"Yuğ"
teatrı xalqın təfəkküründən, hikmətindən
və ruhundan yarandı
1989-cu ildə ölkəmizdə
fəaliyyət göstərən
teatrların sırasına
yeni biri -"Yuğ" teatrının
da adı əlavə olundu. Yuğ Teatr-Studiyası kimi Xalq artisti
Həsənağa Turabovun
rəhbərliyi və
tanınmış rejissor
Vaqif İbrahimoğlunun
təşəbbüsü ilə yaradıldı.
1992-ci ildə Yuğ Teatr-Studiyası dövlət
statusu aldı. Bu günlərdə 35 yaşı tamam olacaq teatrda Vaqif İbrahimoğlunun
böyük xidmətləri
olub.
Tamaşaçıların böyük sevgisini qazanmış Vaqif İbrahimoğlu Bakının
qədim yaşayış
məskənlərindən biri olan Mərdəkan
qəsəbəsində dünyaya
göz açmışdı.
1967-ci ildə Azərbaycan
Dövlət Mədəniyyət
və incəsənət
İnstitutunun Dram və kino aktyorluğu
fakültəsinə qəbul
olmuşdu. İllərdən
bəri ürəyində
gəzdirdiyi arzusuna qovuşmuşdu. 1972-ci ildə
ali təhsilini uğurla başa vuran gələcəyin ustad sənətkarı
1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında aktyor kimi çalışmışdı.
Bu illər ərzində onlarla obraza həyat vermiş, səhnəyə
yeniliklər gətirmişdi.
1976-1979-cu illərdə Azərbaycan
Teatr Cəmiyyətinin
nəzdindəki Eksperimental
Teatr Studiyasının,
1979-1982-ci illərdə isə
Tədris Teatrının
bədii rəhbəri
olmuşdur. 1982-ci ildə
isə o, rejissorluq fəaliyyətinə başlamışdı.
1982-ci ildən 1989-cu ilə
kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində işləmişdi.
1989-cu ildən "Yuğ"
teatrının bədii
rəhbəri vəzifəsində
çalışan Vaqif
İbrahimoğlu ömrünün
sonuna qədər 90-a
yaxın tamaşaya quruluş vermişdi. Tanınmış rejissor
22 may 1991-ci ildə Azərbaycan Respublikasının
"Əməkdar incəsənət
xadimi" fəxri adını almışdı.
O, 2006-cı ildən Prezident
təqaüdünə layiq
görülmüşdü. Görkəmli sənətkar
Vaqif İbrahimoğlu
12 may 2011-ci ildə dünyasını dəyişib.
35 yaşı tamam olan "Yuğ" Dövlət Teatrı hazırda Abdulla Şaiq adına Kukla Teatrında fəaliyyətini davam etdirir. Teatrın rejissorları, aktyorları
tarixi ənənələrinə
sadiq qalaraq tamaşaçıların zövqünü
oxşayan bir-birindən
maraqlı əsərlər
səhnəyə qoyurlar.
Dünyaya, həyata
baxışları ilə
seçilən rejissor
18 oktyabr 1989-cu ildə
fəaliyyətə başlayan
"Yuğ" teatrı
dillərdən düşməyən,
unudulmayan əfsanələrə,
qanımıza, canımıza
hopmuş milli adət-ənənələrə müraciət etdi. Sanki unudulmaqda olan adət-ənənələri
yenidən yaddaşlara
qaytardı. Fərqli,
bənzərsiz ideoloji
axtarışlara üstünlük
verən teatr qısa müddət ərzində öz auditoriyasını yaratdı.
Bu fakt göstərdi
ki, belə bir teatrın yaranmasına cəmiyyətin,
xalqın ehtiyacı var imiş. Səhnəyə qoyulan tamaşalardan açıq-aydın
görünən o idi
ki, görkəmli rejissor Vaqif İbrahimoğlu dünyaya,
həyata və zamana öz baxışları ilə
seçilən və
sevilən bir sənətkardır. Dostlarının
danışdığına görə, Vaqif İbrahimoğlu həmişə
deyirmiş ki, hər bir cərəyanın
yaranmasının, özünü
təsdiq etməsinin iyirmi il müddəti
var. İyirmi ildən sonra isə artıq çiçəklənmə və
irəli getmə dövrü başlanır.
Artıq "Yuğ"
Dövlət Teatrı
həmin mərhələni
çoxdan adlayaraq bu gün bir-birindən
maraqlı əsərlər
tamaşaya qoyur.
"Yuğ" Dövlət
Teatrı yaranandan bu günə qədər milli və xarici klassiklərin, eləcə
də dövrümüzün
yazarlarının əsərləri
əsasında 150-yə yaxın
tamaşa hazırlayıb.
Teatrın ilk tamaşası sevimli və unudulmaz şair Məmmədhüseyn
Şəhriyarın "Heydərbabaya
salam" poeması əsasında hazırlanmış
"Salam" olub. Sanki kollektiv bu tamaşa ilə xalqa, dünyaya, teatrsevərlərə
"salam" verib, yeni ruhda, yeni
ovqatda, yeni formada bir teatrın
yarandığını bildirib.
Yaradıcı kollektiv
bu illər ərzində klassik şairlərimizdən Məhəmməd
Füzulinin, Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin, müasirlərimizdən Ramiz
Rövşənin, Vaqif
Bayatlı Odərin şeirləri, Kamal Abdullanın, Afaq Məsudun, Firuz Mustafanın, Orxan Fikrətoğlunun əsərləri
əsasında müxtəlif
tamaşalara quruluş
verib. Bununla yanaşı, teatrın səhnəsində görkəmli
şair və yazıçılarımızdan Cəlil Məmmədquluzadənin,
Hüseyn Cavidin, Cəfər Cabbarlının,
İlyas Əfəndiyevin,
dünya klassiklərindən
Uilyam Şekspir, Samuel Bekketin, Anton Pavloviç Çexovun, Frans Kafkanın, Antuan Sent-Ekzüperi kimi görkəmli müəlliflərin
də əsərləri
tamaşaya qoyulub.
"Yuğ" Dövlət
Teatrı fəaliyyətini
uğurla davam etdirir. Tamaşaçıların
zövqünü oxşayan
yeni əsərlər
səhnəyə qoyulur.
Teatrın fəaliyyəti
ilə yaxından tanış olmaq üçün ədəbi-bədii
hissə müdiri, teatrşünas, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Elçin Cəfərovla, həmçinin
baş rejissor Mikayıl Mikayılovla görüşüb söhbət
etdik.
Öyrəndik ki,
ədəbi-bədii hissə
müdiri Elçin Cəfərov 2006-cı ildən
bu teatrda çalışır. Bacarığını
nəzərə alan görkəmli rejissor Vaqif İbrahimoğlu onu tələbəlik illərindən teatra dəvət edib. Elə o vaxtdan da Elçin Cəfərov burada çalışır.
Özünəməxsus repertuarı olan teatr
Elçin Cəfərov
bildirdi ki, "Yuğ" Dövlət Teatrı həmişə
özünəməxsus repertuarı
ilə diqqəti cəlb edib: "Repertuarımız həmişəki
kimi zəngindir. Tamaşaya qoyduğumuz əsərlərin sırasında
həm milli, həm dünya klassik dramaturgiyasından dəyərli nümunələr
var. Bununla bərabər, yaşadığımız
günlə, zamanla ayaqlaşaraq müasir dövrdə yazıb-yaradan
gənclərin və
ortayaşlı dramaturqların
əsərlərinə də
tez-tez müraciət edirik. Dram əsərləri
ilə bərabər teatrımızın yaradıcı
kollektivi zaman-zaman nəsr və poeziya nümunələri
əsasında da maraqlı tamaşalar hazırlayıblar. Yeri gəlmişkən deyim ki, bu tamaşalar
baxanlar tərəfindən
böyük maraqla qarşılanıb. "Mən,
Məhəmməd Füzuli..."
adlı səhnə divanı layihəmiz olub. Layihə çərçivəsində "Yuğ" Teatrının
8 rejissoru Füzulinin
8 müxtəlif qəzəlini
səhnələşdirmişdi. Nizami Gəncəvi, Şah İsmayıl Xətainin, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin şeirləri əsasında
tamaşalar hazırlayıb
nümayiş etdirmişik.
Bu gün həmin ənənəni
yenə də uğurla davam etdiririk".
Teatrşünas Elçin
Cəfərov "Yuğ"
Dövlət Teatrının
adına da aydınlıq gətirdi. Dedi ki, teatrımızın
adı türk xalqlarının qədim yuğ mərasimlərindən
götürülüb. Məlumdur
ki, keçmişdə
insanlar istər bayramlarda, istərsə də başqa əlamətdar günlərdə
bir yerə toplaşaraq müxtəlif
maraqlı mərasimlər
icra ediblər. "Yuğ" sözü də özündə toplanış, yığıncaq,
mərasim mənasını
ifadə edir. Ötən əsrin 80-ci illərinin sonlarından cəmiyyətdə yenilik
mehi əsməyə başladı. Əsən
bu "meh"in təsirindən sanki milli ruhda bir
oyanış, keçmişə
dönüş, milli
adət-ənənələrə bir qayıdış, hörmət duymaq özünü büruzə
verdi. Bax "Yuğ" teatrı bu oyanışdan, adət-ənənələrə qayıdışdan, milli ruhun təzələnməsindən,
xalqın hikmətindən,
dərin təfəkküründən
yarandı. Sevimli rejissorumuz və müəllimimiz Vaqif İbrahimoğlu dövrün
nəbzini tutaraq həmin zaman kəsiyində bu teatrı yaratdı. Bununla da mədəniyyətimizdə,
teatr tariximizdə uğurlu bir addım atıldı. Bu, sanki özünədönüşün,
kökəqayıdışın təzahürü idi. Demək olar ki, "Yuğ" zamanın tələbindən
doğuldu. Yeri gəlmişkən, qeyd edim ki, bu
formalı teatrlar dünyada, Avropada çoxdan fəaliyyət
göstərirdi. "Yuğ"
Teatrı da Azərbaycanda yaranaraq sanki dünyada gedən proseslərin güclü axınına
qoşuldu. Zaman keçdikcə Avropa tipli bu teatr
inkişaf edərək
formalaşdı.
"Yuğ"
Dövlət Teatrı milli yaddaşa qayıdış kimi
meydana çıxdı
Bu gün demək olar ki, bütün inkişaf etmiş ölkələrdə "Yuğ"a
oxşayan teatrlar fəaliyyət göstərir,
- deyə teatrın baş rejissoru Mikayıl Mikayılov söhbətimizə qoşuldu.
- Bu da onu göstərir ki, xalqlar nə
qədər inkişaf
etsələr də, elmi tərəqqidə uğurlar qazansalar da, milli ruhlarının
bünövrəsi olan
mifologiyadan, əsatirlərdən,
əfsanə və nağıllardan ayrılmaq
istəmirlər. Çünki
bütün xalqların
kökü keçmişinə
bağlıdır. Heç
bir inkişaf, heç bir tərəqqi xalqları ulu keçmişindən,
dünənindən ayırıb
bu bağı qıra bilməz. "Yuğ" Dövlət Teatrı da bir növ, milli
mədəniyyətimizə, milli kökümüzə
qayıdış kimi
meydana çıxdı.
Xalqın təfəkküründən,
hikmətindən və
ruhundan süzülə-süzülə
boy verdi. Yəni xalqımız bu teatrın yaranması ilə dünyada gedən proseslərə qoşuldu,
mədəni inkişafdan
geri qalmadı. 17 ildən çoxdur ki, "Yuğ" Dövlət Teatrında həm rejissor, həm də aktyor kimi fəaliyyət
göstərirəm. 2022-ci ildən isə baş rejissor təyin olunmuşam. "Yuğ" Dövlət Teatrı mənə çox doğmadı.
1990-cı illərin əvvəllərində
anam Sonaxanım Mikayılova da teatrda çalışırdı.
Mən də onunla teatra gəlirdim.
Demək olar ki, bütün tamaşaların məşqlərində
iştirak edirdim. Vaqif İbrahimoğlu mənə zınqırov
vermişdi. Məşqarası
antraktlarda səhnənin
ortasından keçib
zınqırovu çalırdım.
Sanki bu zınqırovun səsi məni də teatr aləminə səsləyirdi. Həmin zınqırovun səsi hələ də qulaqlarımdadır. Bəlkə
də o günlərdə
Vaqif müəllimin ağlına da gəlməzdi ki, bu dəcəl uşaq nə vaxtsa onun yaratdığı
teatrda baş rejissor kimi çalışacaq.
Sözün düzünü
deyim ki, bu, heç mənim də ağlıma gəlməzdi.
Amma ağlıma gəlməyənlər günlərin
birində başıma
gəldi. "Yuğ"
Dövlət Teatrında
yetərincə yaradıcı
potensial var, Vaqif İbrahimoğlunun yetirmələri çoxdur.
Mən daha çox müstəqil rejissor kimi fəaliyyət
göstərirdim, Azərbaycandan
başqa xarici ölkələrdə tamaşa
səhnələşdirməyə dəvət olunurdum. Bu gün teatrımız
çətin dönəmini
yaşayır. Çünki
8 ildir binasız qalmışıq. Abdulla Şaiq adına Kukla Teatrında fəaliyyət göstəririk.
Bu səbəbdən yaradıcılıq işləri
ürəyimiz istədiyi
kimi alınmır, bəzi çətinliklər
var. Yüksək potensiala malik kollektiv bacardığını
deyil, mövcud şəraitdə nə mümkündürsə, onu
edir. Əgər teatrımızın özünün
binası olsa, yaradıcılıq üçün
daha yaxşı şərait yaranar. Biz də bu
şəraitdən yetərincə
istifadə edib bir-birindən dəyərli
əsərlər tamaşaya
qoyarıq. Düzdür,
teatrımızın bina
probleminin həlli yönündə də işlər gedir. Yəqin ki, günlərin birində bu problem də
müsbət həllini
tapar.
"Yuğ"un uğuru
Azərbaycan teatrının
uğurudur
Teatrın ədəbi-bədii
hissə müdiri Elçin Cəfərov
"Yuğ"un səhnəyə,
tamaşalara hansı yeniliklər, hansı dəyişikliklər gətirdiyindən
də söz açdı. Dedi ki, bütün sahələrin təzə
nəfəsə, təzələnməyə,
yenilənməyə ehtiyacı
var. Təzələnmə,
yenilənmə isə
bir anın, bir günün içində baş verən proses deyil. Bunun üçün
xeyli zaman keçməsi lazımdır.
Həm də yenilik həmişə gülərüzlə qarşılanmır.
Sən yenilik gətirdiyini işinlə,
əməlinlə təsdiq
etməlisən. Düşünürəm
ki, artıq teatrımız bunu təsdiq edib. "Yuğ" yaranışı
ilə, gəlişi ilə səhnəyə, tamaşalara özəl bir poetika, yeni
ruh, yeni dalğa gətirdi. Teatrın poetikası qədim türklərin
"yuğlama" (həlak
olmuş igidin şərəfinə qopuz
(saz) musiqisinin müşayiəti ilə
təntənəli surətdə
keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənəsinə
söykənir. Bu teatr öz yaradıcılığında
milli oyun mədəniyyəti ilə
Avropa teatrının qabaqcıl tendensiyalarını
üzvi şəkildə
birləşdirməyə çalışır.
Vaqif İbrahimoğlu
dünyasını dəyişəndən
sonra da onun yaratdığı poetika əsasında işləyirik. Paralel olaraq, dünya teatr təcrübəsini dərindən öyrənməyə
və yenilikləri teatrın praktiki fəaliyyətinə tətbiq
etməyə çalışırıq.
Tamaşalardan aydın
görünən odur
ki, "Yuğ" özündən əvvəlki
teatrları təkrarlamadı,
mədəniyyətimizdə yeni yol açdı,
təzə cığır
saldı. Qabaqcıl ideyaların carçısı
oldu. "Yuğ" Dövlət Teatrı həm də bir məktəbdir. Yeni aktyorlar və rejissorlar nəsli yetişdirir. Hazırda teatrımızda
çalışan rejissorlar
Gümrah Ömər,
Əbdülqəni Əliyev,
Tural Mustafayev, Günay Səttarova, İradə Gözəlova,
Mirsahib Ağayev və başqaları
"Yuğ"un yetirmələridirlər.
"Yuğ" Dövlət
Teatrının yaranması,
yeni və fərqli estetikada fəaliyyət göstərməsi
mədəniyyət tariximizin
şərəfli bir səhifəsidir, - deyə
baş rejissor Mikayıl Mikayılov söhbətimizə qoşuldu.
- Azərbaycanda bu
teatrın timsalında
ilk dəfə postdramatik üslubda sənət ocağı yarandı. Bu ocağın odu bu gün də
yanır, bu gün də sənət adamlarını
istisinə toplayır.
Düşünürəm ki, bu, böyük
uğurdur. Amma bu uğur təkcə
"Yuğ" Dövlət
Teatrının yox, Azərbaycan teatrının
uğurudur. Həmin ocağın təməlində
islam mədəniyyəti,
türk mifologiyası
dayanır. Bu teatr estetikası Azərbaycan türkünün
beyninin, təfəkkürünün
məhsuludur.
Hazırda teatrda
rumıniyalı dramaturq
Mateh Vişnekin əsəri əsasında
"Panda" adlı tamaşa
üzərində məşqlər
gedir. Əsas rollarda Oktay Mehdiyev və Günəş Tagin oynayır. Tamaşanın
rəssamı Umay Həsənovadır. İnanırıq
ki, 35 yaşını
qeyd edəcək
"Yuğ" Dövlət
Teatrının yaradıcı
kollektivi bundan sonra da uğurla
səhnələşdirəcəkləri
onlarla, yüzlərlə
maraqlı əsərlərilə
tamaşaçıları sevindirəcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-17
oktyabr (№ 228).- S.11.