Prezident
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub
Cəbrayıl
və Zəngilanın bərpası konsepsiyası sürətlə
reallaşır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl
rayonunun Horovlu kəndində fərdi evlərin və sosial
obyektlərin tikintisi ilə tanış olublar.
AZƏRTAC xəbər
verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Vahid Hacıyev dövlətimizin
başçısına və birinci xanıma kənddə
görülən işlər barədə məlumat verdi.
Bildirildi ki,
layihələndirilən ümumi ərazi 248 hektardır və
perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə)
yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə
Horovluya 1395 nəfərin köçürülməsi
üçün tikilən 334 fərdi evin hörgü işləri
tamamlanıb, hazırda xarici və daxili bəzək işləri
görülür. İnşa olunan evlər iki, üç,
dörd və beş otaqdan ibarətdir. Həmçinin burada
məktəb binası, uşaq bağçası və digər
iaşə obyektlərinin tikintisi davam etdirilir.
Diqqətə
çatdırıldı ki, kəndin dayanıqlı su təchizatını
təmin etmək məqsədilə burada əvvəllər
mövcud olmuş kəhrizlərin bərpası
üçün layihə də həyata keçirilib.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə
hazır evlərə baxdılar.
Qeyd edək
ki, Horovlu kəndinin təməli 2023-ci il mayın 4-də
Prezident İlham Əliyev tərəfindən qoyulub.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.2.