Azərbaycanın regionda yeni konfiqurasiya formalaşdırması ABŞ-ni qıcıqlandırır

 

"ABŞ Azərbaycana münasibətdə hər zaman qeyri-səmimi davranıb. Biz bunu müstəqillik tariximizin lap başlanğıcından müşahidə etmişik. 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını ard-arda işğal edən zaman ABŞ Azadlığa Dəstək Aktına 907-ci düzəlişi qəbul etdi. Əslində, Azərbaycana qarşı işğalçılıq siyasətini həyata keçirən Ermənistan üçün bu düzəliş qəbul olunmalı idi".

Bu sözləri "Azərbaycan" qəzetinə Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, 907-ci düzəlişdən sonra Ermənistan Azərbaycan torpaqlarını daha da intensiv işğal etməyə başladı. Bir neçə yaşayış məntəqəmizdə soyqırımı cinayətləri törətdi. ABŞ eyni zamanda erməni məsələsinin qaldırılmasının əsas səbəbkarlarından biri idi. "Hətta ötən əsrin 80-ci illərində ABŞ-dəki ermənilər separatçı rejimin qurulması üçün bütün dəstəyi göstərirdilər. Sonrakı mərhələdə separatçı rejimlə ən sıx əməkdaşlıq edən dövlət ABŞ idi. Bu rejimin rəhbərləri ABŞ- səfərlər edir, orada ən yüksək səviyyədə qəbul olunurdular. Bu da onu göstərirdi ki, Amerika ilə Azərbaycan ərazisindəki separatçılar arasında sıx əlaqələr var ermənilər bu dövlətdən hər cür dəstək alırlar. Bu baxımdan Vaşinqtonun Azərbaycana qərəzli mövqeyi təəccüblü deyil. Sadəcə olaraq, ABŞ bu gün daha açıq şəkildə qərəz nümayiş etdirir", - deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdiyinə görə, bu mövqe tam açıq müstəviyə keçib. Azərbaycan ABŞ-nin ermənilərlə bağlı Cənubi Qafqazdakı planlarını da iflasa uğratdı. Amerika üçün bu regionda münaqişənin qalması onun təhlükəli maraqlarının təmini baxımından vacib idi. Azərbaycan isə regiona təhlükəsizlik, sülh, yeni əməkdaşlıq imkanları gətirdi. Prezident İlham Əliyevin iradəsi, Azərbaycan Ordusunun qüdrəti ilə Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya formalaşdı. Bu isə ABŞ-ni çox qıcıqlandırır.

Ekspert vurğulayıb ki, rəsmi Vaşinqton bu regionda öz maraqlarına xidmət edən, idarə olunan rejimləri görmək istəyir: "Azərbaycan isə milli maraqları çərçivəsində mövqe sərgiləyir, bu da Amerika tərəfindən həzm edilmir. Ona görə Azərbaycana qarşı hücumlar intensivləşir. ABŞ aydın müşahidə edir ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu təsiri davamlı olaraq artır. ABŞ siyasilərinin düşüncəsi odur ki, Azərbaycan qədər təsir gücünə malik olacaqsa, özünü  bir o qədər qətiyyətli, milli maraqlarının qorunması istiqamətində inamlı aparacaq. Bu da onlara sərf etmir".

Cənubi Qafqazın ABŞ üçün strateji bir region olduğunu qeyd edən E.Mirbəşiroğlu bildirib ki, Vaşinqton bu regionda öz təsirini tam bərqərar etmək istəyir. Bunu da Cənubi Qafqaz ölkələri üzərindəki təsir imkanları ilə edə bilər. Azərbaycan üzərində bu təsir imkanları mövcud deyil. Gürcüstanda qarşıdakı parlament seçkiləri zamanı dövlət çevrilişinə cəhd edəcəklər. Ermənistanla bağlı vəziyyət isə aydındır. Bu ölkə ABŞ-nin aləti rolunda çıxış edir. Amerika da Cənubi Qafqazda olan yeganə alətini əldən vermək istəmir, onun nazı ilə oynayır. Ermənistanın da Amerikadan əsas gözləntisi odur ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirsin, ədalətsiz qərarlar qəbul etsin.

E.Mirbəşiroğlu vurğulayıb ki, hazırda COP29 öncəsi Azərbaycanı nüfuzdan salma kampaniyası həyata keçirilir: "Çünki yaxşı dərk edirlər ki, Azərbaycan bu konfransı ən yüksək səviyyədə təşkil edəcək. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu, təmaslarını daha da gücləndirəcək, müxtəlif platformalarda ölkəmizin təsir imkanlarını artıracaq. Bütün bunlar ABŞ tərəfindən əvvəlcədən proqnozlaşdırıldığına görə onlar rahat ola bilmirlər. ABŞ istəyir ki, Azərbaycan beynəlxalq təmaslarını da onun maraqları çərçivəsində qursun".

Azərbaycanın maraqlarına uyğun olaraq dünya dövlətləri ilə əlaqələrini inkişaf etdirdiyini xatırladan ekspert deyib ki, ölkəmiz həmçinin MDB çərçivəsində öz maraqlarına uyğun tam müstəqil siyasət yürüdərək təmaslarını sıxlaşdırır. Çinlə Azərbaycan arasında inkişaf etmiş siyasi münasibətlər əməkdaşlıq mövcuddur. Rusiya ilə ölkəmiz arasında münasibətlər konstruktiv məcrada inkişaf edir. Bütün bunlar Qərb, başlıca olaraq ABŞ tərəfindən həzm olunmur. Ona görə ölkəmizə qarşı qərəz nümayiş etdirilir. Amma bu halla ilk dəfə deyil ki qarşılaşırıq. Belə vəziyyət Azərbaycana təsir edə bilməz. Ölkəmizin kifayət qədər gücü, resurs potensialı var. Bu da həm müasir beynəlxalq münasibətlər sistemində öz təsir imkanlarını qoruyub saxlamağa, həm əməkdaşlıq sistemində prioritetlərinə uyğun addımlar atmağa imkan verir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 16 oktyabr (№227).- S.8.