Tarixi əməkdaşlıq müttəfiqlik

 

Azərbaycan-Rusiya münasibətləri müsbət istiqamətdə inkişaf edir

 

Azərbaycan və Rusiya arasında münasibətlər müsbət inkişaf edir, hərtərəfli əlaqələr genişlənir. İqtisadi əməkdaşlığa gəldikdə, buraya da getdikcə daha çox sahənin qoşulduğu müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasında səfərdə olarkən həmin ölkənin Prezidenti Vladimir Putinlə görüşü münasibətlərin hazırkı statusu ilə bağlı bir sıra məsələlərə toxunmağa imkan yaratdı.

Rusiya ilə Azərbaycan arasında ticarət və energetika, sənaye və kənd təsərrüfatı, logistika, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq genişlənir. Hər iki tərəfdən səmərəli dövlət dəstəyi ilə investisiya əlaqələri də güclənir. Təsadüfi deyil ki, bu gün Rusiya Azərbaycan üçün ən mühüm investorlardan və ən böyük ticarət tərəfdaşlarından biridir. Neft ixracında hətta ən böyük tərəfdaşdır.

Prezident Vladimir Putin də məhz bunları nəzərdə tutaraq dedi: "Münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox - 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır".

Bu, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iki ay əvvəl keçirilən 22-ci iclasında da vurğulanmışdı. Burada iqtisadi sahədə qarşılıqlı fəaliyyətin müasir tendensiyaları şərh olunmuşdu.

Onu da xatırladaq ki, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Sənəddə bildirilir ki, tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım göstərməyə davam edəcəklər. Həmçinin qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər. Tərəflərin milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacağı da qeyd olunur. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə edilməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafı, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsi hədəfə alınır. Beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyəti ifadə olunur. Tərəflərin aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchizetmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməletmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəkləri də göstərilir.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasının yekunları göstərdi ki, hər sahədə qarşıya qoyulan məqsədlərə nail olunur. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord rəqəmlərə çatıb və bu tendensiya davam edir. Ərzaq və kənd təsərrüfatı xammalı, neft, metal və plastik məhsullarının qarşılıqlı ticarəti də artır. Üstəlik, qarşılıqlı hesablaşmaların təxminən dörddəüçü ilə həyata keçirilən milli valyutalar əsasında ticarət də inkişaf edir. İkitərəfli yükdaşımalar nəzərəçarpacaq dərəcədə artıb və turist axını intensiv şəkildə davam edir. Azərbaycanda Rusiya biznesi ilə əczaçılıq və neft-kimya, qida sənayesi və şərabçılıq, mədən sənayesi və tikinti materiallarının istehsalı, avtomobil sənayesi və avadanlıqlara texniki xidmət sahələrində əməkdaşlığın uğurlu nəticələri qeydə alınıb. Xüsusilə "Lada" və "Qazel", "KamAZ" və "Ural" avtomobilləri üçün servis dəstəyi göstərilir. Bununla yanaşı, perspektivli sahələr arasında gəmiqayırma, metallurgiya, turizm və digərlərini qeyd etmək lazımdır. Öz növbəsində Azərbaycan sahibkarları Rusiyada aqrobiznes, meşə təsərrüfatı və turizmə, o cümlədən Xəzər dənizinə fəal şəkildə sərmayə qoyurlar. Ekspertlər gələcəkdə yüksəktexnologiyalı istehsala və Rusiyanın İT sektoruna Azərbaycandan sərmayə qoyulacağını da gözləyirlər.

Təqdirəlayiq haldır ki, bu iki ölkənin regionları arasında da əməkdaşlıq inkişaf edir. Cari ildə Stavropolda genişmiqyaslı Rusiya-Azərbaycan Regionlararası Forumu, müxtəlif regionlarda digər tədbirlər keçirilib. Artıq yüzlərlə Rusiya şirkətinin nümayəndəsi Azərbaycanla əməkdaşlıq imkanları ilə tanış olub. Məsələn, ötən aylar Kirov rayonundan olan 9 iri istehsalat şirkətinin nümayəndələri Bakıya işgüzar səfərlər zamanı ixracın təşkilinə yönəlmiş onlarca görüş keçiriblər. Həmçinin Krasnoyarsk diyarının, Çuvaşiya, Novosibirsk və Ulyanovsk vilayətlərinin, Altay diyarının və Rusiyanın digər vilayətlərinin nümayəndələri Bakıda olub, Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə böyük maraq göstəriblər.

Bütün bu nailiyyətlərin əldə olunmasında iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, müsbət şəxsi münasibətləri mühüm rol oynayır. Prezident İlham Əliyev oktyabrın 7-də Rusiya Prezidentinə Azərbaycana bu ilin avqust ayındakı səfərini xatırladaraq dedi: "Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub. Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir".

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 10 oktyabr (№ 222).- S.10.