Baydenin
biabırçı mirası
uzun illər ABŞ-nin üzərində damğa olacaq
"Washington Post" nəşrində
16 oktyabr tarixində dərc olunmuş "Daha bir nəhəng
iqlim konfransı despotik rejimə kömək edir" başlıqlı məqalədə
Azərbaycana qarşı
yalan, şər və böhtan xarakterli iddialar səsləndirilib. Bu iddialara cavab xarakteri daşıyan hazırkı məqalədə
ABŞ-nin özünün
despotik, qaniçən
simasını nümayiş
etdirmək, onun Azərbaycana qarşı apardığı qarayaxma
kampaniyasının arxasında
hansı səbəblərin
dayandığını göstərəcəyik.
İlk növbədə
qeyd olunmalıdır ki, ABŞ 2020-ci ilədək
qismən örtülü
apardığı ermənipərəst
siyasətini Azərbaycanın
Vətən müharibəsində
qələbəsindən və
öz ərazi bütövlüyünü bərpa
etdikdən sonra aşkar formada və daha böyük
hücumlarla həyata
keçirməyə başlayıb.
Antiazərbaycançı savaşın
əsas səngəri
isə onun mediası, xüsusən də "Ağ Ev"in xidmətində olan "Washington Post" nəşridir.
Demokrat Partiyasının
ruporu, təzyiq aləti olan, onların yalanlarını,
şər və təhqirlərini yayan bu nəşr barədə ancaq mənfiyönümlü məlumatlara
rast gəlinir.
ABŞ-nin sabiq prezidenti D.Trampdan tutmuş bu ölkənin senator, konqresmen, qubernatorunadək
minlərlə insan
"Washington Post"u feyk
xəbərlərin mənbəyi
hesab edir.
Yalan, təhqir,
dezinformasiya materialları
çap etməkdə
ixtisaslaşan "Washington Post"da bu tipli sifarişli yazılar adətən
ABŞ Dövlət Departamentində
hazırlanır. Elə
bu yaxınlarda 60 konqresmenin adından Dövlət katibi Blinkenə ünvanlanmış
müraciət də Dövlət Departamentinin hazırlayıb özü-özünə
göndərdiyi müraciətdir.
Bu məqalələr,
müraciətlər COP29 ərəfəsində
ABŞ-nin Azərbaycana
qarşı açdığı
informasiya müharibəsinin
tərkib hissəsidir.
Məqalənin
qısa şərhini
verək. "Washington Post"un
hədəfində həm
Azərbaycan dövləti,
həm də beynəlxalq ictimaiyyət var.
Azərbaycan nədə
ittiham olunur?
"Dağlıq Qarabağ
anklavını ələ
keçirərək, etnik
erməni əhalisini öz yurdlarından didərgin salmaqda"…
"Dağlıq Qarabağda
ermənilərin hüquqi,
siyasi və mülki institutlarını
məhv etməkdə"…
"ABŞ-nin 60 konqresmeninin
etnik ermənilərin,
girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını
"iyrənc" adlandırmaqda"…
"23 tanınmış erməni siyasi xadimini Azərbaycanda hələ də həbsdə saxlamaqda"…
"Bütün tələblərə
baxmayaraq, R.Vardanyanı
həbsdən azad etməməkdə"…
Bir sözlə,
əsas sual odur ki, nəyə
görə Azərbaycan
öz ərazi bütövlüyünü və
suverenliyini bərpa edib. Bu, Ağ
Evi, Dövlət Departamentini o qədər qıcıqlandırır və
narahat edir ki, açıq düşmənçilik nümayiş
etdirməkdən belə
çəkinmirlər.
Azərbaycana qarşı
bu tipli yazıları sifariş verən digər mənbə erməni lobbisidir. Məsələn,
dünya üzrə müxtəlif təsisatlarda
olduğu kimi,
"Washington Post"un redaksiyasında
da xeyli erməni jurnalist çalışır. Onlardan
biri David İqnatius vaxtilə Davosda Türkiyə prezidenti R.T.Ərdoğan və İsrail prezidenti Ş.Peres arasında qarşıdurmanı alovlandıran
şəxs kimi yaddaşlarda qalıb.
Azərbaycana qarşı
şər kampaniyasında
bir-birini tamamlayan maraqlar şəbəkəsində
hazırda Azərbaycanda
həbsdə olan R.Vardanyan ailəsinin də xüsusi yeri var. Bayden
administrasiyasının, Demokrat
Partiyasının sevimli
simalarından olan
USAİD-in rəhbəri Samanta
Pauer həm də separatçı və cinayətkar Ruben Vardanyanın təəssübkeşlərindən biridir. B.Obamanın ilk prezidentlik dövründə işindən
qovulan və himayədarı Ruben Vardanyan tərəfindən
həmtəsisçisi olduğu
"Avrora" humanitar
fondunun münsiflər
heyətinə seçilən
Samanta Pauer daim erməni lobbisinin təsirində olub. Uzun müddət
İrəvanda yaşayan
bu adam daim
beynəlxalq tədbirlərdə
saxta "erməni soyqırımı"nı təbliğ
edib. Missiyası "Amerika xalqından dünyaya yardım" kimi bəyan edilən USAİD son bir neçə ildə Ermənistana təxminən 3,3 milyard dollar ayırıb və hazırda 22 layihə üzrə dəstək davam edir.
Ruben
Vardanyanın biznes ortağı, "Avrora" fondunun təsisçilərindən
olan erməni milyarder Nubar Afeyan da erməni diasporunu Azərbaycana
qarşı fəaliyyətə səfərbər edən
şəxslərdən biridir. Nə
"təsadüf"dürsə, bu şəxsin də rəhbərlik etdiyi "Moderna" şirkəti
vasitəsilə "Washington Post"la uzun illərə söykənən
əməkdaşlığı var. Nubar Afeyan
özü etiraf edir ki, BMT nümayəndələri
ilə görüşərək,
onlardan COP29-un təxirə
salınmasını istəyib.
Həmçinin onu da gizlətmir ki, xeyli jurnalist
və hüquq müdafiəçisinin COP29-a qatılmasına
mane olmaq üçün vəsait
xərcləyir.
Əlbəttə, "Washington Post"un cəfəng boşboğazlığına əhəmiyyət
verməmək də olardı. Ancaq məsələnin maraqlı
tərəfi odur ki, bu gün
bütün dünya
ABŞ-nin siyasətini
qınadığı, bu
ölkədə keçirilən
seçki prosesi planetin hər bir yerində parodiya mənbəyinə
çevrildiyi, prezident
Bayden isə öz sərgüzəştləri
ilə dillər əzbəri olduğu bir zamanda onlar
"şüşəli evdə"
oturub gələn-gedənə
daş atmaqda davam edirlər.
Baydendən soruşulsa,
bəlkə də Azərbaycan adlı dövlətin mövcudluğunu
da xatırlamaz. Nəinki dövlətinin siyasətini, heç atdığı addımı
da özü müəyyənləşdirmir. Onun qoluna girirlər,
"iki addım sağa, bir addım sola dön, bu kağızdakı
sözləri oxu"
deyirlər. Onu L.Brejnevə bənzətmək
istəsək, böyük
ədalətsizlik olar.
Leonid İliç hər halda amerikalı həmkarından
daha canlı, daha sağlam, daha ağlıbaşında
idi.
4 illik prezidentlik
dövrünün 2 ilini
okean sahillərində
istirahətdə keçirən
Bayden digər 2 ilini də dünyanı
qarışdırmağa sərf
edib. Tarixin onun anlaqsızlığını,
hava ilə salamlaşdığını necə
xatırlayacağını indidən demək olmaz, ancaq ölkələri
və xalqları məhvə sürükləyən
qaniçən siyasəti,
despotik addımları
heç zaman unudulmayacaq. Baydenin adı ilə bağlı olan biabırçı miras hələ uzun illər Amerikanı təqib edəcək və onun üçün
rəzil damğaya çevriləcək.
Əli İraqda,
Liviyada, Suriyada və digər qaynar bölgələrdə
axan qana batan Bayden bu
gün Qəzzada, Livanda baş verənlərin əsas məsul şəxsidir. O və administrasiyası müxtəlif ölkələrdə
vətəndaş qarşıdurması
yaradıb, minlərlə
insanın həyatına
son qoyub, ölkələri dağıdıb,
sonra Əfqanıstanda
olduğu kimi, taleyin ümidinə buraxıb qaçıblar.
Əhalisinin yarıdan
çoxunun miqranta çevrildiyi, həlak olduğu Ukrayna dövlətini və xalqını məhvə
sürükləyən də
məhz Bayden və onun administrasiyasıdır.
Yəqin ki, bir neçə ay sonra Ukraynanı
da Əfqanıstan kimi taleyin ümidinə
buraxıb qaçacaqlar.
Bəs Bayden necə
oldu ki, prezident seçildi? ABŞ "demokratiyası"nın
və "ədalətli
seçki təcrübəsi"nin
onilliklərə əsaslanan
bu "nailiyyətini"
sonuncu dəfə 4 il
öncə gördük.
Səsvermə məntəqələrində,
seçici bülletenlərində
qalib gələn D.Tramp poçtla
göndərilən, mənşəyi
və mənbəyi naməlum "səs"lərlə
məğlub edildi.
ABŞ-nin son üç
onillikdə ən böyük iqtisadi artımına nail olan və kifayət qədər böyük elektorat qazanmış namizəd öz vətəndaşları tərəfindən
"sarsaq qoca" adlandırılan siyasi marionetə uduzduruldu.
Dünyanın ən qalmaqallı seçki qaydalarına və ən qaranlıq seçki təcrübəsinə
malik ABŞ-də əsas
kimin səs verməsi deyil, əsas məsələ sistemin qutusundan kimin çıxmasıdır.
ABŞ "demokratiya"sı məhz budur.
ABŞ-nin idarəçilik sistemi indi "arzuedilməz namizəd"in
siyasi nüfuzunu yox, birbaşa həyatını hədəfə
götürüb. İnformasiya
terroru, bütün hüquq sisteminin hücumu, ard-arda məhkəmələr fayda
vermədi və sonda fiziki terror vasitələri işə
düşdü. D.Tramp
ona qarşı törədilən hər
üç terror cəhdinin
arxasında Ağ Evin
qara planlarının dayandığını bildirir
və bunu faktlarla sübut edir. Kosmosdan Marian çökəkliyinədək hər yeri nəzarətdə
saxlayan ABŞ-nin təhlükəsizlik strukturlarının,
istintaq orqanlarının
iki ay ərzində törədilən 3 terror hadisəsinin
sifarişçilərini hələ
də "müəyyənləşdirə"
bilməməsi Trampın
ehtimallarının real fakt
olduğunu təsdiqləyir.
Üstəlik, birinci
sui-qəsddən sonra
ABŞ Məxfi Xidmətinin
rəhbəri xanım
Kimberli Çitlin Nümayəndələr
palatasının Nəzarət
Komitəsinin keçirdiyi
dinləmələrdə müəmmalı
çıxışından sonra qanunvericilərin onu istefaya çağırması
və xanımın növbəti gün istefa verməsi məsələnin arxasında
çox ciddi məqamların durduğunu
deməyə tam əsas
yaradır.
ABŞ-də seçkiləri nə qədər saxtalaşdırsalar da, Baydenlə
qələbənin mümkünsüzlüyünü
anlayan sistem ortaya Kamala Harrisi çıxarmaqla "saray
çevrilişi"ndən belə çəkinmədi.
Harris partiyadaxili ilkin seçilərdə belə
iştirak etmədi, bu prosesə qatılsaydı, yəqin,
heç ilk beşliyə
belə düşməyəcəkdi.
Azərbaycana qarşı
hücumların əsas
mövzularından biri
də COP29-la bağlıdır.
Bakı məlum sammitə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının üzvü
olan 198 ölkənin rəyi ilə, elə ABŞ-nin da öz razılığı
ilə evsahibliyi edəcək. Bir neçə
gün öncə
ABŞ Prezidentinin Beynəlxalq
İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanın
Prezident İlham Əliyevin
qəbulunda olarkən
Azərbaycanın COP29-a hazırlığını
yüksək qiymətləndirmişdi
və qeyd etmişdi ki, hazırlıq
üçün vaxtın
az olmasına baxmayaraq, Azərbaycan heyəti tərəfindən
yüksək peşəkarlıq
nümayiş etdirilir.
İstənilən ölkəyə,
şirkətə, şəxsə
qarşı çirkin
qarayaxma kampaniyasında
öndə gedən
"Washington Post" isə hesab edir ki, Azərbaycan neft ölkəsi olduğundan,
iqlimə, ətraf mühitə zərər verdiyindən COP-a evsahibliyi
edə bilməz. Bu gülünc iddianın maraqlı məqamı indan ibarətdir ki, bunu neft və
qaz hasilatını günü-gündən genişləndirən,
iqlimi ən çox çirkləndirən,
amma bu problemin həllinə ən az vəsait ayıran dövlətin əsas ruporu səsləndirir.
Faktlara nəzər
salaq. Ötən il
ABŞ gündə 13.1-13.3 milyon barrel neft hasil edib. Nəzərə
alsaq ki, bu ölkə qaz hasilatı sahəsində
dünyada lider mövqelərdədir, onun
ekologiyanın çirkləndirilməsi
və qlobal istiləşmədə nə
dərəcədə yüksək
payı olduğu aydın görünür.
2023-cü ildə ABŞ 86 milyon ton sıxlaşdırılmış
qaz ixrac edib ki, bu da onun dünyada 1-ci yerdə qərarlaşdığını
göstərir. İstər
OPEK, istərsə də
BP kimi enerji nəhənglərinin araşdırmalarında
Amerika təbii qaz hasilatı sahəsində
neçə illərdir
siyahıya liderlik edir. 2024-cü ilin məlumatına görə,
Azərbaycanın karbohidrogen
hasilatından dünya
üzrə karbon emissiyası cəmi 0.01 faizdir. ABŞ-də isə karbon emissiyası ümumdünya
göstəricisinin 14.4 faizini
təşkil edir.
ABŞ 27 Avropa İttifaqı
ölkəsindən (cəmi
4.9 faiz) 3 dəfə çox karbon emissiya edir. ABŞ ekologiyaya Azərbaycandan
1440 dəfə çox
ziyan vurur!
İndi Azərbaycana qarşı belə hədsiz ittiham səsələndirmək
əlbəttə ki, nadanın
həyasız cəsarətidir!
Ümumiyyətlə, ABŞ ekologiya, eləcə də demokratiya,
insan hüquqları baxımından Azərbaycana
irad bildirəcək, yaxud məsləhət verəcək ən sonuncu ölkədir!
Azərbaycanın evsahibliyi
etdiyi bütün mühüm tədbirlər
- Avroviziya, Avropa Oyunları, İslam Oyunları,
Formula l yarışları ərəfəsində də
şər, böhtan kampaniyaları həyata keçirilib, amma onların
heç bir təsiri olmayıb. Necə ki, bu rəzil isterikanın da heç bir təsiri olmayacaq. Azərbaycan COP29-a layiqli evsahibliyi edərək onunla düşmənçilik
edənlərə növbəti
dəfə gözdağı
verəcək.
Təəssüf ki, Bayden administrasiyası
diqqəti ölkəsinin
problemlərinin həllinə,
siyasi terrorun qarşısının alınmasına,
demokratik seçkilərin
keçirilməsinə yönəltməkdənsə,
dünyanı qarışdırmağa,
ölkələri qan
içində boğmağa
üstünlük verir,
əli çatmayan Azərbaycan kimi ölkələri də informasiya müharibəsinin
hədəfinə çevirir.
Görünür, ABŞ administrasiyası,
hakimiyyət dairələri
reallıq hissini tam itirib, Bayden sayıqlığını
itirdiyi kimi… ABŞ-nin görməzdən gəldiyi reallıq odur ki, Azərbaycan COP29 vasitəsilə dünyaya
onun böyük ehtiyac duyduğu sülh və əməkdaşlıq mesajı
verir. Artıq dünya ABŞ-nin maneələrinə rəğmən
bu mesajı böyük hörmət və minnətdarlıqla alır!
ABŞ vətəndaşları isə
sabahları ilə bağlı son sözü
noyabrın 5-də bildirəcəklər.
Ya hamının dostu olacaq güclü dövləti, yaxud hamının düşməni
olan "jandarm ölkə"ni seçəcəklər.
"AZƏRBAYCAN" QƏZETİNİN REDAKSİYASI