Urbanizasiya
və balanslı iqtisadi inkişaf
Azərbaycanda bu yöndə təsirli tədbirlər görülür
Dünən işini
yekunlaşdıran Bakı
İqlim Fəaliyyəti
Həftəsi (BİFH) iqlimlə
bağlı fəaliyyətin
səfərbər edilməsi
və sərhədlər
arasında əməkdaşlığın
təşviqi üçün
mühüm platforma rolunu oynadı. Eyni zamanda Azərbaycanın iqlim böhranının həllinə sadiqliyini göstərdi və qlobal dəyişikliklərə
təkan verməkdə
yerli təşəbbüslərin
potensialını nümayiş
etdirdi.
Bakı İqlim
Fəaliyyəti Həftəsi
dayanıqlı inkişaf
və iqlim fəaliyyəti öhdəliyinə
sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri,
eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində
Azərbaycanın keçid
dövrünü dəstəkləməyə
çalışdı. Builki
tədbirin əsas mövzuları "Enerji keçidi", "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər", "Su
təhlükəsizliyi", "Qida və kənd
təsərrüfatı", "Kiçik və Orta biznes müəssisələri"
və "Yaşıl
bacarıqlar" idi. Bu yazıda "Şəhərlər/Urbanizasiya
olunmuş mühitlər"
mövzusuna toxunaraq həmin istiqamətdə görülən işlərdən
və problemlərdən
bəhs etməyə çalışacağıq.
Məlumdur ki, şəhərlərdə sənaye
həcminin artması,
mədəni və siyasi funksiyaların önə çıxması
və əməyin bölgüsündə strukturun
dəyişməsi urbanizasiyaya
səbəb olur. Urbanizasiya kənd əhalisinin şəhərlərə
köçməsi, kiçik
şəhərlərin böyüyərək
ətraf kəndləri
öz yaşayış
sahəsinə qatmasıdır.
Azərbaycanda bunun
baş verməməsi
üçün şəhərsalma
sahəsində indiyədək
əldə edilmiş
uğurlar dünyaya çatdırılır, eləcə
də bu sahədə beynəlxalq əməkdaşlıq genişləndirilir.
Bu vəzifələrin
icrası ilk növbədə urbanizasiyanın
qarşısının alınmasına
xidmət edir. Ölkəmizin şəhərlərində
sənayenin inkişafı
məhsuldar qüvvələrin
səmərəli yerləşməsinin,
inkişafının, əhalinin
həyat və mədəni, texniki səviyyəsinin yüksəldilməsinin
çox mühüm şərtinə çevrilib.
Bu səbəbdən şəhərlərdə sənayenin
inkişafına dövlət
tərəfindən həmişə
böyük diqqət
yetirilir.
İqtisadiyyatın bölgələr
üzrə balanslı
inkişafı əhalinin
sosial rifah halının normal təmini üçün
əsas şərtdir.
Bu da yenə
urbanizasiyaya bağlı
amil olaraq Azərbaycanda, eləcə
də dünyada diqqət mərkəzində
saxlanılan əsas məsələ kimi olaraq gündəlikdə dayanır. Əhalinin kənd və şəhərlər üzrə
bölgüsü aparılarsa,
şübhəsiz, bu
gün Azərbaycanda kənddən şəhərə
axının qarşısıalınmaz
bir prosesə çevrildiyinin şahidi olarıq. Statistikaya müraciət edək. Ötən il ölkəmizin əhalisinin
sayı 52 min 625 nəfər (0,5 faiz) artaraq bu il
yanvarın əvvəlinə
10 milyon 180,7 min nəfər olub. Bunun 54,5 faizi şəhərdə, 45,5 faizi kənddə yaşayanlardır.
Əslində isə,
kənddə bundan az əhali yaşayır.
Bunu təbii qarşılamaq da olar. Çünki şəhərdə olan şərait və imkan kənddə yoxdur. Gənclərin şəhərə iş
dalınca gəlməsini
də görməzliyə
vurmaq olmaz.
Urbanizasiya müəyyən
mənada keyfiyyət göstəricisi olsa da, normadan kənara çıxması
müsbət hal sayılmır. Azərbaycanda
hələ sovetlər
dönəmində urbanizasiya xeyli dərəcədə yüksək
olmuşdur. Müstəqillikdən
sonra isə həm iqtisadi, həm də sosial amillərin yaratdığı əngəllər,
üstəlik, Birinci Qarabağ müharibəsinin
fəsadları nəticəsində
bu, ifrat dərəcəyə çatmışdır.
Bakıda əhalinin sıxlığı əvvəlki
onilliklərlə müqayisədə
o həddə böyümüşdü
ki, şəhər təsərrüfatında əməllicə
problem yaranmışdır.
Bu gün Bakının əhalisi rəsmi
olmayan məlumata görə, aşağı-yuxarı 3 milyondur.
Bu sıxlıq, təbii ki, ekoloji problemlərə - havanın çirklənməsi,
su çatışmazlığı,
tıxac və bu kimi hallara
səbəb olur. Nəqliyyatın hərəkətində
və sosial infrastrukturda və kommunal xidmətdə yaranan problemləri də bunun üstünə
gəlsək, Bakının
bugünkü mənzərəsini
təsəvvür etmək
çətin deyil.
Urbanizasiyanın
yaratdığı bu fəsadlar həm də şəhərsalmada
əngəl yaradır. Məhz bu məsələ
Bakı İqlim Fəaliyyəti Həftəsinin
açılış günü
müzakirə mövzusu
oldu. "Şəhərlər/Urbanizasiya olunmuş mühitlər" panelində
çıxış edən
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu
barədə fikirlərini
belə açıqladı:
"Biz şəhərləri
gələcəkdə də
dayanıqlı şəhər
kimi dizayn etməliyik: 70 faiz emissiyalar
şəhərlərdə yaranır. Biz şəhərləri elə
qurmalıyıq ki, onlar daha səmərəli
olsunlar. İqlim dəyişikliyinə dayanıqlı
olan şəhərsalma
Azərbaycanda əsas
prioritet sahələrdən
biridir. Bakının Baş Planı-2040-cı il
Azərbaycan üçün
bir nümunə kimi götürülə
bilər. Dayanıqlı
urbanizasiya ilə bağlı təkliflər
artıq irəli sürülüb. Burada çoxlu multisektor yanaşmalar əks olunub. Burada müxtəlif sektorlar arasında əməkdaşlıq
əsas götürülür.
Dövlət komitəsi
olaraq ətraf mühit və rəqəmsallaşma ilə
bağlı yeni standartlar qəbul olunub. iPCC ilə
birlikdə biz artıq "yaşıl bina" təşəbbüsünə
başlamışıq. Bir
sıra tikinti şirkətləri artıq
bununla bağlı öhdəlik götürüb.
Azad edilmiş ərazilərdə artıq
sıfır tullantı
ideyası tətbiq edilir. Şəhərin sağlamlığı təkcə
onun infrastrukturundan asılı deyil, eyni zamanda onun
iqtisadiyyatından, sakinlərin
həyat səviyyəsindən
asılıdır".
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
4 oktyabr (№ 217).- S.14.