Ömrü dram əsərinə bənzəyən sənətkar

 

Dünya qəribəliklərlə doludur... Sanki Tanrı onun aktyor, rejissor olacağını bildiyi üçün taleyini bir dram əsərinə bənzətmişdi...

Çəmbərəkənddə yoxsul bir ailədə dünyaya gəlmişdi. İki qardaş, bir bacı idilər. Sürücü işləyən atası Ağahüseyn Atakişiyev dünyaya gələn ilk övladının adını öz adına bənzədib Hüseynağa qoymuşdu...

O, dünyaya gələndən sonra həyat ona sanki öz amansız üzünü göstərirdi. Atasının aldığı az maaş ailənin tələbatını ödəmirdi... Bir yandan da anasının xəstəliyi...

Altı yaşındaykən anasını itirən Hüseynağa evdən qaçır... Bir neçə günlük axtarışdan sonra onu tapıb evə qaytarmaq mümkün olur. Ailənin çətinliyi, özündən kiçik bacı-qardaşlarının yaşaması üçün o, 12-13 yaşlarından işləməyə məcbur olsa da, orta təhsilini davam etdirə bilir.

 

 

"Onunla ailə qurduğuma peşman deyiləm"

 

Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin həyat yoldaşı Əməkdar artist, İncəsənət Universitetinin Aktyor sənəti kafedrasının müdiri, professor Gülşad Baxşıyeva ilə söhbət edirik:

- 1971-ci ildə Hüseynağa ilə İncəsənət İnstitutuna bir qəbul olmuşuq. Dörd il Mehdi Məmmədovun kursunda təhsil almışıq. Kurs tamaşalarında səhnədə tərəf- müqabil olmuşuq. Sonra təyinatla bütün kurs yoldaşlarımızla birlikdə qrup halında Şəkiyə getmişik...

Şəki teatrında 10 il işləmişik. Bir sıra tamaşalarda onunla tərəf-müqabil olmuşuq. Sonradan Hüseynağa tamaşa quruluşuna, rejissorluğa üstünlük verdi, mən isə aktyor olaraq işimi davam etdirdim.

Şəkiyə gedəndən iki il sonra evləndik. Oğlanlarımız Elbəy Elmir dünyaya gəldilər. 

Hüseynağa ilə evliliyimə peşman deyiləm...

 

 

 

"Onun diplomu elə onun tamaşasıdır"

 

 

- Hüseynağa çox bacarıqlı rejissor idi. Hətta deyərdim ki, bənzəri yox idi. O, təkcə tamaşa qurmurdu. O, aktyorlarla işləyə, komanda yarada bilirdi. Teatrda əsas komandadır. Hüseynağanı tanıyanlar bilirlər ki, onu himayə edən kimsəsi yox idi. İstedadının, bacarığının, çalışqanlığının hesabına özünü təsdiq edib, sənətdə yerini tutmuşdu. Sıfırdan başlayıb, dərnəklərdə işləyib gəlmişdi. İnstituta qəbul olanda 22-23 yaşı olardı. Mehdi müəllimin sinfində aktyorluq təhsili almış, qiyabi isə Boris Şukin adına Moskva Teatr İnistitutunun Rejissorluq fakültəsini bitirmişdi. Mehdi müəllim ona həmişə tapşırıqlar verirdi. "Sən bu əsəri filankəslərlə işlə". Deməli, onda nəsə görürdü... Hüseynağanın rejissorluq işi oradan başlamışdı...

Geriyə baxanda görürəm ki, onun tamaşaları çox möhtəşəm idi. Ən bəsit əsərlə gözəl bir nümunə yaradıb ortaya qoya bilirdi. Moskvadan teatrşünaslar gəlib, tamaşaya baxıb, dəyər verirdilər. Bir dəfə kimsə Moskvadan gələn nümayəndəyə yaxınlaşıb demişdi ki, Hüseynağanın rejissorluq diplomu yoxdur. O, rus dilində cavab verib ki, "Onun diplomu elə onun tamaşasıdır"...

 

"Hüseynağa qeyri-adi rejissor idi"

 

O, adi rejissor deyildi. Hazırladığı tamaşalar SSRİ miqyasında keçirilən dörd - "Bolqar", "Macar" "Rumun" "Alman" dramaturgiyası festivallarının bütün parametrləri üzrə qalibi olmuşdu. SSRİ kimi bir ölkədə birinciliyi qazanmaq adi bir deyildi, bu, bir əyalət teatrı üçün böyük uğur idi. Özü bu teatrın kollektivi bütövlükdə gənclərdən ibarət idi. Rejissorun isə cəmi 27 yaşı var idi... Bu faktlar özü göstərir ki, Hüseynağa qeyri-adi rejissor idi...

1975-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan Hüseynağa Atakişiyev bir il sonra artıq həmin teatrın baş rejissoru kimi fəaliyyətini davam etdirir. "Hacı Qara" tamaşası onun ilk rejissor işi olur... 10 il Şəki Dövlət Dram Teatrında çalışdıqdan sonra Bakıya dəvət alan H.Atakişiyev 1985-ci ildən etibarən Akademik Milli Dram Teatrında baş rejissor kimi tamaşalara quruluş verir.

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin kafedra müdiri, professor, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist Azad Şükürovla söhbətimizi davam etdiririk:

- Hüseynağa Atakişiyev Azərbaycan teatrında öz dəst-xəti, sənət yolu olan, müəyyən prinsiplərə malik, teatra çox sədaqətlə xidmət göstərən bir rejissor idi. Mən ona həm bir pedaqoq kimi baxırdım. Çünki o, ətrafına gəncləri toplayırdı. Şəki Dövlət Dram Teatrının açılışı zamanı belə bir hadisə baş vermişdi. O zaman Şəki teatrının çox istedadlı bir rejissoru var idi: Vaqif Abbasov. Bu teatrın açılmasında onun  müstəsna rolunu, əvəzsiz xidmətini danmaq olmaz. Vaqif teatrın baş rejissoru idi. Hüseynağagil həmin teatrda işləmək üçün Şəkiyə getmişdilər. Hüseynağa teatrda həm aktyorluq edirdi, həm Vaqifin assistenti idi.

Elə oldu ki, bədbəxt hadisə nəticəsində Vaqif ayağını itirdı. Belə bir vəziyyətdə Vaqif orada çox qala bilməyib Bakıya gəldi. Hüseynağa Şəki Dövlət Tetrında baş rejissor oldu.

 

 

 

"Ondan böyük gözləntilər var idi"

 

 

Nəhayət, məqam yetişdi, Hüseynağa köçüb Bakıya gəldi Milli Dram Teatrının baş rejissoru oldu. Başlanğıc pis olmadı... Ondan böyük gözləntilər var idi. Amma Hüseynağa Şəkidəki uğurlu başlanğıcı Bakıda davam etdirə bilmədi. Əslinə qalsa, ona işləməyə imkan vermədilər. Xırda bir səhv addımını gözləyirdilər ki, ona mane olsunlar. Hüseynağanın Milli Teatra gəlişi əyri işi olan adamların "yaradıcılıq" prosesinə mane olurdu.

O, çox ağıllı adam idi. Bu intriqanı, çəkişməni hiss edib teatrdan ayrılmalı oldu. Milli Dram Teatrından ayrıldıqdan sonra 1989-cu ildə özünün Gənclər Teatrını yaratdı ömrünün sonuna kimi teatrın bədii rəhbəri direktoru oldu.

Hüseynağa Atakişiyev rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. Aktyor kimi 57-dən artıq rol oynayıb. Aktyorun "Uzun ömrün akkordları" filmində canlandırdığı Üzeyir bəy obrazı, habelə "Ac həriflər" teletamaşasındakı "Artist" obrazı xüsusilə məşhurdur. Eyni zamanda Hüseynağa Atakişiyev rejisor kimi 1995-ci ildə İstanbulda Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoymuşdur.

Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının müdiri, Əməkdar incəsənənt xadimi, professor Aydın Əzimov:

- Şanslıyam ki, Hüseynağa Atakişiyev kimi bir sənətkarla dostluq edib birgə çalışmışam. Hüseynağa ilə təsadüfən tanış olmuşuq. Mən radioda səs rejissoru işləyirdim. Mədəniyyət Nazirliyi tulum çalanların yaradıcılığını, işini, həyatını, onların mühitini öyrənmək üçün məni Naxçıvana ezam etmişdi. Mən onları Bakıya konsertə dəvət etmişdim. Onlar konsert verərkən mən səs yazmaq üçün radiodan maşın dəvət etmişdim. Maşında öz işimlə məşğul olarkən bir gördüm qapı açıldı, qarşımda çox maraqlı, gülərüz, nurlu bir adam dayandı. Qəribədir ki, biz köhnə tanışlar kimi görüşdük. Kim olduğunu soruşduqda dedi ki, Şəkidən gəlib, teatr aktyorudur. Hərdən tamaşalar da hazırlayır...

 

 

"İlk tanışlığımızdan 15 gün sonra təklifi aldım"

 

 

- Çox maraqlı söhbətimiz oldu. Biləndə ki, o, teatr rejissorudur, bir az gileyləndim ...

Dedim, gənc rejissorsan, tamaşa hazırlayırsan. Mən gəncəm. Niyə həmişə tanınmış bəstəkarlarla işləyirsiniz. Gənc bəstəkara da şərait yaradın. İmkan verin onlar da özünü sınasın.

"Yaxşı", - dedi. Fikirləşdim ki, bu da söz verib getdi...

Aradan 15 gün keçmişdi. Gördüm mənə "zapiska" gəldi. Yazılmışdı ki, tamaşa üçün 12 mahnı, rəqs lazımdır. Həm xüsusi olaraq qeyd etmişdi: "İnciməyin, pul olmayacaq. Çünki teatrın pulu yoxdur, mən özüm pulsuz işləyirəm".

Təklif məni sevindirdi. Dedim, pul nədir ki, təki olsun. Qismət olar pul ilə işləyərik. Evə gəlib musiqini işləməyə başladım. Qısa müddətdə hər şeyi hazır edib, bir qutuya yerləşdirib, avtobus ilə göndərdim Şəkiyə. İlk dəfə idi ki, tamaşaya musiqi yazırdım. Beləcə, bizim birgə yaradıcılığımız başladı...

 

 

"Onunla işlədiyim illər ən xoşbəxt çağlarım olub"

 

 

- Bəzən insan bilmir ki, zaman xoşbəxt olur. Bir müddətdən sonra insanlar anlayır ki, ötən illər onun ən xoşbəxt çağlarıymış... Hüseynağa ilə işlədiyim illər ömrümün ən yaddaqalan çağları olub.

Hüseynağa çox gözəl teatr təşkilatçısı, peşəkar rejissor, işlədiyi kollektivlə dil tapmağı bacaran adam idi. Onun Şəki teatrında baş rejissorluq etdiyi illər bu teatrın keçdiyi inkişaf yolu, SSRİ- tanındığı dövrdür. O zaman Şəki teatrı ittifaq miqyasında keçirilən bütün festivallarda birinciliyi qoruyub saxlayırdı.

Şəki teatrında çox gözəl bir mühit formalaşmışdı. Truppa, müdiriyyət, baş rəssam Qüdrət Məmmədov, bəstəkarlardan Emin Sabitoğlu, Cavanşir Quliyev bir nöqtəyə vurmaqla uğurlara imza atırdıq. İlk uğurumuz Moskvada keçirilən "Bolqar" dramaturgiyası festivalında Hüseynağanın quruluş verdiyi Raço Stolaninin "Ustalar" pyesinin tamaşası oldu. Bu tamaşa bütün nominasiyalar üzrə - rejissor, aktyor, rəssam bəstəkar işinə görə birinci yeri tutdu... Bu uğurun ardı sonralar da gəldi. "Macar", "Alman" dramaturgiyası festivallarında da eyni uğuru təkrarladıq.

Moskvada Şəki teatrı haqqında bir əfsanə kimi danışırdılar. Bizi Moskvaya dəvət etdilər. Bir ay Moskvada qastrol səfərində olduq.

 

 

"Hüseynağa qədər musiqini bilən rejissor az idi"

 

 

- Hüseynağa Atakişiyev müsiqini bilən çox nadir rejissorlardan idi. Tamaşada musiqidən zərgər dəqiqiliyi ilə istifadə etməyi bacarırdı. Musiqinin harada, hansı məqamda verilməsini çox incəliklə bilirdi. Demək olar ki, bütün teatrlarla, rejissorlarla birgə işim olub. Hüseynağa kimi musiqi duyumu olanı heç görmədim. H.Atakişiyev o rejissorlardandır ki, tamaşanı necə başlayıb, necə bitirəcəyini dəqiq bilirdi. Əvvəlcədən oturub hətta musiqinin neçə dəqiqə, neçə saniyə gedəcəyini dəfələrlə müzakirə edib yazırdıq.

Azərbaycanda təşkilatçı rejissorları barmaqla saymaq olar. Adil İsgəndərov, Şəmsi Bədəlbəyli, bir Hüseynağa Atakişiyev... Bunlar Azərbaycan mədəniyyətinin əfsanələri olublar. Onu da deyim ki, Hüseynağa gənc yaşlarında Şəmsi Bədəlbəylinin yanında bir qədər işıqçı işləyib. Bəlkə Şəmsi Bədəlbəylinin ustalığı Hüseynağaya öz təsirini göstərmişdi.

O, maraqlı adam idi. İstedadı çox tez fərq edirdi. Bir görürdün ki, Şəkidə bazara gedir ya şəhəri gəzir. İşsiz-gücsüz bir adamı teatrın nəzdində fəaliyyət göstərən studiyaya gətirib bir az onunla məşq edirdi. Sonra onu səhnəyə çıxarıb rol verirdi. qədər belə adam onun hesabına teatra gəlib sonradan böyük sənətkar kimi tanınmış, Əməkdar artist, Xalq artisti fəxri adları almışdılar...

Ömrünün sonu da gözümün qabağına gəldi. Gənclər Teatrında onun otağında oturmuşduq. Birdən dedi ki, sağ qolum işləmir. Sonra sol ayağının quruduğunu dedi. Beləcə, bütün bədəni bir-bir fəaliyyətini dayandırırdı. Biz təcili yardım çağırdıq. Təcili yardım da bir az gec gəldi...

Bu əhvalatdan beş gün sonra - 2006-cı il aprelin 9-da biz Hüseynağa ilə əbədi olaraq ayrıldıq. Azərbaycan çox böyük mədəniyyət xadimini itirdi.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 4 oktyabr (№ 217).- S.15.