İqlim
dəyişmələri kontekstində
dünyada insan hüquqlarının müdafiəsi
Azərbaycan üçün
prioritetdir
Müasir
dünyada ən aktual qlobal çağırışlardan
biri olan iqlim dəyişikliyi təkcə ekoloji problemlərə
səbəb olmur, həm də insan hüquqlarına ciddi təhlükə
yaradır. Yer kürəsinin iqlimi dəyişdikcə, təsirlər
müxtəlif regionlar arasında qeyri-mütənasib şəkildə
hiss edilir, həyat, sağlamlıq, qida, su, mənzil təminatı
və digər bir sıra fundamental insan hüquqlarını
pozur. Bu mənada iqlim dəyişikliyinin fəsadlarının
qarşısının alınması, aradan
qaldırılması insan hüquqlarının təminatı
baxımından da müstəsna önəm kəsb edir.
AZƏRTAC xəbər
verir ki, bu fikirlər Media Təhlil Mərkəzinin Analitik
Qrupunun iqlim dəyişmələri kontekstində dünyada
insan hüquqlarının müdafiəsi ilə bağlı
məqaləsində yer alıb.
Məqalədə
bildirilir ki, günümüzdə iqlimlə bağlı
baş verənlər hətta yaşamaq hüququnu da müxtəlif
yollarla təhdid edir. Qlobal temperaturun, ekstremal hava hadisələrinin
tezliyinin artması və dəniz səviyyəsinin qalxması
qasırğa, daşqın və meşə
yanğınları kimi daha çox təbii fəlakətlərə
səbəb olur. Bu hadisələr demək olar ki, indi hər
il milyonlarla insana təsir edən həyat itkisinə və
miqrasiyaya səbəb olur. Bəzi ada dövlətləri dəniz
səviyyəsinin yüksəlməsi səbəbindən
ekzistensial təhlükələrlə üzləşirlər.
Onların bir çox vətəndaşları artıq “iqlim
miqrasiyası”nı yaşamalı olub. Təəssüf ki,
qaçqınlarla bağlı mövcud beynəlxalq qanunlar
“iqlim miqrasiyası”nı yaşayanları əhatə etmir. Bu
da milyonlarla insanı lazımi hüquqi müdafiədən məhrum
edir. Bununla bərabər, iqlim dəyişikliyi insanların,
xüsusilə uşaqlar, qocalar və yoxsulluq şəraitində
yaşayanlar kimi ən həssas əhali qruplarının
sağlamlıq hüququnu təhdid edir. Eyni zamanda, iqlim dəyişikliyi
həm də insanların yaşaması üçün iki əsas
ehtiyac olan qida və su hüququna birbaşa təhlükə
yaradır. Qlobal temperatur yüksəldikcə kənd təsərrüfatı
məhsuldarlığı azalır. Uzun sürən
quraqlıqlar, daşqınlar və dəyişkən xarakter
alan yağıntılar dünyanın müxtəlif yerlərində
məhsul çatışmazlığına səbəb
olur. Hazırda dünyada bir çox regionlar uzun sürən
quraqlıq və buzlaqların azalması səbəbindən
şirin su ehtiyatlarının azalması ilə üzləşir.
Həmçinin
qeyd olunur ki, iqlim dəyişikliyi nəticəsində mənzil
hüququ müxtəlif formada pozulur. Təbii fəlakətlər
və ekstremal hava hadisələri evləri dağıdır
və böyük köçlərə gətirib
çıxarır. İqlimlə bağlı hadisələr
səbəbindən evlərini və dolanışıq vasitələrini
itirən insanlar köç etdikləri yeni yerlərdə bəzən
ayrı-seçkiliklə, yoxsulluqla, mənzil təminatı
problemləri ilə üzləşirlər. Bütün qeyd
olunanlar kontekstində iqlim dəyişikliyinə insan
hüquqları obyektivi ilə yanaşmaq zəruridir.
“BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına – COP29-a ev sahibliyi etməyə hazırlaşan
Azərbaycan bu məqama da xüsusi diqqət edərək, onu
beynəlxalq səviyyədə gündəmə gətirir.
“İqlim dəyişikliyi və İnsan Hüquqları:
Ombudsman və Milli İnsan Hüquqları
İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq
Bakı Forumu da buna xidmət edən daha bir mühüm hadisədir.
Forumda aparılan müzakirələr bütün bəşəriyyət
üçün xüsusi aktuallıq kəsb edir. Prezident
İlham Əliyev Beynəlxalq Bakı Forumunun
iştirakçılarına müraciətində iqlim dəyişmələrinin
yalnız dövlətlərin sosial-iqtisadi rifahına deyil, sadə
insanların gündəlik həyatlarına və yaşam tərzlərinə
də birbaşa və ya dolayı yolla təsir göstərdiyini
qeyd edərək, bunun əsas insan hüquqlarının
müdafiəsi və təminatı baxımından bir
sıra ciddi çətinliklər yaratdığını
vurğulayır. Dövlətimizin başçısı
Forumun iqlim dəyişmələrinin yaratdığı
problemlər və onların həlli yollarının insan
hüquqları perspektivindən müzakirə edilməsi, bu
sahədə mövcud müsbət təcrübə
mübadiləsinin aparılması baxımından əhəmiyyətə
malik olduğuna diqqəti cəlb edir. Bu və digər tədbirlərin
təşkilində Azərbaycanın əsas məqsədi
iqlim dəyişmələri kontekstində insan
hüquqlarının müdafiəsi sahəsində yeni təşəbbüslərin
və yanaşmaların irəli sürülməsinə, bu
hüquqların təminatına ciddi maneə yaradan hallarla
mübarizə istiqamətində ümumi səylərin birləşdirilməsinə
nail olmaqdır. Bu kimi məsələlərin COP29 zamanı
da əsas diqqət mərkəzində yer alacağı
gözlənilir”, - deyə məqalədə qeyd olunur.
Yazıda
qeyd edilir ki, Azərbaycan iqlim ədaləti
konsepsiyasının tətbiqində maraqlı ölkədir.
Çünki bu, iqlim dəyişikliyi nəticəsində
hüquqları pozulan şəxslərin
hüquqlarının bərpa olunmasına və digər
pozuntuların aradan qaldırlmasına xidmət edir. Eyni
zamanda, Azərbaycanın yanaşması iqlim siyasətinin əhatəli
olmasını təmin etməyə və bütün
insanların, xüsusən də həssas qrupların
hüquqlarını qorumağa, bunun üçün
müvafiq fəaliyyət göstərilməsinə
hesablanıb.