Qərb
sülh formuluna qarşı çıxır
"Son dövrlər
Ermənistanın və
Qərbdəki havadarlarının
iki ölkə arasında Azərbaycan tərəfindən irəli
sürülmüş və
beynəlxalq hüquqa
uyğun formada tərtib edilmiş, hər iki dövlətin
milli maraqlarını
ehtiva edən sülh müqaviləsinin
bəzi müddəalarını
istisna edərək imzalanmasında israrlı davranması, əslində,
regionda dayanıqlı
sülhün bərqərar
olunmaması istiqamətində
səylərdən başqa
bir şey deyil. Azərbaycanın Vətən müharibəsində
və antiteror tədbirlərində qələbəsinin
ardınca regionda sülh və sabitlik üçün unikal tarixi imkan
yarandığı, məhz
Prezident İlham Əliyevin təşəbbüsü
ilə ölkələrimiz
arasında bölgədə
dayanıqlı sülh
vəd edən dialoqa start verildiyi
məlumdur".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, ötən dövr ərzində məhz Azərbaycanın qətiyyəti
ilə sülh prosesində danışıqların
effektivliyinin artırılması
üçün sərhədlərin
delimitasiya və demarkasiya məsələsi
sülh danışıqlarından
ayrılıb və bu da prosesdə
effektli nəticələrə
gətirib çıxarıb.
Həmçinin Azərbaycan
tərəfi 30 illik uğursuz təcrübəyə
istinad edərək vasitəçisiz danışıqlara
üstünlük verərək
proseslərin gedişatında
digər dövlətlərin
iştirakı olmadan ikitərəfli danışıqlarda
nəticə etibarilə
ilkin uğurlara nail olub.
Deputat qeyd edib ki, otuz
illik işğal və təcavüz dönəmində Azərbaycan
və Ermənistanı
davamlı olaraq sülhə tələsdirən,
bununla da Bakını erməni işğalı ilə barışmağa, münaqişəni
donmuş vəziyyətdə
saxlamaqla regionda təzyiq imkanlarını
qorumağa çalışan
Qərb imperializmi regionda sülh arzu etmədiyi üçün iki ölkə arasında danışıqların effekt
verdiyini görərək
pozucu təsirlərə
başlayıb: "Qərb
Ermənistanı sürətlə
silahlandırmaqla, habelə
müxtəlif beynəlxalq
platformalarda İrəvanı
yeni münaqişəyə
təşviq etməklə
əldə olunmaqda olan uğurlu sülh formuluna təhdid yaratmağa başlayıb. Lakin Prezident İlham Əliyevin qətiyyəti,
eyni zamanda dövlətimizin siyasi və iqtisadi cəhətdən tam müstəqilliyi bizə bu təhdidləri neytrallaşdırmağa, kənar
qüvvələrin təcavüzkar
meyillərini regionda zərərsizləşdirməyə imkan verdi. Bu
prosesdə Azərbaycanın
qarşısında hər
hansı arqument qoya bilməyən Qərb imperializmi çıxış yolunu
məhz Azərbaycanın
israrlı olduğu sülh prosesində manipulyasiyalara yol açmaqda gördü".
B.Məhərrəmov vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan arasında məhz ölkəmizin təşəbbüsü
və beynəlxalq hüquqa istinad etməklə formalaşdırdığı
şərtlər əsasında
sülh sazişi üzrə danışıqlar
gedir. Hər iki tərəfin açıqlamalarına görə
bu saziş layihəsi üzrə müddəaların təxminən
80 faiz hissəsi artıq razılaşdırılıb.
Azərbaycan tərəfi
isə haqlı olaraq bu müqaviləyə
vahid kimi baxaraq bölgəyə sülh və sabitlik vəd edən sazişin yalnız tam şəkildə imzalanacağı
təqdirdə effekt verəcəyi qənaətindədir.
Həqiqətən də
rəsmi İrəvanın
Azərbaycanın ərazi
bütövlüyünü ehtiva edən müddəalara razılıq
verərək paralel şəkildə konstitusiya
islahatlarını istisna
edən status-kvonu dəstəkləməsi heç
bir formada səmərəli ola bilməz, çünki Ermənistan konstitusiyası
hazırda özündə
Azərbaycana qarşı
ərazi iddialarını
açıq formada ehtiva edir. Əgər
Ermənistan imzaladığı
yarımçıq sülh
müqaviləsində, hətta
Azərbaycanın ərazi
bütövlüyünü tanıdığını rəsmən
bəyan edib həmin müqaviləni imzalasa belə, bu beynəlxalq sənəd Ermənistan parlamentində məhz konstitusiyaya zidd olduğu üçün
ratifikasiya edilə bilməz. Bu isə sülh prosesinin dondurulmasından başqa bir şey deyil, yəni imzalanan sənədə baxmayaraq,
Ermənistan istənilən
an hüquqi qaydada bu müqaviləni
ləğv edərək,
yaxud Ermənistan parlamenti bu sənədin
ratifikasiyasından imtina
edərək, üstəlik,
bunu konstitusiyaya əsaslanıb reallaşdıraraq
bölgəni yenidən
münaqişəyə sürükləyə
bilər.
Deputat bildirib ki, Azərbaycan imzalanacaq sülh müqaviləsinin həm hüquqi, həm də faktiki baxımdan etibarlı şəkildə olmasını
arzulayır və bu, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından Azərbaycana
münasibətdə ərazi
iddialarını ehtiva
edən normativ müddəaların çıxırılmasını
tələb edir:
"Ermənistan isə
Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan bu praktik və
hüquqi yanaşmasını
görməzdən gələrək
yenidən güc toplayıb revanşist əhvalı dirçəltmək,
bölgədə işğal
dövrünün status-kvosunu bərpa etmək məqsədilə
vaxt qazanmaq istəyir və sülh müqaviləsi adı altında heç bir effektiv potensiala malik olmayan oyuncaq
bir sənədi imzalamaqla sülhpərvərlik
imitasiyası etməklə
məşğuldur. Ermənistan
hakimiyyəti, eyni zamanda Azərbaycan üzərində informasiya
savaşında müəyyən
xal qazanmağı hədəfləyir, belə
ki bu gün
havadarlarının, o cümlədən,
ABŞ, Fransa və bu ölkələrin marionetinə çevrilmiş
bir sıra Qərb dairələrinin Azərbaycanı Ermənistanın
israr etdiyi şərtlərlə yarımçıq
sülh müqaviləsini
imzalamağa çağırması
fonunda belə bir ab-hava yaratmağa
çalışılır ki, sanki Ermənistan
sülh arzulayır, Azərbaycan isə sülhdən yayınmaqla
bölgəni yeni münaqişə və müharibəyə təhrik
edir", - deyə siyasətçi əlavə
edib.
Deputat təəssüflə
qeyd edib ki, bir sıra beynəlxalq qurumlar, o cümlədən,
insan haqları və demokratiya pərdəsi altında fəaliyyət
göstərən təsisatlar bu prosesdə Ermənistan və
havadarları üçün rupor rolunu oynamaqda və Azərbaycan
ətrafında təcavüzkara xas çəmbər
yaratmaqda xüsusi canfəşanlıq göstərməkdədir.
Lakin bu tip uyğunsuz və heç bir beynəlxalq normaya sığmayan cəhdlərlə Azərbaycanı
nəyəsə məcbur
etmək, yaxud möhtərəm cənab
Prezidentin də dediyi kimi, dövlətimizin
iradəsinə təsir
etmək mümkün
deyil. Bölgədə
hərbi-siyasi yolla yeni reallıq yaradan və bu regionun əsas
hərbi-siyasi güc mərkəzinə çevrilən
Azərbaycan məhz beynəlxalq hüququn ümumtanınmış normalarında
əksini tapan prinsiplərə əsaslanaraq
elə bir status-kvo formalaşdırıb
ki, bu prosesin
əksinə gedən
istənilən qüvvə
məğlubiyyətə və
özünü ifşaya
məhkumdur.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
19 oktyabr (№ 230).- S.5.