Aprel döyüşlərinin cəsur
zabiti Aqil İsmayılovun Vətən
savaşındakı hünəri
böyük nümunədir
Dörd ildir
ki, sevincini yaşadığımız 44 günlük Vətən
müharibəsinin iştirakçıları ilə, qalib hərbçilərlə
görüşəndə iftixar duyur, qürur hissləri
keçiririk. Bu da
təbiidir. Çünki
bu oğullar qəhrəmanlıqları ilə
30 ildən çox davam edən erməni işğalına
son qoymuş Zəfər fədailəridirlər.
Onlar müharibənin
bütün çətinliklərinə,
əzablarına dözərək
işğalçılara qalib
gəliblər. Özlərini
"məğlubedilməz" hesab edən erməni qəsbkarlarını
diz çökdürüblər.
İştirakçısı olduqları döyüşlərdə
cəsarətləri və
igidlikləri ilə xalqımızın qəhrəmanlıq
tarixinə şərəf
dolu səhifələr
yazıblar.
İllərdən bəri
erməni işğalçılarının
tapdağında qalmış
torpaqlarımızın 44 günlük
Vətən müharibəsində
azad olunması xalqımızı sevindirdi.
Azərbaycan Ordusunun zabit və əsgərləri
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında
İkinci Qarabağ müharibəsində yenilməz
qəhrəmanlıqlar göstərdilər.
O, düşmənə nifrət hissi ilə böyüyürdü
Böyük zəfərlə
başa çatan 44 günlük Vətən müharibəsində qəhrəmanlıq
göstərərək, xalqımıza
sevinc yaşadanlardan biri də ehtiyatda
olan zabit İsmayılov Aqil Yaşar oğludur. Ürəyi doğma yurduna məhəbbətlə
dolub-daşan təcrübəli
hərbçinin döyüş
yolu Cəbrayıldan,
Xocavənddən, Füzulidən
və mədəniyyət
beşiyimiz olan Şuşadan keçib. Əks-hücum əməliyyatları
zamanı üzərinə
düşən döyüş
tapşırıqlarının öhdəsindən bacarıqla
gələn Aqil İsmayılov cəsarəti
ilə tabeliyindəki
zabit və əsgərlərə nümunə
olub, daim onları qələbəyə,
zəfərə ruhlandırıb.
Dəfələrlə ölüm
təhlükəsi ilə
üzləşsə də,
tale üzünə gülüb, ən gərgin, ən riskli əməliyyatlardan sağ çıxıb. Xoşbəxtlikdən düşmənin
mərmiləri, güllələri
ondan yan keçib.
Vətən müharibəsinin
od-alovundan qorxmadan, cəsarətlə keçən
Aqil İsmayılovla söhbət edərkən
onun ömür və döyüş yolu ilə yaxından
tanış olduq. Onu dinlədikcə bir anlıq ötən illərə, ötən günlərə
qayıtdıq. Söhbət
zamanı öyrəndik
ki, Aqil əslən Cəbrayıl
rayonundandır. Atasının
işi ilə əlaqədar olaraq ailə sonradan Beyləqan rayonuna köçüb. Gələcəyin
cəsur zabiti, qorxmaz döyüşçüsü
29 sentyabr 1977-ci ildə
Beyləqan torpağında
dünyaya göz açıb. Şəhərdəki
4 nömrəli orta məktəbdə təhsil
alıb. 1993-cü ilin
isti yay günlərində Cəbrayılın
- doğma ata-baba ocaqlarının ermənilər
tərəfindən işğal
olunması onu sarsıdıb. Həmin günlər Aqilin uşaq yaddaşında acı bir xatirə
kimi qalıb. Bu acı xatirə
heç vaxt onun yaddaşından silinməyib. Elə buna görə də düşmənə
nifrətlər yağdıra-yağdıra
böyüyüb. Həmin
dövrdən hərbçi
olacağını, doğma
ocaqlarını erməni
işğalından azad
etmək üçün
çalışacağını qərara alıb.
Aprel döyüşlərinin
qəhrəmanı
Arzusuna çatmaq
məqsədilə 1994-cü ildə orta təhsilini başa vurandan sonra keçmiş Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə
(indiki Heydər Əliyev adına Hərbi İnstitut) üz
tutub. Hazırlığı
yüksək olduğuna
görə ilk addımı uğurla nəticələnib. Ali məktəbə qəbul
olaraq uşaqlıq arzusuna qovuşub. Böyük həvəslə
ilk hərbi addımlarını atdığı
təhsil ocağında
avtomobilçi ixtisasına
yiyələnib. 1998-ci ildə hərbi ali təhsilini bitirəndən sonra
"N" hərbi hissəsində
taqım komandiri kimi xidmətə başlayıb. Gənc zabit kimi üzərinə
düşən xidməti
tapşırıqları bacarıqla
yerinə yetirib. Uzun illər cəbhə bölgələrində
yerləşən hərbi
hissələrdə xidmət
edib. 2016-cı ildə
ordumuz üçün
yaddaqalan uğurlarla başa çatan Aprel döyüşlərində
təcrübəli zabit
Aqil də ön sıralarda vuruşub. Cəsur döyüşçü böyük
strateji əhəmiyyətə
malik olan Lələtəpə yüksəkliyinin
azad olunmasında böyük hünər göstərib. Əməliyyat
zamanı yaxınlığında
mərmi partlamasından
ağır zədə
alsa da, döyüşü yarımçıq
tərk etməyib, yüksəklik azad olunana qədər cəsarətlə vuruşub.
Qalib zabit böyük sevinc içində ata-baba yurdu Cəbrayıl rayonunun bir parçası
olan Lələtəpənin
zirvəsinə qalxıb,
göz işlədikcə
uzanıb gedən doğma yurdlarını həsrətlə süzüb.
Günlərin birində
işğalda qalan o yerlərin də azad olunacağına inanıb.
Aprel döyüşlərinin
qəhrəmanlarından biri
olan Aqil İsmayılov 2019-cu ildə
təqaüdə çıxıb.
27 sentyabr 2020-ci ildə
ermənilərin təxribatı
nəticəsində İkinci
Qarabağ müharibəsinin
başladığını eşidəndə Vətən
uğrunda vuruşmağın
zamanı gəldiyini düşünüb. İllərdən
bəri ürəyində
dolaşan vətənpərvərlik
hissləri və uzun illərdən bəri yurdumuzu işğalda saxlayan düşmənə olan nifrəti onu yenidən əyninə hərbi forma geyinməyə, vuruşmağa
qərarlaşdırıb. Ürəyinin çağırışına
səs verən Aqil torpaqlarımızın
azadlığı uğrunda
vuruşmaq üçün
yüksək komandanlığa
müraciət edib. Qısa zaman ərzində onun istəyi yerinə yetirilib. Əvvəlcə
ona döyüşən
qüvvələrə maddi
və texniki dəstək göstərəck
hərbi hissədə
xidmət etmək təklif olunub. Amma Aqil İsmayılov
düşmənlə vuruşmaq,
torpaqlarımızı azad
etmək, şəhidlərin
qisasını almaq istədiyini bildirib. Bunu nəzərə alan komandanlıq təcrübəli zabiti müharibəyə könüllü
gələnlərdən təşkil
olunmuş tabora komandir təyin edib. Torpaqlarımızın
azadlığı uğrunda
döyüşə hazır
olan zabit və əsgərlər elə ertəsi gün erməni qəsbkarları ilə vuruşmaq üçün əməliyyatlar
gedən ərazilərə
yola düşüblər.
Həmin gündən
də Aqil İsmayılovun şərəf
dolu döyüş yolu başlayıb.
Vətən qarşısındakı
müqəddəs borc
- Yurdumuzun azadlığı
uğrunda müharibənin
başladığını eşidən kimi özümü Vətənin
döyüşkən əsgəri
hiss etdim, - deyə Aqil İsmayılov bizimlə söhbətə başladı.
- Uzun illər idi ki, işğalda
qalmış torpaqlarımızın
azadlığı uğrunda
vuruşacağımız günü
intizarla gözləyirdik.
Təqaüddə olsam
da, Qarabağ uğrunda qızğın
döyüşlərin getdiyi
bir vaxtda evdə otura bilməzdim. Bunu qoynunda doğulduğum Vətən mənə bağışlamazdı, buna
vicdanım yol verməzdi. Yurdumuzu ermənilərdən azad etmək, şəhidlərin
qisasını almaq bir hərbçi kimi mənim ən müqəddəs borcum idi. Artıq
müharibə başlamışdı,
bu borcu yerinə yetirməyin zamanı gəlmişdi. Vaxt itirmədən hərbi formamı geyinib cəbhə bölgəsinə yola düşdüm. "N" hərbi
hissəsində yüksək
komandanlığa müraciət
edərək döyüşmək
istədiyimi bildirdim. Müraciətim müsbət
qarşılandı və
tez bir zamanda
döyüşə başladım.
Biz döyüşlərə
Cəbrayıl rayonunun
Sirik, Nüzgar kəndləri istiqamətində
cəlb olunduq. Bir müddət bu yaşayış məntəqələri uğrunda
vuruşduqdan sonra düşməni geri sıxışdıra-sıxışdıra
Xocavənd rayonunun ərazisinə keçdik.
Həmin günlərdə
Hadrut qəsəbəsi
uğrunda da gərgin göyüşlər
gedirdi. Bütün olub-qalan qüvvəsini bu istiqamətə cəmləyən düşmən
müqavimət göstərir,
geri çəkilmək
istəmirdi. Zabit və əsgərlərimiz
sinələrini qabağa
verib cəsarətlə
vuruşurdular. Çox
keçmədi ki, qəsbkarlar əks-hücumlarımız
qarşısında duruş
gətirə bilməyib
qaçmağa başladılar.
Torpaqlarımız addım-addım
işğaldan azad olunurdu. Bu qürurverici
mənzərələri gördükcə
ürəyimiz açılırdı.
Döyüşlərin elə
ilk günlərindən
qələbə sevinci
yaşayırdıq.
Sözünə davam
edən Aqil İsmayılov daha sonra deyir: "Torpaqlarımızın addım-addım
işğaldan azad olunması sanki gücümüzü daha
da artırırdı.
Bir müddətdən
sonra bizi Cəbrayıl və Füzuli istiqamətinə
göndərdilər. Ata-baba
yurdum Cəbrayıl uğrunda vuruşmaq mənim üçün böyük iftixar idi. Geri çəkilmiş
düşmən böyük
strateji əhəmiyyəti
olan Pıllan yüksəkliyində möhkəmlənmişdi.
Həmin əlverişli
yüksəklik uğrunda
gərgin döyüş
getdi. Biz də bu döyüşlərə
cinahlardan cəlb olunduq. Uğurla başa çatan əməliyyatdan sonra zabit və əsgərlərimiz
cəsarətlə vuruşaraq
işğalçıları yüksəklikdən geri oturtdular. Artıq ermənilər qarşımızda
dayana bilməyib qorxu və vahimə
içində geri qaçırdılar. Biz də ayaq saxlamadan
yağıları qovurduq.
Komandanlıq yaranmış
şəraitlə bağlı
qarşımızda mühüm
tapşırıqlar qoyurdu.
Bu tapşırıqlar
döyüşlərin taleyini
həll edirdi. Ona görə də zabit və
əsgərlərimiz qələbəni
yaxınlaşdıran bu
tapşırıqları mərdliklə
yerinə yetirirdilər.
Bəzən əməliyyatlar
zamanı düşmənin
qurduğu pusqularla qarşılaşırdıq.
Amma bu nə
qədər çətin
də olsa, vəziyyəti öz xeyrimizə dəyişməyi
bacarırdıq".
"Yerimiz həmişə
ucalıqlar olacaq"
Cəsur döyüşçü
Aqil İsmayılov iştirakçısı olduğu
Şuşa uğrunda
gedən döyüşlərdən
söz açdı. Dedi ki, Xocavəndin
kəndlərini azad edə-edə Qarabağın
tacı olan Şuşaya yaxınlaşırdıq.
Kəşfiyyat məlumatlarından
düşmənin bu istiqamətdə xeyli canlı qüvvə topladığını öyrənmişdik.
Biz qəsbkarların bu qüvvələrini darmadağın etməyə
hazır və qadir idik. Noyabr
ayının ilk günləri başlamışdı.
Artıq döyüşlər
Şuşa istiqamətində
gedirdi. Çanaqçı
kəndinin ətrafında
mövqe tutmuşduq. Güclü dirəniş
göstərən işğalçılar
bu yaşayış məntəqəsini əldən
vermək istəmirdilər.
Çünki buradan yol bizi Şuşaya
aparacaqdı. Böyük
strateji əhəmiyyəti
olan Çanaqçı
uğrunda qanlı döyüşlər getdi.
Bu döyüş həmin günə qədər iştirakçısı
olduğum ən gərgin savaşlardan biri oldu. Nə
qədər təhlükəli,
nə qədər riskli olsa da,
qəsbkarları Çanaqçı
kəndindən də
qovub çıxartdıq.
Bundan sonra Şuşaya gedən yollar üzümüzə
geniş açıldı.
Bir an, bir
dəqiqə də olsun dayanmadan irəliləyirdik. Artıq
komandanlıq taborumuza
Ağdamdan Şuşaya
gələn yolu nəzarətə götürməyi
tapşırmışdı. Düşmənin diqqətini
yayındırmaq, başını
qatmaq üçün
aldadıcı manevrlər
edə-edə Şuşaya
doğru gedirdik. Azərbaycan əsgərinin
gücündən qorxan
düşmən müqavimət
göstərməyi bacarmayıb
geri çəkilirdi.
Dayanmadan vuruşa-vuruşa
Topxana meşəsini də keçdik. Məğlubiyyəti ilə
barışmayan işğalçılar
gözlənilmədən meşədə
ciddi müqavimət göstərməyə başladılar.
Amma artıq belə müqavimət göstərməyin heç
bir mənası yox idi. Çünki
düşmən məhvə
məhkum idi. Noyabrın 8-də Şuşa
uğrunda qanlı döyüş başladı.
Şuşanın azadlığı
naminə vuruşmaq çoxdankı arzum idi. Ermənilər şəhəri
əllərində saxlamaq
üçün bütün
qüvvələrini döyüşlərə
səfərbər etmişdilər.
Güllələr üstümüzə
dolu kimi yağsa da, biz müdafiə olunmağı bacarırdıq.
Qüvvələri çox
olsa da, yağılar bizimlə bacara bilmirdilər. Çünki biz doğma şəhərimiz
uğrunda döyüşürdük.
Şəxsi heyət böyük cəsarətlə
vuruşurdu. Beyrək
adlı zabitin göstərdiyi igidliyi, cəsarəti heç vaxt unutmayacağam. Uğurla başa çatan döyüşlərdən
sonra noyabrın 8-də
Şuşa erməni qəsbkarlarından azad olundu. Bununla da 30 ilə yaxın davam edən işğala son qoyuldu. Qismətimizə
xoşbəxtliklə dolu
olan tarixi bir gün yaşamaq
düşmüşdü. Biz ermənilərə qalib gəlmişdik, düşmən üzərində
tarixi Zəfər çalmışdıq. Sevincimiz
aşıb-daşırdı, ürəyimiz qürurla döyünürdü. Vuruşmaq,
qalib gəlmək, zəfər qazanmaq gözəl hissdir. Bunu sözlə ifadə etmək döyüşməkdən də
çətindir. Sonra
əks-hücumlarımızı Xankəndi istiqamətində
davam etdirdik. Noyabrın 10-da döyüşlərin
dayandırılması barədə
əmr aldıq. Vətən müharibəsində
torpaqlarımızı ermənilərdən
azad etdiyimizə görə bu gün alnımız açıq, başımız
ucadır. Bundan sonra yerimiz həmişə
ucalıqlar olacaq. Heç vaxt bu ucalıqlardan, zirvələrdən enməyəcəyik.
İkinci Qarabağ
müharibəsində göstərdiyi
qəhrəmanlığa görə
ehtiyatda olan polkovnik-leytenant İsmayılov
Aqil Yaşar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
"Cəbrayılın azad
olunmasına görə",
"Xocavəndin azad olunmasına görə",
"Şuşanın azad
olunmasına görə",
"Vətən uğrunda",
"Cəsur döyüşçü"
medallarına layiq görülüb.
44 günlük Vətən
müharibəsi Zəfərlə
başa çatandan sonra Aqil İsmayılov
ordu sıralarından
tərxis olunmayıb.
Onun üçün çox doğma olan Silahlı Qüvvələrin sıralarında
qalaraq xidmətinə
davam edib. Komandanlığın verdiyi
tapşırıqları bacarıqla
yerinə yetirib. Bu yaxınlarda ürəkdən bağlandığı
qalib ordudan qalib zabit kimi
ayrılıb. Cəsur
döyüşçü deyir ki, düşmən
üzərində qazanılan
qələbədə payı
olduğuna görə
özünü çox
qürurlu hiss edir. Bu qürur, bu iftixar isə
daim ona güc, qüvvət verəcək. Ömür
boyu başı uca olacaq.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
17 oktyabr (№ 228).- S.6.