BTC, CQBK, BTQ, TANAP, indi də "yaşıl enerji" dəhlizi…
Bunlar Azərbaycanı və Gürcüstanı bir-birinə
daha sıx bağlayır
Azərbaycan və
Gürcüstan bir-birinin
yaxın qonşusu, sınanmış dostu, etibarlı tərəfdaşıdır.
Hər iki ölkə müstəqillik
qazandıqdan sonra bu münasibətləri xalqlarımızın milli
maraqlarını şərtləndirən,
maddi rifahına xidmət edən layihələr daha da möhkəmləndirmişdir.
Bu gün iki dövlət arasında olan strateji əhəmiyyətli
siyasi münasibətlər
həm də çoxsaylı iqtisadi layihələrlə dəstəklənir.
Azərbaycanın nəhəng
neft-qaz kəmərləri
və nəqliyyat-kommunikasiya
xətləri Qərbə
Gürcüstandan keçərək
istiqamətlənir. Obrazlı
desək, həmin polad neft-qaz xətləri və dəmir yolları bu iki ölkəni
möhkəm kəmər
kimi bir-birinə daha sıx bağlayır.
İlk dövrlər
"Əsrin müqaviləsi"
çərçivəsində hasil olunan neftin
dünya bazarlarına
çatdırılmasında 1999-cu ildə istifadəyə verilən Qərb İxrac Boru Kəməri (Bakı-Supsa
marşrutu) mühüm
rol oynadı. Lakin artan neft
həcmləri daha qlobal bir kəmərin
çəkilməsi zərurətini
yaradırdı. Müəllifi
Ümummilli Lider Heydər Əliyev olan bu kəmərin
də dünya bazarına yolu etibarlı qonşunun ərazisindən keçdi.
Belə ki, 1998-ci ildə Ankarada Azərbaycan, Gürcüstan
və Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas
ixrac neft kəmərinin inşa edilməsi haqqında bəyannamə imzaladılar.
1999-cu ildə İstanbulda
ATƏT-in zirvə görüşü zamanı
isə xəttin çəkilişi ilə
bağlı saziş imzalandı. Sazış Azərbaycanın, Gürcüstanın,
Türkiyənin, Qazaxıstanın
və Amerika Birləşmiş Ştatlarının
o vaxtkı prezidentlərinin
imzaları ilə təsdiqləndi. 2002-ci il
sentyabrın 18-də Bakı
yaxınlığındakı Səngəçal terminalında
kəmərin təməli
qoyuldu və bu möhtəşəm tədbirdə Gürcüstanın
dövlət başçısı
da bizimlə idi. Daha sonra
həm Azərbaycanda,
həm də Gürcüstanda kəmərin
keçəcəyi ərazilərə
borular daşınmağa
və digər işlər görülməyə
başladı.
Açığını demək lazımdır ki, bütün bunları gözü götürməyənlər də
var idi. Layihənin mühüm bir mərhələsində
- maliyyələşmə məsələləri həll
edilərkən BTC-nin
bədxahları yenidən
baş qaldırdılar.
Bir sıra qeyri-hökumət təşkilatları
tikintiyə mane olmaq üçün növbəti səbəblər
uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi"
mineral su mənbəyinə guya ekoloji cəhətdən zərbə vuracağı
fikrini ortaya atdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin
imzalanmasını gecikdirirdi.
Hətta müxtəlif
qruplar kəmərin tikintisini maliyyələşdirəcək
beynəlxalq qurumların
ofisləri qarşısına
toplaşaraq onun çəkilişinə etiraz
edirdilər. Gürcüstan
Respublikası dövlətinin
və hökumətinin
layihəni dəstəklədiyi,
artıq işlərə
start verildiyi bu məqamda sözügedən məsələ
müəmma doğururdu.
Demə, burada da erməni "əl"i varmış.
O zaman AŞPA-nın
sədr müavini olan İlham Əliyev məsələnin
nədən və haradan qaynaqlandığını
açıqladı. Belə
ki, ermənilər
BTC-nin reallaşma mərhələsinə qədəm
qoyduğundan narahat olub internetdə sayt açmışdılar
və Beynəlxalq Maliyyə Korporasiyasına,
Dünya Bankına, digər beynəlxalq maliyyə qurumlarına layihə haqqında əks məlumat göndərirdilər. Onların
əsas məqsədi
Gürcüstanda kəmərin
keçdiyi ərazilərdə
gərginlik yaratmaq və bununla marşrutun dəyişdirilməsinə
nail olmaq idi. Borjomi söhbətini
ortaya atmaqla kəmərin yolunun Gürcüstanın əsasən
ermənilər yaşayan
Axalkalaki rayonundan keçməsinin mümkün
olacağını güman
edirdilər.
Lakin bu bəd niyyətlərin heç biri baş tutmadı. BTC layihəsi uğurla tamamlandı.
Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəmərinin 1768 kilometrlik yolunun bir hissəsi bu ölkədən keçir və uğurla fəaliyyət göstərir. 2004-cü ilin
oktyabrında kəmərin
Azərbaycan və Gürcüstan hissələri
birləşdirilərkən Prezident İlham Əliyev demişdir: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi həm Azərbaycan üçün, həm Gürcüstan üçün,
həm də bütün region üçün çox vacibdir. Bu, ölkəmizə
yeni imkanlar yaradacaqdır, xalqlarımız
üçün yeni şəraitin yaradılmasını
təmin edəcəkdir.
Əlbəttə ki, bu, ölkələrimizə
böyük həcmdə
maliyyə vəsaitinin
cəlb olunmasına gətirib çıxaracaqdır.
Eyni zamanda bu iqtisadi məsələlərlə
yanaşı, regional təhlükəsizlik məsələlərinə
də layihə öz töhfəsini verəcəkdir".
İndi bunlar bir reallıqdır. BTC özündən sonra daha neçə-neçə
layihəyə yol açıb. Bakı-Tbilisi-Ərzurum
(BTƏ) kəməri başlanğıcını
Səngəçal terminalından
götürərək Türkiyə
sərhədinədək Azərbaycanda
və Gürcüstanda
BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin
(CQBK) ümumi uzunluğu
691 kilometrdir. O, Azərbaycanda
443, Gürcüstanda 248 kilometr
məsafə qət edir. Gürcüstan-Türkiyə
sərhədində CQBK-yə
280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan
qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum
marşrutu ilə uzanan bu xətt
bütövlükdə Bakı-Tbilisi-Ərzurum
kəməri adlanır.
Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana
2006-cı ildə çatdırıb.
"Cənub qaz
dəhlızi"nin təməlini
də əslində elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik
məsafə boyu uzanan, üç kəmərdən ibarət
olan və indi artıq yeni interkonnektorlarla şaxələnən bu dəhlizin bir seqmenti də genişləndirilmiş CQBK-dir.
Bu gün Azərbaycan 10-dək ölkəyə
qaz ixrac edir. Bu mavi
yanacağın dünyaya
yolu Gürcüstandan
keçir. Yaxın gələcəkdə bu ölkələrin sayı
artacaq, çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə
çoxalır. Əlbəttə,
bizim həm resurslarımız, həm
sərmayə qoymaq üçün maliyyə
vəsaitimiz var və Gürcüstan kimi etibarlı dostumuz var ki,
tranzit imkanlarımız
genişlənsin. Belə
olan halda enerji layihələrimiz bundan sonra da
bir çox ölkələrin enerji təhlükəsizliyini təmin
edəcək və burada Gürcüstanla Azərbaycan yenə də etibarlı tərəfdaş kimi çıxış edəcəklər.
Bakı-Tbilisi-Qars dəmir
yolunun polad magistralları iki ölkə arasında əməkdaşlıq və
tərəfdaşlığı daha da möhkəmləndirib.
Bu birgə layihəmizin əhəmiyyəti
getdikcə artır. Çin və Mərkəzi Asiya ölkələrindən quru
yolla daşınan yüklərin ən qısa müddətdə
Avropaya çatdırılmasında
BTQ dəmir yolu xəttinin əhəmiyyəti
olduqca böyükdür.
Asiyadan gələn yüklərin Azərbaycan
üzərindən biraşırımlı
əməliyyatla Avropaya
daha sürətli çatdırılması BTQ-nin
regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini
daha da önə
çıxarır.
İndi Azərbaycan
və Gürcüstan
"yaşıl enerji"
sahəsində də
geniş əməkdaşlığa
başlayıblar. Məlum
olduğu kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan
Respublikası, Gürcüstan,
Rumıniya və Macarıstan hökumətləri
arasında "yaşıl
enerji"nin inkişafı
və ötürülməsi
sahəsində strateji
tərəfdaşlıq haqqında
saziş imzalanıb.
Əlaqələrimizin geniş gündəliyə
malik olduğu bu il martın
16-da Gürcüstanın Baş
naziri İrakli Kobaxidzenin ölkəmizə
səfəri zamanı
özünü bir daha aydın göstərdi.
Azərbaycan Prezidenti
İlham Əliyev və Gürcüstanın
Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarında
ilk növbədə ölkələrimizin icra
etdiyi birgə nəqliyyat və enerji layihələrinin də önəmini vurğuladılar.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında
gələcək ücün
mühüm planların
olduğunu da qeyd etdi: "Bizim birlikdə təməlini qoyduğumuz
bir sıra layihələr var və onlar strateji
əhəmiyyət daşıyır.
Gələcək üçün
də çox böyük planlarımız
var. Biz cənab Prezidentlə bir sıra layihələri
müzakirə etdik, orada birgə iştirak imkanlarımız
var. Bu sahədə
işlər bizim üçün də çox önəmlidir. Eyni zamanda ticarət
məsələsini müzakirə
etdik. Azərbaycan Gürcüstanın ilk beşlikdə yer alan ticarət tərəfdaşıdır və
biz əminik ki, bu rəqəmlər
getdikcə artacaq. Nəqliyyat, energetika sahələrində də
çox mühüm potensialımız var və cənab Prezident artıq bunu qeyd etdi.
Bu işlər davam etdiriləcək. Qarşılıqlı səfərlər
davam edəcək. Nümayəndə heyətlərinin
görüşləri davam
edəcəkdir ki, bu sahələrdə də bizim əməkdaşlığımız
dərinləşdirilə bilsin. Biz bu
əməkdaşlığı irəliyə aparmağa tam şəkildə hazırıq".
Şübhə yoxdur
ki, qarşıda duran böyük planlar sıx əməkdaşlıq və
tərəfdaşlıq şəraitində
yerinə yetiriləcək.
Yaxşı tərəfdaşlıq
həm də yaxşı qonşuluqdan qaynaqlanır. Mehriban qonşuluq etmək üçün isə gərək həm də yaxın dost olasan. Xoşbəxtlikdən
Azərbaycan və Gürcüstan məhz yaxşı qonşu, dost və tərəfdaşdırlar.
Flora SADIQLI,
Azərbaycan.-2024.-19
oktyabr (№ 230).- S.5.