Xarabalıqlar üzərində salınan
möhtəşəm şəhər
"İlham Əliyevin sayəsində
şəhərimizin azadlıq
gününü Füzulidəki
yeni evimizdə keçiririk"
Tarix 17 oktyabr
2020-ci il...
Vətən müharibəsinin
21-ci günü...
Gecədən səhərə
qədər şiddətli
döyüşlər gedir.
Düşmənin 30 ildə
möhkəmləndiyi, "keçilməz" adlandırdığı
sədlər Azərbaycan
əsgərinin döyüş
əzmi qarşısında
tab gətirə bilmir. Erməni əsgəri silahını
da, bayrağını
da atıb qaçır...
Sabah açılır
və Müzəffər
Ali Baş Komandan xalqa müjdəli xəbər
verir:
"Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış
məntəqələri işğalçılardan
azad edilib: Qoçəhmədli kəndi,
Çimən kəndi,
Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi,
Dədəli kəndi
və Füzuli şəhəri".
Prezident deyir ki, bəzi şəxslər,
ekspertlər 30 il ərzində düşmənin
təmas xəttində
qurduğu istehkamlar səbəbindən Füzuli
şəhərinin işğaldan
azad edilməsinin mümkün olmadığını
bildirirdilər. Amma Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirərək həmin fikirləri alt-üst elədi: "Təəssüf
ki, Füzulidən əsər-əlamət qalmayıb.
30 il ərzində Füzuli çaqqalların,
yırtıcı vəhşilərin
əlində idi. Bütün binalarımız,
məscidlərimiz sökülüb,
evlər sökülüb.
Sanki 30 il bu şəhəri vəhşi bir qəbilə zəbt edib".
Zəfər yolu,
8 aya tikilən hava limanı, yenidən qurulan şəhər...
Vətən müharibəsi
başa çatdıqdan
sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfərləri
də məhz ilk şəhid verdiyimiz torpaqlara oldu.
2021-ci il yanvarın
14-də dövlət başçısı
Füzuli şəhərində
Azərbaycan bayrağını
qaldırdı. Füzuliyə
səfər edən Ali Baş Komandan
elə həmin gün Füzuli-Şuşa
avtomobil yolunun təməlini qoydu. Prezident bu yolu
Zəfər yolu adlandırdı.
Prezident işğaldan
azad edilmiş digər rayonlar kimi, Füzuliyə də dəfələrlə
səfər edib, təməlqoyma və açılış mərasimlərində
iştirak edib. 2021-ci il yanvarın 14-də
İlham Əliyev
Füzuli rayonunda hava limanının təməlini qoydu. Bu beynəlxalq hava limanı işğaldan azad edilmiş ərazilərimizdəki
ilk liman idi. Füzuli Beynəlxalq Hava Limanı qısa bir zamanda, hətta
deyiləndən daha tez - 8 ay ərzində
tikildi. Füzulinin işğaldan azad olunmasından sonra şəhərin baş planı hazırlandı və yeni şəhər
salındı.
Prezidentin sərəncamı
ilə işğaldan
azad olunmuş şəhərlərimizin təntənə
günləri müəyyənləşdi
və 17 oktyabr - Füzuli Şəhəri
Günü kimi tarixiləşdi. Ötən
il oktyabrın 17-də
Prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş
sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdü və
yeni mənzillərinin
açarlarını onlara
təqdim etdi.
Müzəffər Ali
Baş Komandan bir daha bəyan
etdi ki, bütün şəhərlərimiz Füzuli
kimi olacaq. Çünki Füzulidə
birinci şəhərsalma
layihəsi icra edilib.
Düzdür, laçınlılar
füzulililərdən bir
qədər tez öz doğma yurdlarına qayıdıblar.
Amma Laçın şəhərində ermənilər
qanunsuz məskunlaşma
apardıqları üçün
orada binaların bəziləri nisbətən
salamat qalmışdı
və o evlər sadəcə olaraq bərpa edildi. Deməli, Laçının
əvvəlki şəhərsalma
mənzərəsi yerindədir.
Füzulidə isə
şəhər tamamilə
yenidən qurulub.
Dövlət başçısı
onu da dedi
ki, Füzuli azad olunanda dəhşətli
mənzərə var idi. İgid əsgərlərimiz bayrağımızı
sancmağa bir salamat bina tapmamışdılar.
Yəni erməni vandalları şəhəri
30 ildə xarabalığa
çevirmişdilər. Azərbaycan
dövləti yalnız
öz iqtisadi qüdrəti hesabına qısa zamanda xarabalıqlar üzərində
möhtəşəm şəhər
saldı.
Prezident dedi ki, artıq 800-dən çox insan yeni şəhərcikdə
yerləşib. İlin
sonuna qədər burada təqribən 2 minə yaxın insan yaşayacaq. Böyük qayıdış
proqramımızın birinci
mərhələsinin sonunda
- 2026-cı ilin sonunda
22 min insan Füzuli rayonunda yeni həyata başlayacaq, bütövlükdə
isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
"Allah Prezidentimizi
var eləsin!"
Bu gün Füzulidə azadlığın
təntənə günü
qeyd edilir. Şəhər bayram əhvali-ruhiyyəsindədir. Biz
də onların sevinclərini paylaşmaq,
xoş günlərində
yanlarında olub ürək sözlərini
eşitmək üçün
yolumuzu bayram ərəfəsində Füzulidən
saldıq.
Füzuli Şəhəri
Günü füzulililər
üçün həqiqətən
də həm sevindirici, həm də qürurverici gündür. 30 il işğal altında olan, erməni vandalizminə məruz qalan Füzulinin
yenidən daha gözəl, daha müasir şəkildə
qurulması həqiqətən
də onlar üçün çox xoşbəxt anlardır.
Şəhərə daxil olar-olmaz qarşılaşdığımız ilk xoş mənzərə
də bunu deməyə əsas yaratdı. Belə ki, şəhərciyin mərkəzindəki söhbətgah
tərəfdə başqa
bir aləm yaşanırdı. Ahıllar
sanki stolüstü oyunların yarışını
keçirirdilər. Nərdtaxta
oynayan kim, növbə gözləyən kim...
Dominonun daşlarını
stolun üstünə
düzən kim...
Ağsaqqallara yaxınlaşıb
salamlaşaraq onları
təbrik edirik. Nurani bir ağsaqqal
bizə yaxınlaşıb
köhnə tanışlar
kimi əl uzadaraq "xoş gəlmisiniz" deyir. Sonra da söhbətə
başlayır: "Burada
yaşadığımız hər gün füzulililərin əsl bayramıdır. İllərdir
biz Füzulinin işğalı günündə
bir yerə toplaşar, bir-birimizə təsəlli verər, Füzuli həsrəti ilə alışıb -yanar, dərdimizi bölüşərdik. Şükür,
indi öz doğma yurdumuzdayıq. Bizə bu xoş
günü yaşadan
Ali Baş Komandanımıza, şəhidlərimizə,
qazilərimizə minnətdarıq".
Söhbət əsnasında
bəlli olur ki, müsahibimiz Füzuli sakini Hacı Məhəmməd
Hüseynovdur. Qarabağda
hörmət olunan el ağsaqqallarındadır.
Başları nərdtaxta
oynamağa qarışan
ahıllar da "vaxt edib" üzlərini həmsöhbətimizə
tutub deyirlər ki, "Hacı, bizim əvəzimizdən də doğma yurdumuzu bizə qaytarıb bu şəraiti yaradan Prezidentimizə minnətdar
olduğumuzu bildir".
Məhəmməd Hüseynov
sözünə davam
edir:
- İllərdir yurd
həsrəti çəkirdik.
Çox şükür
ki, gec oldu,
güc oldu. Müzəffər Ali Baş Komandan bütün Qarabağı
işğaldan azad edib, separatçılardan
təmizlədi. İndi
öz yurdumuzda, öz evimizdə təhlükəsiz, rahat nəfəs alırıq.
Həm də necə rahatlıqla?.. Hər cür şəraitimiz var... İllərlə çətinlik çəkənlərimiz,
imkansızlıq görənlərimiz
çox olub. Amma hər zaman
dövlətimizin arxamızda
durduğunu, Prezidentimizin
yanımızda olduğunu
hiss etmişik. Dövlət işığımızı,
suyumuzu, çörəyimizi
verib. Allah Prezidentimizi var eləsin. Dövlətimizə,
liderimizə duaçıyıq.
Dövlətimiz insana
nə lazımdırsa,
onu da bizə
verib. Bir gözəlliyə baxın.
Həyətə düşəndə
gözümüz gözəllik
görür. İnsanın
ruhu dincəlir. Hələ bir mənzillərimizi görəsiniz,
hər cür şərait var. Fürsətdən istifadə
edib bizə bu xoşbəxtliyi yaşadan möhtərəm
Prezidentimizə füzulililər
adından bir ağsaqqal kimi minnətdarlığımı bildirirəm".
Ağsaqqallara "oyunçu
aparsın", deyib sağollaşırıq.
"4 yaşında Füzulidən çıxdım,
2 övladla geri qayıtdım"
Şəhərdə əsl bayram havası var. Qarşımıza çıxıb
sanki köhnə tanış kimi səmimi salamlaşan şəhər sakini
İsa Vəliyev bizi evinə dəvət edir. Təklifini qəbul edib onun mənzilinə yollanırıq. Çay süfrəsi
arxasında Vəliyevlər
ailəsinin keçmiş
və yeni həyat şəraiti ilə tanış oluruq: "Füzulidən çıxanda
4 yaşım var idi. Atamın ağladığını
ilk dəfə tüstüsü
göyə qalxan Füzüli şəhərinə
baxarkən görmüşəm.
O qədər ümidsiz
idi ki... Bilmirdi irəli getsin, ya geri. Geridə
yanan Füzuli, irəlidə isə qolumuzdan tutub, qapısını üzümüzə
açacaq kimsəmiz
yox idi...
Başımız çox
müsibətlər çəkdi.
İmişlidə qaçqın
şəhərciyində yaşadıq.
Heç yadımdan çıxmaz, dizə kimi palçığa batırdım. Özümü
palçıqdan çıxarmağa
gücüm çatmırdı.
Atam gəlib məni qucağına götürəndə
onun üst-başı
da palçıq olurdu.
Sonra Lənkərana getdik.
Uşaq bağcasında
dar bir otağa
sığındıq... Daha sonra Bakıda, Xəzər royununun Şüvəlan qəsəbəsində
özümüzə bir
yer etdik. 30 il Füzuli həsrəti ilə yaşadıq. Çox şükür, Füzuli azad oldu. Qısa müddətdə belə
gözəlliklər də
yaradıldı. 36 yaşımda
yenidən Füzuliyə
qayıtdım. Həm
də tək qayıtmadım. Ailəmlə,
iki övladımla birlikdə döndüm.
Fərqi görürsünüzmü?
4 yaşında ümidi
bu torpaqlarda dəfn edilmiş bir uşaq indi
bu torpaqlara sevincindən ağlaya-ağlaya
qayıdır...
Şükür, min şükür...
Dövlətimlə, onun
qüdrəti ilə qürur duyuram. Bu dövləti qurub, onu qüdrətləndirən
Prezidentimlə fəxr
edirəm. Bu gün bütün füzulililər
əsl bayram yaşayır. Yaşasın
Azərbaycan! Var olsun Prezidentimiz!"
"Prezidentlə görüşüm
ömrü boyu xatırlayacağım hadisə
oldu"
Ötən il avqustun
23-də Füzuli şəhərində
daha bir tarixi gün yaşanıb. Azərbaycan-Özbəkistan
qardaşlığının nümunəsi olan Mirzə
Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış
mərasimi keçirilib.
Mərasimdə Prezident
İlham Əliyev, birinci
xanım Mehriban Əliyeva
və Özbəkistan
Prezidenti Şavkat
Mirziyoyev, xanımı Ziroatxon
Mirziyoyeva iştirak ediblər.
Dövlət başçısı
qeyd edib ki, məktəbə
Əmir Teymurun nəvəsi, özbək
xalqının böyük
oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun,
qardaşlığının bir mərkəzi olacaq.
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev tərəfindən
özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək
keyfiyyətlə həyata
keçirilib. Üç
hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə
40 sinif otağı, 6
laboratoriya, 2 informatika
otağı, 5 funksional
tədris otağı,
500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı
ərazisində futbol
meydançası, istirahət
və keçiriləcək
tədbirlər üçün
yerlər, qaçış
zolaqları, söhbətgahlar,
nəzarət-buraxılış məntəqəsi, qazanxana,
su çənləri,
transformator yarımstansiyası
inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə
həyata keçirilib.
Məktəbdə direktor müavini işləyən
Ləman Məstaliyeva ilə
söhbətimiz əsnasında
bəlli olur ki, təhsil ocağında hazırda 535 şagird təhsil alır. Ləman müəllim də ötən il Prezidentin Füzuliyə səfəri
zamanı keçirilən
görüşdə iştirak
edib və dövlət başçısına
sonsuz minnətdarlığını
bildirib: "Füzulini
tərk edəndə
13 yaşım var idi. Göz yaşı
içində bu torpaqları tərk etdiyim günü xatırlayanda dəhşətə
gəlirəm. Füzuli
od tutub yanırdı. Elə zənn edirdim ki, Füzulinin başının üstünü
alan qara duman, tüstü heç vaxt çəkilməyəcək. Füzulini bir daha belə görə bilməyəcəm...
Çox şükür,
hazırda Füzuli şəhəri mənzərəsi
ilə görənləri
heyran edir. Burada hər şey bir başqa
görünür. Artıq
bir ildir ki, Füzuli şəhərində Mirzə
Uluqbəy adına 1 nömrəli orta məktəbdə direktor müavini kimi fəaliyyət göstərirəm.
Ötən il mənim həyatım üçün çox yaddaqalan bir il oldu. Həm
doğma yurdumuza qayıtdım, həm də öz elimdə, obamda iş fəaliyyətimi davam etdirirəm. Ən başlıcası isə bizi məğlub
xalqdan müzəffər
xalq statusuna yüksəldən Prezidentimizlə
üzbəüz dayanıb
təşəkkür etmək
imkanı qazandım. Bu görüş həyatımda ömür
boyu xatırlayacağım
çox mühüm hadisə oldu. Qarabağın xilaskarına,
cənnətə döndərdiyi
yurdun bir sakini kimi minnətdarlıq
etmək mənə də nəsib olmuşdu.
Özümü çox
xoşbəxt və şanslı hesab edirəm. Doğma torpağımda 4 otaqlı
mənzillə təmin
edilmişəm. 7 nəfər
ailə üzvümlə
öz evimizdə qayğısız, xoşbəxt
həyat yaşayırıq.
Tamamilə doğma insanların əhatəsindəyik.
17 oktyabr Füzuli
Şəhəri Günüdür.
Torpaqlarımızı azad
edən sərkərdəyə
"yaşa, var ol!" deyirəm. Cənab Prezidentimizə qəzetiniz vasitəsilə
demək istəyirəm
ki, biz yalnız
minnətdarlıq etməklə
kifayətlənmirik. Siz
qədirbilən insanların
ürəyində əbədi
heykəlinizi ucaldan, Qarabağı xilas edən əsl sərkərdəsiniz".
Beləcə, doğma
yurda qayıdan soydaşlarımızın ən
əziz günləri
olan Füzuli Şəhəri Günü
ərəfəsində onların
sevincinə sevinc qatmaq, xoş anları paylaşmaq, onların əhatəsində
olmaq bizim reportajımızı daha
maraqlı etdi. Elə bu xoş
təəssüratlarla da
yeni, müasir Füzuli şəhərindən
ayrılıb Bakıya
qayıdırıq.
Rəşad
BAXŞƏLİYEV,
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
17 oktyabr (№ 228).- S.1;5.