Bakıda “Afrikada
Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq
konfrans keçirilib
Oktyabrın
3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı
ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr
edilmiş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Seneqaldan,
Burkina-Fasodan, Kamerundan, Qvineya-Bisaudan, Konqo Demokratik
Respublikasından, Mavritaniyadan, Zimbabvedən, Nigerdən,
Fransadan və Fransanın əsarəti altında olan Mayot
adasından nümayəndələr hüquqşünaslar, həmçinin
QHT rəhbərləri, siyasətçilər və ekspertlər
iştirak ediblər. Konfransda "Delimitasiyası olunmuş,
lakin azad olmayan: Neokolonializmin Afrikada yeni təzahürləri",
"Afrikanın inkişafı üçün
iqtisadiyyatın dekolonizasiyası", "Afrikalıların
kimliyin müəyyənləşdirilməsi
üçün sosial və mədəni dirçəliş"
mövzularında sessiyalar keçirilib.
Sessiyalarda çıxış edən mavritaniyalı
jurnalist Abdarahman Von bildirib ki, Afrika ölkələri Fransa
müstəmləkəçiliyindən əziyyət çəkən
ölkələrdəndir. “Bu müstəmləkə vəziyyəti
qadınlarımızın, uşaqlarımızın ləyaqətlə
yaşamalarına imkan vermir. Bizə qarşı diskriminasiya
siyasəti həyata keçirilir, qul kimi yanaşılır.
İnanırıq ki, müstəmləkəçiliyə
qarşı bu mübarizəmizi qazanacağıq.
Ümidvaram, icmalarımız bu mübarizənin nə demək
olduğunu anlayacaq və birləşəcək, nəticədə
biz qalib gələcəyik", - deyə Abdarahman Von
vurğulayıb.
Çıxış edən Milli Məclisin
deputatı Nizami Səfərov deyib ki, insanlıq əleyhinə
cinayətlərin konsepsiyası məhz Afrikada hələ də
izləri görünən Trans-Atlantik qul ticarəti ilə
bağlıdır. Bunun təsdiqini hələ XIX əsrdə
dərc edilən və beynəlxalq hüquqa həsr
olunmuş bir çox dərsliklərdə, ədəbiyyatlarda
görmək olar. İnsanlıq əleyhinə cinayətlərin
mənbəyi məhz quldarlıq, Afrikada baş verən qul
ticarətidir. Şübhəsiz ki, Fransa bu cinayətin törədilməsində
çox fəal rol oynayıb.
Qul ticarətinə görə Fransa tərəfindən
reparasiyaların ödənilməsinin ən mühüm məsələlərdən
biri olduğunu qeyd edən deputat vurğulayıb: “1998-ci ildə
Qayanadan olan deputat Kristian Tobira Fransa parlamentində
çıxış edib və xüsusi qanun layihəsi təklif
edib. Həmin qanun layihəsində iki məsələ öz əksini
tapmalı idi: Fransanın daxili cinayət qanunvericiliyinə
uyğun olaraq quldarlığın, qul ticarətinin
insanlıq əleyhinə cinayət kimi tanınması və
reparasiya məsələsi, ümumiyyətlə, beynəlxalq
müstəvidə reparasiya və kompensasiya. Ancaq çox təəssüf
ki, bu məsələ Afrika xalqlarına, Afrika dövlətlərinə
münasibətdə qanun layihəsindən kənarda
qaldı”.
Malidən olan QHT rəhbəri Kabin Dumbia qeyd edib ki,
iqtisadi müstəqilliyi əldə etmək üçün
təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli
istehsalı təşviq etmək zəruridir. Bunun
üçün də elmi və texniki sahəyə çox
ciddi investisiya qoyulmalıdır. Bütün Afrika ölkələri
isə bu cəhətdən çətinliklə üzləşib.
Diplomatik müstəqillik zəruridir. Diplomatik müstəqillik
dedikdə xarici güclərin təzyiqini dəf etmək nəzərdə
tutulur. O bildirib ki, Afrika ölkələri yeni tərəfdaşlar
axtaran zaman keçmiş müstəmləkəçi
ölkələrlə ehtiyatla davranmağa məcburdur.
İqtisadi, diplomatik və hərbi təzyiqlər Afrika
ölkələrinin dəf etməli olduğu çətinliklərdəndir.
Bəzən xarici qüvvələr sülhü təmin etmək
və ya terrorla mübarizə adı altında Afrika ölkələrinə
müdaxilə edirlər.
Konqo Kinşasa Dünyəvilik Evinin rəhbəri Dani
Bos Sinqoma Kabaqambe deyib: "Konqo Demokratik Respublikası
kolonializm uğrunda mübarizədə həlak olmuş Patris
Lubumbanın vətəndir. Neokolonializmlə mübarizə
bütün bəşəriyyətin vəzifəsi
olmalıdır. Suverenliyin çox böyük
üstünlükləri var. Ölkənin suveren olması
hökumətin müstəqil qərar qəbul etməsinə
imkan verir. Bu zaman dövlət milli maraqlar çərçivəsində
qərar qəbul edə bilir".
Çıxış edən fəal Kemi Seba
“neoliberalizm” adı altında Qərb dəyərlərinin bir
çox ölkələrə yeridildiyini bildirib. Onun sözlərinə
görə, lakin bu dəyərlər bir çox ölkədə
müqavimətlə qarşılanır. Berlin
divarının dağıdılmasından sonra Avropa dövlətləri
Mali, Benin, Burkina-Faso və digər Afrika ölkələrini
bir-birindən ayırmağa çalışdılar. Lakin indiki Afrika gəncləri
bunu bilir və buna imkan vermirlər.
“Azərbaycan
hazırda Fransa ilə gərginlik yaşayır. Siz nəzərə
alın ki, biz 500 ildir bu ölkənin zülmündən əziyyət
çəkirik. Bəzi şəxslər panafrikanizmlə
bağlı böyük tədbirin Bakıda keçirilməsini
təəccüblə qarşılayırlar. Lakin ümumi vəziyyətə
nəzər yetirsək görərik ki, Azərbaycan
Qoşulmama Hərəkatında fəal iştirak edir, deməli,
dekolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar
sırasındadır. Azərbaycanın Fransanın insan
hüquqları ilə bağlı bəyanatlarından
artıq təngə gəldiyini bilirik. Afrikalılara gəldikdə,
insan hüquqları fransız oliqarxiyasının yadına
düşmür. Rəsmi Parisin Qarabağla bağlı
mövqeyi Afrika ölkələri, Qviana, Martinika və
Qvadelupaya münasibətilə daban-dabana ziddir. Fransa
Qarabağdan fərqli olaraq Reünyon və Yeni Kaledoniyada
öz müqəddəratını təyinetmə məsələsindən
danışmır", - deyə Kemi Seba vurğulayıb.
Sosial Tədqiqatlar
Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas
Hüseynov qeyd edib ki, hər bir xalq üçün öz
taleyinin sahibi olmaq, müstəqil dövlət yaratmaq və
inkişaf etdirmək onun ən böyük nailiyyətidir.
Tarixin müxtəlif mərhələlərində üzləşdiyi
çətinliklərə, işğala, məhrumiyyətlərə
baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik
və dövlətçilik əzmini sarsıda bilmədi. 1991-ci
ildə müstəqilliyini elan etməklə Azərbaycan
öz dövlət suverenliyini bərpa etdi. Çünki
suverenlik hakimiyyətin ali keyfiyyəti deməkdir.
O bildirib ki, ikili standartların ən çox
müzakirə olunan və ən ağrılı tərəfi
böyük dövlətlərin kiçik dövlətlərə,
ümumiyyətlə, bir dövlətin digər iki dövlətə
qarşı fərqli, qərəzli münasibətidir.
İkili standartlara misal kimi ABŞ, Fransa və digər ölkələrin
Ermənistan və Azərbaycana qarşı siyasətini
göstərmək olar. Bu zaman ikiüzlü siyasət termini
də işlədilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə
yardımı qadağan edən 907-ci düzəlişi də
ikili standartın bariz nümunəsi hesab olunur.
“Afrikanın dörd əsrdən artıq qul ticarəti
və müstəmləkə istismarı zamanı Avropa
dövlətləri tərəfindən əsarət
altına alınması milyonlarla afrikalı üçün
nəinki böyük əzab və ölümlə nəticələndi,
həm də Afrikanın geriliyinə və kütləvi
yoxsulluğuna səbəb oldu. Bununla belə həm
“sivilizasiya missiyası”, həm də Fransanın Afrikadakı
siyasəti tamamilə irqçi idi və müstəmləkəçilik
dövlət tərəfindən təsdiqlənmiş
zorakılıq aktına çevrildi”, - deyə politoloq
vurğulayıb.
Sessiyalardan sonra Təşəbbüs Qrupunun illik
(2023-2024) fəaliyyətinə həsr edilmiş videoçarx
nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.