Azərbaycanın müəllifi olduğu regional layihələr Gürcüstanın müstəqil
siyasət yürütməsi
üçün möhkəm
təməl yaradır
Bu ölkədə
siyasi mühitə müdaxilə cəhdlərinin
artması fövqəldövlətlərin
Qafqaz bölgəsində
proseslərə nəzarət
imkanlarını genişləndirmək
cəhdidir
"Hazırda regionda
və dünyada baş verən proseslər gələcək
siyasi hadisələrin
inkişafı barədə
proqnoz verməyi çətinləşdirib. Cənubi
Qafqaz isə özünün geosiyasi əhəmiyyəti baxımından
hegemon dövlətlərin
maraqlarının toqquşduğu
areala çevrilib".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Beynəlxalq Münasibətlərin
Təhlili Mərkəzinin
məsləhətçisi Fuad Abdullayev deyib. O bildirib ki, xüsusən bu dövlətlərin maraqlarının təmin
edilməsi istiqamətində
tarixdə olduğu kimi, indi də
Ermənistandan istifadə
edilir. Buna görə Qərbdə və regionda baş verən hadisələr siyasi iradəsi zəif olan Ermənistan hakimiyyətinin xarici siyasət kursuna təsir edəcək. Bu kontekstdə Gürcüstan və
ABŞ-də keçiriləcək
seçkilər Ermənistan
üçün xüsusi
maraq doğurur.
Gürcüstanda hazırkı iqtidarın seçkilərdə qalib
gəlmə şansı
çoxdur
Ekspertin fikrincə,
qonşu ölkə Gürcüstanda gedən siyasi proseslər hazırkı iqtidarın parlament seçkilərində
qalib gəlmə şansından xəbər
verir. Ümumiyyətlə,
Qafqazın yeni təhlükəsizlik sistemində,
sosial-iqtisadi inkişaf
meyillərində Azərbaycanla
yanaşı, Gürcüstan
da aparıcı mövqeyə malikdir. Azərbaycanın müəllifi
olduğu regional layihələr Gürcüstanın
sosial-iqtisadi inkişafına
böyük töhfə
verir və onun müstəqil siyasət yürütməsi
üçün həm
də möhkəm təməl yaradır. Gürcüstanda siyasi mühitə müdaxilə
cəhdlərinin artması
məlum fövqəldövlətlərin
yalnız bu ölkədə deyil, ümumilikdə Qafqaz bölgəsində proseslərə
nəzarət imkanlarını
genişləndirmək cəhdlərinin
nəticəsidir.
F.Abdullayev hesab
edir ki, seçkilərə qədər
Ermənistanın xarici
siyasət kursunda ciddi dəyişiklik gözlənilmir. Seçkilərdən
sonra isə Ermənistanın xarici siyasətində hansı yol tutacağını proqnozlaşdırmaq üçün
regionda baş verə biləcək proseslərə nəzər
salmaq lazımdır. Eyni zamanda Gürcüstanın
hazırkı siyasi hakimiyyətinin ABŞ və
Aİ ilə münasibətlərində
yaşadığı gərginlik,
Rusiya ilə əlaqələrində müəyyən
yaxınlaşma Ermənistan
üçün vəziyyəti
daha da çətinləşdirib.
Çünki Qərbə
yeganə çıxış
qapısı hesab edilən Gürcüstanda
cərəyan edən
siyasi proseslərin Ermənistanın qərbyönümlü
xarici siyasət kursuna təsiretmə ehtimalı çoxdur.
"Hadisələrin bu kontekstdə inkişafı, əlbəttə
ki, Ermənistan hakimiyyətini narahat edir və Nikol
Paşinyanın sentyabrın
16-da Gürcüstana səfərini
də məhz bu rakursdan qiymətləndirmək
daha düzgün olar. Ümumiyyətlə,
Qərb və Gürcüstan arasında
münasibətlərin mənfi
qrafik üzrə irəliləmə ehtimalı
var və bu, onu deməyə
əsas verir ki, Ermənistan öz xarici siyasət kursunda kollektiv Qərblə Rusiya arasında müəyyən balansı
qorumağa, regionda bir növ Rusiyanın
maraqlarını da nəzərə almağa
çalışacaq. Paşinyanın
oktyabrın 12-də İrəvanda
keçirilən "Sülh
kəsişməsi: təhlükəsizlik
və demokratiyanın
birləşməsi" konfransı
zamanı Zəngəzur
dəhlizində yolun monitorinqi funksiyasının
Rusiya Federal Təhlükəsizlik
Xidmətinin əməkdaşlarına
verilə bilər açıqlaması da sonrakı siyasi proseslər qarşısında
bir növ özünü sığortalamaq
kimi qiymətləndirilə
bilər", - deyə
siyasi təhlilçi
əlavə edib.
F.Abdullayev qeyd edib ki, digər
tərəfdən ABŞ-də
seçkiqabağı vəziyyətin,
xüsusilə prezidentliyə
namizədlər Kamala
Harris və Donald Trampın debatından sonra demokratlar lehinə dəyişməsi
Ermənistanın xarici
siyasət kursuna uyğundur. Buna, avqustun 19-da Çikaqoda
ABŞ Demokratlar Partiyasının
50-ci Milli konqresində
Ermənistan parlament nümayəndələrinin iştirakı
da dəlalət edir. Belə ki, Kamala Harrisin
prezidenliyə namizədliyi
irəli sürülən
bu tədbirdə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri
Sarqis Xandanyan, parlamentin maliyyə, kredit və büdcə məsələləri
üzrə daimi komissiyasının sədri
Tsovinar Vardanyan və Avropaya inteqrasiya üzrə daimi komitəsinin üzvü Sona Ğazaryan da iştirak ediblər. Bu fakt onu
deməyə əsas verir ki, Ermənistanın
hazırkı siyasi rəhbərliyi ABŞ-də
demokratların seçilməsini
açıq-aşkar dəstəkləyir.
Bununla yanaşı, erməni separatizmini fəal şəkildə təbliğ edən erməni diasporunun fəaliyyətini də diqqətdən kənar saxlamaq olmaz. Qeyd edək ki, hazırda ABŞ-də fəaliyyət göstərən Amerika Ermənilərinin Milli Komitəsi (ANCA) demokratların
qalib gəlməsinə
dəstək verir və onlardan Ermənistanın milli maraqlarına dəstək
olmaları üçün
müəyyən vədlər
də alıb.
Rusiyanın hərbi
uğurları artır,
kollektiv Qərbin Ukraynaya dəstəyi azalır
Ekspert ABŞ-də
baş tutacaq seçkilərdə demokratların
qalib gələcəyi
təqdirdə kollektiv
Qərbin, başda
ABŞ və Fransa olmaqla Ermənistanın xarici və daxili siyasətinə yön verməyə davam edəcəyini istisna etmir: "Əlbəttə ki, bu dəstək 5 aprel Brüssel görüşündə razılaşdırılan
siyasi, hərbi, iqtisadi və enerji təhlükəsizliyi
sahələrinə kömək
kontekstində baş tutacaq. Ermənistanın hakimiyyət nümayəndələri
isə bunu öz xalqına nailiyyət kimi sırımağa davam edəcək. Kollektiv Qərb heç bir təhlükəsizlik təminatı vermədən
Ermənistanı və
xalqını öz maraqları çərçivəsində
vasitə kimi istifadə etməyə çalışacaq. Buna paralel olaraq, Rusiyanın Cənubi Qafqazdan çıxarılması
və Ermənistanın
Rusiyadan qoparılması
istiqamətində fəaliyyətlərin
davam edəcəyi gözlənilir".
Siyasi şərhçi
bildirib ki, yaxın gələcəkdə
Ermənistanın Qərbə
meyilli xarici siyasət kursunun davamı, eyni zamanda Qərbin Ermənistanın xarici siyasətinə yön verməsi Ukrayna müharibəsinin nəticəsindən
çox asılı olacaq. Heç şübhəsiz, Ukrayna cəbhəsində gedən
proseslər və bu səbəbdən tətbiq edilən sanksiyalar Rusiyanın Ermənistandakı siyasi rıçaqlarına müəyyən
qədər təsir edib. Lakin son
günlər Rusiya qoşunlarının müəyyən
hərbi uğurları
və kollektiv Qərbin Ukraynaya dəstəyinin azaldığı
müşahidə olunur.
Bu baxımdan əgər Rusiya yaxın zamanda, məsələn, 3-6 ay ərzində uğur qazansa, bu, Ermənistanın
xarici siyasət kursunda dəyişikliyə
səbəb ola bilər. Hazırda Ermənistanın Rusiya ilə münasibətlərində
hər nə qədər siyasi gərginlik müşahidə
edilsə də, iqtisadi əlaqələr kifayət qədər inkişaf edir. Ermənistan Rusiyanın Qərbin sanksiyalarından
yayınmasına fəal
şəkildə kömək
göstərir.
F.Abdullayev xatırladıb
ki, MDB dövlət başçıları sammiti
çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşü
zamanı ölkələr
arasında ticarət dövriyyəsinin ilin sonunadək 14-16 milyard
ABŞ dolları məbləğinə
çatması ilə
bağlı proqnozlar verib. Bununla belə, Ukraynada müharibənin davam edəcəyi halda Rusiyanın Ermənistanda təsir imkanlarının
daha da azalmasına
səbəb olacağı
ehtimalı yüksək
qiymətləndirilir. Avqustun
1-də Rusiya sərhədçilərinin "Zvartnots" Hava Limanı və 2025-ci ilin yanvarın 1-də isə İran-Ermənistan
sərhədindən çıxmasına
Kremlin razılıq verməsi bu təsirin azalmasına ən doğru nümunədir.
Ermənistan sülh müqaviləsi üçün vaxtı uzatmağa çalışır
Ermənistanın tarix
boyu marionet şəxslər tərəfindən
idarə edildiyini deyən ekspert bildirib ki, həmin
şəxslər böyük
dövlətlərin maşası
kimi istifadə olunub. Yəni bir növ Ermənistan
dövlətçiliyinin fundamenti
bunun üzərində
qurulub.
Fuad Abdullayev bu səbəbdən Ermənistanın müstəqil
siyasət yürüdərək
Azərbaycanla sülhə
istiqamətlənməsi ehtimalının
az olduğunu deyir: " Digər tərəfdən, bir faktı da qeyd
etmək lazımdır
ki, Ermənistan özünümüdafiə adı
altında silahlanmağa
davam edir. Buna paralel olaraq
hər il müdafiə xərclərini
artırır və bu xərclər 2025-ci il üçün artıq 1,725 milyard ABŞ
dollarına çatıb.
Eyni zamanda Ermənistan hakimiyyəti sülh müqaviləsinin
bağlanmaması istiqamətində
müəyyən addımlar
atır və Azərbaycanla münasibətlərdə
qeyri-səmimi mövqedədir.
Azərbaycanın bütün
təkidlərinə rəğmən
bu günə qədər heç bir funksional mahiyyət daşımayan
Minsk qrupunun formal olaraq saxlanılması,
yaxud 26 sentyabr
2024-cü il tarixində
ölkənin Konstitusiya
Məhkəməsinin konstitusiya
ilə ziddiyyət təşkil edən qərarını buna misal gətirə bilərik".
BMTM məsləhətçisi qeyd edib ki,
Ermənistan hakimiyyəti
Azərbaycanın bir çox sual doğuran məqamlar yer alan sülh
layihəsini qəbul etməyəcəyini bilərək
addım atır, özünü sülhsevər,
bizi isə qeyri-konstruktiv mövqedə
olduğumuzu beynəlxalq
ictimaiyyətə göstərmək
istəyir.
Siyasi təhlilçi
sonda vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi tərəfindən atılan
addımlar onun sülh müqaviləsi bağlamaq istəmədiyini,
sadəcə olaraq vaxt uzatmağa çalışdığını göstərir. Bütün
bunlar isə ancaq bir məqsəd
güdə bilər. Bu da Azərbaycana
qarşı yenidən
ərazi iddialarının
baş qaldırmasına
hazırlıqdır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-17
oktyabr (№ 228).- S.8.