Azərbaycanda
investisiya siyasətinin
inkişaf istiqamətləri
Müstəqilliyin birinci
mərhələsində Azərbaycan
hökumətinin investisiya
siyasətində dövlət
sərmayələrindən daha çox neft-qaz sektorunda, istehsal və sosial infrastruktur obyektlərinin modernləşdirilməsində
istifadə olunması
prioritet təşkil etmişdir. Özəlləşdirmə
prosesində investisiya
müsabiqələrinə üstünlük verilmiş
həmin dövrdə
dövlət sərmayəsindən
regionların abadlaşdırılmasında
da istifadə olunmuşdur.
O illər dövlət
investisiya proqramlarında
nəzərdə tutulan
investisiyaların 70-80 faizdən
çoxu nəqliyyat,
energetika, kommunal, su təchizatı, meliorasiya, sosial və digər infrastruktur obyektlərinin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir. Azərbaycan
hökumətinin investisiya
siyasətində qeyri-neft
emal sənaye sahələrinin və aqrar sektorun maddi-texniki bazasının
yenidən qurulmasının,
əsasən, özəl
investisiyaların hesabına
həyata keçirilməsi
konsepsiyası üstünlük
təşkil etmişdir.
Amma dövlət investisiyalarından bu sektorlarda istifadə olunması bəzən bazar iqtisadi sisteminin tələblərinə
cavab verməyən baxış kimi qiymətləndirilirdi. Burada
cənab İlham Əliyevin bir fikrini diqqətə çatdırmaq istəyirdik.
Prezident demişdir:
"Biz iqtisadiyyatımızı
bazar iqtisadiyyatı prinsipləri əsasında
inkişaf etdiririk. Buna görə də şəxsən mən hökumətin yeni sənaye sahələrinin yaradılmasına
birbaşa müdaxiləsinin
tərəfdarı deyiləm…
Ölkənin qeyri-neft
sahələri özəl
sektor tərəfindən
inkişaf etdirilməlidir
və biz buna nail olmağa
çalışırıq" ("Azərbaycan" qəzeti,
20.10.2005).
2003-2022-ci illəri əhatə
edən statistik informasiyaların araşdırılması
göstərir ki,
2003-2005-ci illərdə daxili
mənbələr hesabına
qeyri-neft emal sənayesində əsas kapitala cəmi 129,5 milyon manat investisiya
qoyulmuşdur ki, bu da daxili
sərmayələrin 3 faizini
təşkil etmişdir.
Kənd təsərrüfatında
isə bu göstərici 1,7 faiz olmuşdur. Beynəlxalq təcrübə də göstərir ki, dövlət xətti ilə yeni müəssisələr
və istehsal gücləri yaratmaq, özəl müəssisələrin
yenidən qurulmasında
dövlətin öz investisiyası ilə iş-tirakı çox təbii və zəruri hesab edilir.
İqtisadi nəzəriyyə
sahibkarlara və dövlətə iqtisadiyyatın hansı
sektoruna investisiya yönəldilməsinin seçilməsində
çox az kömək edə bilir. Hər
ölkə yerli xüsusiyyətlərindən və
iqtisadi durumundan asılı olaraq, özünün düzgün
investisiya istiqamətlərini
müəyyən edir
və bununla dünya iqtisadi sistemində özünün
ixtisaslaşmasını müəyyən
etmiş olur. İnvestisiya iqtisadi artıma təsir edən əsas amillərdən biri olduğuna görə dövlətin investisiya siyasəti məqsədyönlü
olmalıdır, yəni
mülkiyyət formasından
asılı olmayaraq, investisiyanın istiqaməti
əvvəlcədən iqtisadi
sektorlar və regionlar üzrə dövlət tərəfindən
müəyyən edilməlidir.
Bazar sistemində
dövlətin öz vəsaiti ilə investisiya fəaliyyətində
iştirakı ölkənin
iqtisadiyyatında yaranmış
vəziyyətdən asılı
olaraq müxtəlif dövrlərdə müxtəlif
formada həyata keçirilir. Bazar iqtisadiyyatlı ölkələrdə
dövlət büdcəsindən
və büdcədənkənar
fondlardan vəsait ayırmaqla sahə mənsubiyyətindən asılı
olmayaraq (infrastruktur, emal sənayesi, aqrar sektor) dövlətin
özü investisiya fəaliyyəti göstərir,
əsas kapitala xeyli vəsait sərf edir. İnkişaf etmiş ölkələrdə investisiyaların
maliyyələşdirilməsi üçün qarışıq
maliyyə mənbələrindən
(dövlət və özəl) də zəruri hallarda istifadə olunur.
Özəl qurumlara
dövlətin investisiya
yardımı müxtəlif
formalarda olur: investisiya proqramlarında dövlətin iştirak etməsi, kredit alınması üçün
dövlət zəmanətinin
verilməsi. İqtisadi
ədəbiyyat təsdiq
edir ki, inkişaf etmiş ölkələrdə dövlət
öz vəsaitləri
ilə sənayenin və kənd təsərrüfatının müasir
tələblərə cavab
verən istehsal strukturunun formalaşmasında
vaxtilə fəal iştirak etmişdir. Amma beynəlxalq təcrübə və iqtisadi nəzəriyyə
göstərir ki, dövlət investisiyalarından
istifadənin istiqamətləri
zaman-zaman dəyişir
və ölkədə
yaranmış iqtisadi
durumdan asılı olaraq müəyyən edilir. Məsələn,
XIX əsrin əvvəllərindən
Yaponiyada kapitalist sənayesini yaratmaq üçün kompleks tədbirlər həyata keçirilmiş, o cümlədən
dövlət müəssisələrinin
yaradılmasına başlanılmışdır.
Özəl müəssisələrə
subsidiyalar verilmiş və ölkədə yüksək müdafiə
rüsumları tətbiq
edilmişdir. Bu siyasət XX əsrin 30-cu illərində daha da gücləndirilmişdir.
1950-1960-cı illərdə Türkiyədə Adnan Menderes hökuməti dövründə dövlətin
pul vəsaitləri bir qayda olaraq
kənd təsərrüfatına
yönəldilmişdir. Cənubi
Koreyada isə
1960-1970-ci illərdə iqtisadiyyata
kapital qoyuluşunun ümumi həcmində dövlət bölməsinin
payı 90 faizə çatmışdır.
İqtisadiyyatın şaxələndirilməsi
barədə Prezidentin
qarşıya qoyduğu
vəzifələri vaxtında
və bütünlüklə
yerinə yetirmək, habelə inkişafın sənaye mərhələsini
uğurla başa vurulmasını təmin etmək üçün qeyri-neft emal sənayesinin və aqrar-sənaye kompleksinin inkişafı proqramlarının
investiya təminatına
yenidən baxılması
və bu sahələrdə dövlət
investisiyalarından istifadənin
genişləndirilməsi zərurəti
meydana çıxmışdır.
Bu məqsədlə hələ 2006-cı ildə
dövlət statuslu Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) yaradılmışdır.
AİŞ-in yaradılmasından
sonra emal sənayesində dövlət
investisiyalarından istifadə
xeyli genişlənmişdir
ki, bu da
dövlətin investisiya
siyasətində müsbət
dəyişiklik kimi qiymətləndirilməlidir. Nəticədə
2006-2011-ci illərdə bütünlükdə
daxili mənbələr
hesabına qeyri-neft emal sənayesində əsas kapitala 2 milyard 217,5 milyon,
2019-2022-ci illərdə 5 milyard
102 milyon manat investisiya yönəldilmişdir.
Burada diqqəti cəlb edən fakt ondan ibarətdir
ki, 2019-2022-ci illərdə
qeyri-neft emal sənayesinə qoyulan daxili investisiyanın 40 faizi dövlətə, 60 faizi qeyri-dövlət təsərrüfat subyektlərinə
məxsus olmuşdur. Həmin dövr kənd təsərrüfatında
isə 2 milyard 40,1 milyon manat həcmində
investisiyadan istifadə
edilmişdir. Aqrar sektordan söz düşmüşkən qeyd
edək ki, hazırda kənd təsərrüfatının investisiya
təminatında onun özünün resursları
əhəmiyyətli rol
oynaya bilər. Ancaq aqrar sektor
2001-ci ildən bütün
vergilərdən qeyd-şərtsiz
azad edilmişdir. Halbuki bu güzəştlərin
verilməsi investisiya qoyuluşu ilə şərtlənməlidir. Əks
halda güzəştlər
sahənin investisiya təminatına mənfi təsir edir. Odur ki, bu
cür güzəştlər
yalnız strateji xarakterli kənd təsərrüfatı məhsullarının
istehsalı ilə məşğul olan iri istehsalçılara və kooperativlərə,
özü də müəyyən müddətə
elə şərtlə
edilməlidir ki, onlar güzəştdən
qazandıqları maliyyə
vəsaitlərini investisiya
kimi təsərrüfatlarında
istifadə etsinlər.
Bu tədbir sahənin investisiya təminatını əhəmiyyətli
dərəcədə yaxşılaşdıra
bilər.
Daxili investisiyaların
həcminin və dinamikasının təhlili
göstərir ki,
2022-ci ildə 2003-cü illə
müqayisədə daxili
investisiyalar 11,6, o cümlədən
dövlət investisiyaları
19,6, qeyri-dövlət daxili
investisiyaları 6,6 dəfə
artmışdır. Həmin
dövr dövlət investisiyalarının artım
sürəti yerli özəl investisiyalarla müqayisədə daha yüksək olmuşdur.
2006-2022-ci illər dövlət
investisiyalarında dövlət
büdcəsi dövlət
müəssisələrinə nisbətən üstünlük
təşkil etmişdir.
Yerli özəl investisiyaların həcmi isə 2006-2010-cu illərdəki
13 milyard 662 milyon manatdan 2019-2022-ci illərdə
19 milyard 740 milyon manata qədər artmış, 2022-ci ildə
daxili investisiyalarda onların xüsusi çəkisi 36,1faizə qədər
yüksəlmişdir.
Bu gün də Azərbaycanda investisiya siyasətinin əsasında qeyri-neft emal sənaye sahələrinin və aqrar-sənaye kompleksinin prioritet inkişafı, ləyaqətli məşğulluğun
təmin edilməsi, iqtisadi və sosial səmərəliliyin
yüksəldilməsi durur
və belə də olmalıdır. Çünki Azərbaycanda
sənayesi inkişaf etmiş ölkələrə
xas olan makroiqtisadi göstəricilərə
nail olmaq (iqtisadi və regional tarazlıq, sənayenin emal sahələrinin və xidmət sektorunun yüksək xüsusi çəkisi və s.) məqsəd kimi qarşıya qoyulmuşdur.
Prezidentin iqtisadi inkişaf proqramının
uğurla yerinə yetirilməsi üçün
regional sənayenin, xüsusi ilə onun qeyri-neft emal sektorunun, aqroemal sənayesinin sürətlə və kompleks inkişafı tələb olunur. Amma apardığımız
təhlillər göstərir
ki, 2022-ci ildə qeyri-neft emal sənaye məhsulları istehsalının 63 faizi Bakı şəhərində
və Abşeron-Xızı
iqtisadi rayonunda istehsal edilmişdir. Bu göstərici Naxçıvan iqtisadi rayonunda 5,3, Mil-Muğan iqtisadi rayonunda 3,6, Gəncə-Daşkəsən iqtisadi
rayonunda 3,4, qalan iqtisadi rayonunda 1-2 faiz civarında olmuşdur. Göründüyü
kimi, 4 regional inkişaf dövlət proqramı bölgələrin
tarazlı inkişafına
təsir etsə də, bu, istənilən
səviyyədə olmamışdır.
Ona görə də indiki mərhələdə dövlət
öz maliyyə vəsaitləri ilə regionlarda infrastruktur obyektləri ilə yanaşı, qeyri-neft emal sənaye sahələrində və
aqrar-sənaye kompleksində,
xüsusilə istehlak
malları istehsal sahələrində də
yeni istehsal güclər yaratmalıdır.
Regionlarda emal sənayesinin və aqrar sektorun inkişafına dövlət
investisiyalarının daha
da artırılması
zərurətini meydana
çıxaran amillərdən
biri də bölgələrdə fəaliyyət
göstərən yerli
sahibkarların bir tərəfdən maliyyə
bazasının zəif,
digər tərəfdən
həmin sahələrin
cəlbediciliyinin aşağı
olmasıdır. Bu yerdə Prezidentin bir göstərişini də xatırlatmaq yerinə düşərdi.
Qəbələ rayonunda
olarkən cənab İlham Əliyev demişdir: "Xarici investor onu maraqlandıran
sahələrə investisiyalar
qoyur. Bu da təbiidir. Amma elə sahələr
var ki, bizim
üçün vacibdir,
lakin ora investisiya tapa bilmirik. Ona görə
Dövlət İnvestisiya
Şirkəti vasitəsilə
Azərbaycan hökuməti
özü müəyyən
edəcək ki, biz bu investisiyaları
hansı rayona, hansı sənaye sahəsinin inkişafına
yönəldək" ("Azərbaycan" qəzeti,
03.03.2007).
Bankların da investisiya
fəallığı zəifdir.
Əsas səbəbi investisiya fəaliyyətində
iqtisadi maraqlarının
olmamasıdır. Çünki
Azərbaycanın kommersiya
banklarında resurs bazasının kifayət etməməsi nəticəsində
onların kredit faizləri çox yüksəkdir ki, bu da ölkə iqtisadiyyatının
kreditləşdirilməsini lazımi səviyyədə
təmin etmək üçün maddi şərait yaratmır. Təkcə onu da qeyd edək ki, 2022-ci ildə əsas kapitala qoyulan investisiyaların yalnız
2,8 faizi bank kreditləri
olmuşdur. Sonrakı
illərdə də bu sahədə elə bir ciddi
fərq qeydə alınmamışdır.
İstehsalın sahə
və regional struktur dəyişikliklərinin miqyaslı
həcmdə təmin
edilməsi irimiqyaslı
investisiya ilə bağlıdır. İndiki
mərhələdə bu
struktur dəyişikliklərində
özəl qurumlarla yanaşı, dövlətin
də bir investor kimi iştirakı zəruridir. Bu, təkcə
ölkə üzrə
iqtisadi artımın təmin olunması zərurətindən irəli
gəlmir. Xüsusən
regionlarda yeni iş yerləri yaradılmalıdır
ki, şəhərlərə əhali axını aşağı düşsün.
Dövlət Statistika
Komitəsinin məlumatına
görə, 2023-cü ildə
1999-cü illə müqayisədə
əhali artımının
70 faizi məhz şəhərlərin payına
düşmüşdür. Kənd əhalisinin xüsusi çəkisi
1999-cu ildəki 50 faizdən
2023-cü ildə 31 faizə
qədər azalmışdır.
2023-cü ildə əhalinin
ümumi sayında şəhər əhalisinin
xüsusi çəkisi
54,6, kənd əhalisininki
45,4 faiz olmuşdur.
Bunun əsas səbəbindən
biri sənaye sektorunda ən çox əməktutumlu sahə hesab olunan emal sənayesinin
regionlarda istənilən
səviyyədə inkişaf
etməməsidir. Məsələn,
2022-ci ildə emal sənaye məhsullarının
77,2 faizi 2 regionda - Bakı şəhərində
(54,4 faiz) və Abşeron-Xızı iqtisadi
rayonunda (22,8 faiz) istehsal edilmişdir. Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi
Aran və Dağlıq
Şirvan iqtisadi rayonlarında
bu göstərici
0,4-1,7 faiz civarında
olmuşdur. Bu reallıqdan
çıxış edərək
belə qənaətə
gəlmək olar ki, dövlət investisiya resurslarının kifayət
qədər mövcud
olduğu bir şəraitdə sənayenin
qeyri-neft emal sahələrinin və aqrar-sənaye kompleksinin dövlət vəsaitləri
hesabına inkişaf etdirilməsi dövlətin
investisiya siyasətinə
daxil edilməsi zərurətini yaradır.
Yeri gəlmişkən,
nəzərə çatdıraq
ki, yeni reallıq kənd
təsərrüfatı kooperativlərinə
yeni yanaşma tələb
edir. Hesab edirik ki, 2016-cı ildə
qəbul edilmiş
"Kənd Təsərrafatı
Kooperasiyası haqqında"
qanun beynəlxalq təcrübə
nəzərə alınmaqla
yenidən işlənməli,
kooperativləşməni stimullaşdırmaq
üçün güzəştli
kreditlər, dövlət
investisiyaları, vergi
güzəştləri məhz
onlara verilməlidir. Paralel olaraq emal və ticarət
müəssisələri yaradılmalı,
strateji kənd təsərrüfatı məhsullarının
istehsalçı qiymətləri
dövlət tərəfindən
tənzimlənməlidir. Bu məsələdə təkcə
buğda ilə kifayətlənmək olmaz.
Azərbaycan hökumətinin
investisiya siyasətində
mühüm dəyişikliklərindən
biri də dövlət-özəl sektorlarının
birgə partnyorluq sisteminin təşkil edilməsidir. Məlum olduğu kimi, 2022-ci ildə "Dövlət-özəl
tərəfdaşlığı haqqında" qanun qəbul
edilmiş, Nazirlər
Kabinetinin 2024-cü il 18 mart tarixli qərarı ilə "Dövlət-özəl
tərəfdaşlığı qaydaları" təsdiqlənmişdir.
Bu qərara görə,
ehtimal olunan ümumi dəyəri 30 milyon manatdan çox olan layihələr dövlət-özəl
tərəfdaşlığı qaydasında həyata keçirilə bilər. Azərbaycanın investisiya
siyasətində daha bir yenilik isə
özəl müəssisələrə
dövlət investisiyalarının
qoyulması haqqında
qərarın qəbul
edilməsidir.
1995-ci ildə qəbul edilmiş "İnvestisiya
fəaliyyəti haqqında"
qanunda amortizasiya ayırmaları investisiya fəaliyyətinin maliyyə
mənbələrindən biri
kimi nəzərdə
tutulmuşdur (Maddə
9). Həmin qanunun
11-ci maddəsində göstərilir
ki, amortizasiya siyasəti
investisiya fəaliyyətinin
dövlət tənzimləmə
vasitələrindən biridir.
Ancaq 2022-ci ilin iyul ayında qəbul edilmiş "İnvestisiya fəaliyyəti
haqqında" qanunda
amortizasiya ayırmalarının
investisiyaların maliyyə
mənbəyi olması
haqqında müddəa
nəzərdə tutulmamışdır
ki, bu da beynəlxalq təcrübəyə və
iqtisadi nəzəriyyəyə
ziddir. Bununla da böyük məbləğdə
pul vəsaitindən investisiya kimi məqsədyönlü istifadə
edilməsi imkanından
Azərbaycan hökuməti
məhrum olmuşdur.
Bu reallıqdan çıxış
edərək "Amortizasiya
ayırmaları haqqında"
qanunun qəbul olunmasını və Amortizasiya Fondunun yaradılmasını təklif
edirik. Amortizasiya ayırmalarının mənfəətdən
vergitutma bazasına
aid edilməsi, onlardan
hökumətin icazəsi
ilə prioritet sahələrdə ancaq investisiya məqsədləri,
o cümlədən innovasiyaların
tətbiqi üçün
istifadə edilməsi,
amortizasiya güzəştləri
sisteminin tətbiqi, investisiya kimi istifadə olunan amortizasiya ayırmalarının
mənfəət vergisindən
azad edilməsi məqsədəuyğun olardı.
Həmçinin hesab edirik ki, investisiya siyasətinə zamanın
tələblərinə uyğun
dəyişiklik etmək
və daxili investisiyaların stimullaşdırılmasını
təmin edən iqtisadi mexanizmləri (vergi güzəştləri,
mərkəzləşdirilmiş kredit resursları, uçot dərəcəsi,
amortizasiya güzəştləri,
kredit dərəcələri
və s.) təkmilləşdirmək
lazımdır. Lakin burada
söhbət dövlət
investisiyalarının bütövlükdə
bütün sahələrdə
istifadə olunmasından
deyil, hökumət tərəfindən təsdiq
edilmiş prioritet sahələrdə və prioritet regionlarda qeyri-neft emal sənayesində və aqrar sektorda istifadəsindən gedir.
Digər məsələ:
apardığımız uzunmüddətli
araşdırmalar göstərir
ki, Azərbaycan əhalisinin
tərkibində əməkqabiliyyətli
yaşda olanların xüsusi çəkisi iqtisadiyyatda məşğul
olanların xüsusi çəkisindən təxminən
1,5 dəfə yüksəkdir.
Bu isə o deməkdir ki, iqtisadiyyatda məşğul
olanların sayının
əhəmiyyətli dərəcədə
artırılması üçün
əmək resursu kifayət qədər mövcuddur və onlardan səmərəli istifadə edilməsi vacibdir. Məhz bu meyil investisiya
siyasətinin əsaslandığı
güclü amillərdən
biri olmalıdır. Burada da həlledici
rol emal sənayesinə məxsusdur.
Məşğulluğun dövlət
siyasəti isə məhz əmək resurslarının ümumi
və regional balansı əsasında formalaşdırılmalıdır.
Maraqlı məsələlərdən
biri də investisiyaların iqtisadi səmərəliliyidir. Bu
məsələni 2020-2022-ci illəri əhatə etməklə müqayisəli
qiymətlər əsasında
ölkə üzrə
sənaye, o cümlədən
mədənçıxarma və emal sənaye
sektorları üzrə
araşdırmışıq. Məlum olmuşdur ki, ölkə üzrə 2022-ci ildə əsas kapitala qoyulan 1 manat investisiya əlavə dəyərin 21, o cümlədən
emal sənayesində
16 qəpik artımını
təmin etmişdir.
2022-ci ildə 2020-ci illə
müqayisədə əmək
məhsuldarlığı 6,5 faiz, məşğul əhalinin sayı isə 180 min nəfər artmışdır.
Bu göstəricilərin
ölçüləri məqbul
qiymətləndirilə bilər.
Qarabağdan və
Şərqi Zəngəzurdan
erməni vəhşiləri
qovulduqdan sonra hökumətin investisiya siyasətində yeni bir istiqamət müəyyən edilmişdir.
Bu da regionun
dirçəldilməsinin investisiya
təminatıdır. Bu
zaman vacib və önəmli fakt ondan ibarətdir
ki, Prezidentin də dəfələrlə
vurğuladığı kimi,
Azərbaycan külli miqdarda vəsait tələb edən möhtəşəm "Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"nın
icrasını daxili mənbələr hesabına
özü maliyyələşdirir.
Artıq yüzlərlə
soydaşımız öz
ata-baba yurdlarına dönüblər. Laçında,
Şuşada, Füzulidə,
Cəbrayılda, Zəngilanda
onlar üçün
bütün zəruri
infrastrukturu olan müasir evlər, mənzillər tikilib, təhsil, səhiyyə ocaqları, xidmət obyektləri inşa olunub. Maraqlı faktlardan biri də odur ki,
işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ "yaşıl
enerji" ərazisi elan olunub və
bu istiqamətdə artıq xeyli iş görülüb. Bütün bunlar bir daha sübut
edir ki, Azərbaycanın investisiya
siyasəti bu sınaqdan da uğurla çıxır.
Tofiq HÜSEYNOV,
ETN İqtisadiyyat İnstitutunun
şöbə müdiri,
Əməkdar iqtisadçı,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2024.-17
oktyabr (№ 228).- S.10.