Beynəlxalq
konfransın iştirakçıları
Şuşa həbsxanasında
aşkarlanan kütləvi
məzarlığa baxış
keçiriblər
“İtkin
düşmüş şəxslər
probleminin həlli: ailələrin həqiqəti
bilmək hüququnun dəstəklənməsi” mövzusundakı
beynəlxalq konfransın
iştirakçıları Şuşa həbsxanası
ərazisində ötən
il aşkarlanan kütləvi
məzarlığa baxış
keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
üzvləri olan xarici ölkələrin sabiq hökumət başçıları, Azərbaycanda
akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri və
hərbi attaşelər,
Beynəlxalq Qızıl
Xaç Komitəsinin
rəhbər şəxsləri,
itkin düşmüş
şəxslər üzrə
beynəlxalq təsisatların
nümayəndələri və
ekspertləri, xarici ölkələrin müvafiq
sahədə fəaliyyət
göstərən qurumlarının
rəhbərlərinə və
əməkdaşlarına Şuşa
həbsxanası, burada
ötən il aşkar
edilən kütləvi
məzarlıq barədə
məlumat verilib.
Bildirilib ki, Şuşa
həbsxanası 1848-ci ildə
çar Rusiyası dövründə tikilib və burada ağır cinayətlər
törətmiş insanlar
saxlanılıblar. Birinci Qarabağ
müharibəsi dövründə
burada azərbaycanlı
əsir və girovlar çox ağır şəraitdə
saxlanılıb. Dövlət
Komissiyasında olan məlumata görə, 360
nəfər əsir və girov götürülmüş
şəxslər burada
saxlanılıb. Onlardan 216 nəfəri
komissiyanın səyləri nəticəsində azad olunub. 144
nəfəri isə Dövlət Komissiyası tərəfindən
bu günə qədər axtarışdadır. Bildirilib ki,
saxlanılan əsir və girovlara çox dəhşətli
şəkildə işgəncələr verilib. Burada ölən,
öldürülən əsir və girovlar ərazidə dəfn
ediliblər. Onlar həbsxana ətrafında yerləşən
qəbiristanlıqda əsirlərin köməkliyi ilə dəfn
olunublar.
Diqqətə
çatdırılıb ki, keçən il iyun ayında bu ərazidə
qazıntı aparılarkən insan qalıqları aşkar
edilib. Dərhal əraziyə ekspedisiya heyəti cəlb olunub.
Arxeoloqlar, antropoloqlar, eyni zamanda məhkəmə tibbi ekspertləri
əraziyə cəlb ediliblər. Burada üç mərhələdə
qazıntı işləri aparılıb, ərazidə 31 nəfər
insan qalığı aşkarlanıb. Həmin insanlar qeyri-ənənəvi,
işgəncə verilmiş halda və müxtəlif
formalarda basdırılıblar. Bir-birinin üzərində
tapılmış qalıqlarda zədə izləri olub.
Toplanmış materiallar təsdiq edir ki, buradakı insanlara
çoxsaylı işgəncələr verilib və onlarla
qeyri-insani rəftar edilib.
Qeyd edək ki,
oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq
Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı
ilə “İtkin düşmüş şəxslər
probleminin həlli: ailələrin həqiqəti bilmək
hüququnun dəstəklənməsi” mövzusunda növbəti
beynəlxalq konfrans təşkil olunub.
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.12.