Cəbrayıl rayonunda “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin
təməli qoyulub
Cəbrayıl
və Zəngilanın bərpası konsepsiyası sürətlə
reallaşır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl
rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında
yeni müəssisələrin təməlqoyma mərasimlərində
iştirak ediblər.
AZƏRTAC xəbər
verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin
başçısına və birinci xanıma sənaye
parkında görülən işlər barədə məlumat
verdi.
Qeyd edək ki, Prezident İlham
Əliyev tərəfindən
ölkəmizdə həyata
keçirilən iqtisadi
siyasətin ən önəmli istiqamətlərindən
biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli
inkişafıdır. Bu
baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri
ilə uzlaşan mütərəqqi mexanizmlərin
- sənaye zonalarının
(sənaye parkları və məhəllələri)
yaradılması və
fəaliyyətinin genişləndirilməsi
xüsusi önəm kəsb edir.
İşğaldan azad
edilmiş torpaqlarımızın
ölkə iqtisadiyyatına
reinteqrasiyası, yeni əməkdaşlıq imkanları,
beynəlxalq və regional nəqliyyat-logistika
dəhlizlərinin artan
potensialı Azərbaycanın
sürətli inkişafı
üçün əlavə
stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit,
turizm imkanları və s. azad edilmiş ərazilərimizə
investorların marağını
artırır. Cəbrayıl
rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda
yerləşməsi və
infrastruktura çıxış
imkanları rayonun gələcəkdə Qarabağın
sənaye mərkəzinə
çevrilməsi imkanlarını
genişləndirir. “Araz
Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması
da məhz bu məqsədə xidmət edir.
Dövlətimizin başçısının
2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı
Agentliyinin (İZİA) idarəçiliyində
Cəbrayıl rayonunda
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti
kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış
obyektləri, TIR parkı,
gömrük, yanacaqdoldurma,
avtomobil və digər texnikaların təmiri məntəqələrinin
yaradılması planlaşdırılır.
Ərazisi 200 hektar
olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil
olunub ki, bu da sahibkarların
diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu
Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində
yerləşir.
Sənaye parkının
hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən
ümumi olaraq Parka
133,8 milyon manat investisiyanın
yatırılması, 2 mindən
çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək
rezidentlər tərəfindən
Sənaye Parkına 20
milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox
daimi iş yeri yaradılıb.
Rezidentlər tərəfindən
sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet
daşların, müxtəlif
çeşiddə yapışqan
lentlərin, ayaqqabıların,
dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların
və digər məhsulların istehsalı,
40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək,
logistik mərkəz inşa olunacaq.
Hazırda “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir.
Müəssisədə kənd
təsərrüfatı texnikalarına,
yük maşınlarına
texniki servis xidməti göstərilir.
Prezident İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva sənaye parkında əvvəlcə Litvanın
“Dominari” şirkətinin
mebel klasterinin təməlqoyma mərasimində
iştirak etdilər.
Məlumat verildi
ki, Litvanın “Dominari”
şirkəti “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən
Sənaye Parkının
10 hektar ərazisində
5 mərhələdən ibarət
mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə
tutulur.
İlkin mərhələdə
döşək istehsalının
əsas xammalı olan paralon materialının
istehsalı zavodunun və mebel klasterinin
müxtəlif mərhələlərini
parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır.
İnvestisiya dəyəri
50 milyon manatdan çox olan müəssisədə ilkin
mərhələdə 650 nəfər
işlə təmin ediləcək. İşçilərin
Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.
Şirkət ildə
6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin, döşəklər,
divanlar və çarpayılar üçün
1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri
istehsal edəcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Qeyd edildi ki, Litvanın “Dominari” şirkəti qısa müddət ərzində Baltikyanı
ölkələrin və
Şərqi Avropanın
aparıcı mebel istehsalçılarından birinə
çevrilib. Hazırda
şirkət 2 min işçi və 200-dən
çox korporativ müştəri bazasına
malikdir.
Prezident İlham Əliyev
“Dominari” şirkətinin
mebel klasterinin təməlini qoydu.
Sonra dövlətimizin
başçısı və
birinci xanım sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak
etdilər.
Məlumat verildi
ki, “Karabakh Stone” MMC
2024-cü ilin iyulunda
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət Sənaye Parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması
üçün dekorativ
daşlar (tamet daşlar) və səki bordürlərinin
istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi
7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə
tutulur.
İstehsal gücü
1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə
hazırlanacaq məhsullar
daxili bazarın təlabatının ödənilməsinə
yönəldiləcək. Türkiyə
texnologiyasından istifadə
ediləcək müəssisənin
2025-ci ildə fəaliyyətə
başlaması planlaşdırılır.
Dövlətimizin başçısı
zavodun təməlini qoydu.
Azərbaycan.-2024.-
4 oktyabr (¹ 217).- S.3.