Şəhid ailələri
işğaldan azad olunan rayonlara səfər ediblər
Vətən
müharibəsində şanlı Qələbəmizin
4-cü ildönümü ərəfəsində Balakəndən
olan şəhid ailələrinin üzvlərinin
işğaldan azad edilən rayonlara səfəri təşkil
olunub.
AZƏRTAC xəbər
verir ki, səfərdən sonra şəhid ailələri
rayon Şəhidlər xiyabanında yenidən bir araya gəliblər.
Əməkdaşımız ailələrlə
görüşüb, onların təəssüratları ilə
maraqlanıb.
Balakən Şəhidlər
xiyabanı müqəddəs məkanlardan biri kimi
günün istənilən saatında ziyarətçilərlə
dolu olur. Bu günlərdə isə şəhid ailələri
həm də 44 günlük Vətən müharibəsində
Qələbəmizin ildönümü ilə əlaqədar
tez-tez bu məkanı ziyarət edirlər. İnsanların
arasında iki balaca qız diqqətimi çəkir.
Tanış olmaq üçün yaxınlaşıram.
Öyrənirik ki, şəhid tankçı Vüsal Omarovun
qızları Yağmur və Duyğu Ağdam, Əsgərən,
Xocalı, Xankəndi və Şuşada olublar. Onlar ilk dəfə
gördükləri məkanlardan xoş təəssüratlarla
qayıdıblar. Elə antiterror tədbirlərinin
iştirakçısı, şəhid Sərxan Köklərovun
3-cü sinifdə təhsil alan qızı Aysu da
atasının azad etdiyi torpaqları gəzərək xoş
anlar yaşayıb, maraqlı xatirələrlə
dönüb.
Uzun illərin
pedaqoqu Zümrüd Məmmədova Qarabağ və Şərqi
Zəngəzurda həyata keçirilən işlərdən
ürəkdolusu danışır. Deyir ki, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın
birliyi, qəhrəman övladlarımız sayəsində
torpaqlarımız işğaldan azad olunub. Onun sözlərinə
görə, dərs dediyi məktəbdə şagirdlərlə
bu istiqamətdə daha çox söhbətlər aparır.
Aynur Bayramovanı təkcə Balakəndə deyil,
ölkəmizdə də üç şəhid anası kimi
tanıyırlar. “Mən şəhid anası olaraq dörd il
idi arzusunda olduğum torpaqları öz gözlərimlə
gördüm. Ağdama daxil olanda dəhşətli
görüntü ilə qarşılaşdıq. Həqiqətən
orada hər şey alt-üst edilib. Bu mənzərəni
görəndə bir daha başa düşürsən ki,
bizim oğullarımız necə bir düşmənə
qarşı vuruşublar. Onlar o gözəl torpaqları, o
gözəl yurdu bizim üçün azad ediblər”, - deyən
Aynur Bayramovanın Qarabağ və Şərqi Zəngəzurla
bağlı ürək sözlərini dilə gətirərkən
qürurlandığını görürəm.
Vətən Müharibəsi Qəhrəmanı Amin
Novruzovun atası Tacəddin kişi də bu səfəri səbirlə
gözlədiklərini deyir. Tacəddin Novruzov
yolçuluqlarının maraqlı keçməsindən, ərazilərdə
böyük quruculuq işlərinin getməsindən sevinclə
danışır.
Balakən Şəhidlər xiyabanına toplaşan hər
kəsi dinləyə bilməsək də, üzlərindəki
təbəssümdən hiss olunurdu ki, onların nisgilinə
az da olsa təsəlli, sevinc qatılıb. Əsas odur ki,
şəhid ailələri övladlarının
işğaldan azad etdiyi ərazilərin əsl cənnətməkana
çevrildiyinin, tikinti-quruculuq işlərinin sürətlə
getdiyinin canlı şahidi olublar və bu, onlarda böyük təəssürat
oyadıb.
Azərbaycan.-2024.-
16 oktyabr (№ 227).- S.12.