Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun qərargahında olub
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam
dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının
(ICESCO) Mərakeşin Rabat şəhərində yerləşən
qərargahında olub. Oktyabrın
14-də ICESCO-nun baş
direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə
Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı,
o cümlədən Fond
ilə birgə layihələr müzakirə
edilib.
AZƏRTC xəbər
verir ki, noyabr ayında ölkəmizdə keçiriləcək
COP29 çərçivəsində Fond və ICESCO
arasındakı əməkdaşlıq, təşkilatın
COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər
diqqət mərkəzində olub.
Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu
IDEA İctimai Birliyi tərəfindən həyata
keçirilən ekoloji
layihələr barədə
də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə
Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.
Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina-Fasoda məcburi köçkün
qızlar və internat evləri üçün təhsil
və sosial dəstək layihəsi üzrə əməkdaşlıq
sazişi imzalanıb.
Sənədi Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd
əl-Malik imzalayıblar.
Layihənin məqsədi
qız tələbələri
lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici
mühitlə təmin
etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış,
həyat bacarıqları
təlimi və emosional dəstək, şəxsi inkişafı
və dayanaqlığı
təşviq etmək
kimi məsələlərin
həlli deməkdir. Layihə çərçivəsində
seminarların təşkili,
məktəblərdə kompüter
siniflərinin və kitabxanaların yaradılması
da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina-Fasonun bir sıra şəhərlərini
əhatə edəcək.
Nümayəndə heyəti
daha sonra ICESCO-nun Rabatdakı qərargahında yaradılan
Peyğəmbər və
İslam Sivilizasiyası
Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Muzeyin xatirə kitabına ürək sözlərini
yazıb.
Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar
qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ICESCO) 1991-ci ildən üzvüdür.
Həmin vaxtdan qurulmuş münasibətlər
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə
ICESCO-nun xoşməramlı
səfiri adına layiq görülməsi ilə daha da
genişlənib.
Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında da sıx əməkdaşlıq
mövcuddur. Təhsil,
mədəniyyət, səhiyyənin
inkişafı məsələlərini
prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə
gördüyü işlər
və reallaşdırdığı
layihələr İSESCO-nun
əsas fəaliyyət
istiqamətləri ilə
uzlaşdığından iki
qurum bir çox sahədə əlaqələrini daha da genişləndirir.
2024-cü il
üzrə İslam dünyasının mədəniyyət
paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər
Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və
təhsil, yeni texnologiyaların inkişafı sahələrində
təcrübə mübadiləsinin aparılmasını,
eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə
tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin
genişləndirilməsi istiqamətində növbəti
addım kimi dəyərləndirilə bilər.
Azərbaycan.-2024.-
16 oktyabr (№227).- S.3.