaq Allah qonağıdır" deyən başqa millət varmı, yoxmu bilmirik, amma biz qapımızı döyən hər kəsi evimizin başına keçiririk, yaxşı nə var ona veririk. Təsadüfi deyil ki, hələ keçmişdə ata-babalarımız ev tikərkən qonaq-qaranı da  nəzərə alıblar. Hər evdə qonaq otağı olub, nənələrimiz, analarımız həmin otaqda ilin bütün fəsillərinə aid ayrıca yorğan-döşək, qab-qacaq saxlayıblar, mətbəxdə qəfil qonaq üçün ehtiyat ərzaq tədarük ediblər.

Bütün bu dəyərləri əsrlərdir qanında-canında daşıyan bir xalq necə dünyanın dörd yanından gələn COP29 iştirakçılarını - qonaqları soyuq qarşılaya bilərdi?! Axı COP29-un sayəsində Bakı iki həftə dünyanın diqqət mərkəzində oldu, ekoloqların nəbzi Azərbaycanda döyündü. Dövlətimiz dünya ölkələrini bir masa ətrafında toplayaraq bəşəriyyət üçün vacib olan iqlim müzakirəsinə moderatorluq etdi. Bütün bunlar təbii ki, yüksək mədəniyyət sərgiləməklə, milli adətlərimizin fonunda ortaya qonaqpərvərlik nümunəsi qoymaqla həyata keçirildi. Bu zamana kimi müxtəlif beynəlxalq tədbirlərə - idman yarışlarına, musiqi festivallarına, elmi konfranslara evsahibliyi edən Azərbaycan üçün COP29 növbəti qlobal missiya idi. Azərbaycan da həmin missiyasını yerinə yetirdi, özü də adına layiq səviyyədə. COP29-da dünyanın iqlim sarıdan gələcəyini müəyyən edəcək bir sıra mühüm qərarlar qəbul edildi. "Yaşıl keçid" üçün inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar həcmində vəsaitin ayrılması barədə razılığa gəlindi. Bakıda reallaşan bu razılıq üçün 10 il zaman lazım olmuşdur.

COP29-un "yaşıl zona"sındakı Azərbaycan pavilyonu əcnəbilərin ən çox ziyarət etdikləri məkan idi. Xalqımızın milli-mənəvi dəyərlərini özündə əks etdirən xalçalarımız, kəlağayılarımız, qədim məişət əşyalarımız, gözəlliyi ilə gözoxşayan, qadınlara məxsus incə, zərif aksesuarlarımız haqqında bilgi əldə edən qonaqlar azərbaycanlı təmsilçilərin gülər üzünü, səmimi davranışını, mehriban təbəssümünü görəndə elə bil ki, özləri də dəyişirdi. Soyuqqanlı ingilisin, ciddi almanın, çılğın italyanın simasında yaranan xoş təbəssümü görməmək mümkün deyildi. Hələ onu demirik ki, qəzet və saytlara, xəbər agentliklərinə, televiziyalara müsahibə verən hər bir əcnəbinin ilk sözü "Bakı çox gözəldir, insanları gülərüzdür, yeməkləri çox dadlıdır" olurdu.

Şübhəsiz, COP29-un iştirakçıları ölkələrinə xoş təəssüratla qayıtdılar. Onların özləri ilə apardıqları xoş ovqat Azərbaycan xalqının başucalığı, dövlətimizin uğurudur. Amma nə yazıq ki həmin uğuru gözardı edənlər də oldu. Halbuki COP29 təkcə qlobal iqlim tədbiri deyildi, həm də Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə etimad, inam və hörmətin göstəricisi idi. Dövlətimiz və onun lideri bu hörməti əməli işi, müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa olan sədaqəti ilə əldə edib.

 

 

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 30 noyabr (№ 264).- S.5.