Azərbaycanın növbəti
idman nailiyyəti, diplomatik uğuru
III
MDB Oyunlarına ölkəmizin
evsahibliyi barədə
qərar dövlətimizə
olan inamın ifadəsidir
Azərbaycan dövləti
ümumbəşəri dəyərlərə
sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı
və bu məqsədlə qarşılıqlı
fəaliyyət göstərməyi
özünün ali konstitusion niyyətlərindən
biri kimi müəyyən edib. Çoxşaxəli tarazlaşdırılmış
xarici siyasət həyata keçirən respublikamız bütün
dövlətlərlə suverenliyə
və ərazi bütövlüyünə hörmət,
sərhədlərin toxunulmazlığı
və daxili işlərə qarışmama
kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dostluq münasibətlərinin qurulmasında
maraqlıdır və
buna nail olmaq üçün
səy göstərir.
Respublikamız dünyanın
əksər ölkələri
ilə belə münasibətlər qurmuşdur
və əməkdaşlığı
inkişaf etdirməkdədir.
Azərbaycan Müstəqil
Dövlətlər Birliyi
çərçivəsində də əməkdaşlıq
münasibətlərinin saxlanılmasında,
MDB ölkələri ilə
ikitərəfli əsaslarda
iqtisadi, siyasi, hüquqi və humanitar sahələrdə
münasibətlərin inkişaf
etdirilməsində maraqlıdır.
Məlumdur ki, 1991-1992-ci illərdə xarici siyasət sahəsində ölkəmizin beynəlxalq
aləmdə mövqelərinin
möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl
kursun hazırlanıb
həyata keçirilməməsi,
bəzi dövlət rəhbərlərinin beynəlxalq,
regional və dövlətlərarası
münasibətlərlə bağlı məsuliyyətsiz
bəyanatları Azərbaycanın
beynəlxalq nüfuzuna
olduqca mənfi təsir göstərirdi.
Bu özünü bəzi
qonşu dövlətlərlə
münasibətdə xüsusilə
büruzə verirdi. Ermənistanla müharibə
getdiyi bir şəraitdə yaxın
qonşularımızdan Rusiya,
İran, Mərkəzi Asiya respublikaları ilə münasibətlər keçmiş
iqtidarın məsuliyyətsiz
bəyanatları üzündən
gərginləşmişdi. Ulu Öndər Heydər Əliyevin
yeni əsr və üçüncü minillik
münasibətilə Azərbaycan
xalqına 29 dekabr
2000-ci il tarixli müraciətində
də ifadə olunduğu kimi, "ilk növbədə yaxın
xariclə münasibətləri
qaydaya salmaq, əlaqələri bərpa
etmək lazım gəlirdi. Azərbaycanın
Müstəqil Dövlətlər
Birliyinə daxil olması bu yöndə atılmış
ilk addımlardan biri idi".
Ölkəmiz 21 dekabr
1991-ci ildə Alma-Atada
Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa
gəlsə də, bu qərar rəsmiləşməmiş,
yalnız 1993-cü ilin
sentyabrında Ümummilli
Lider Heydər Əliyevin parlamentə
sədrliyi dövründə
bu sənədin ratifikasiya edilməsi ilə MDB-nin tamhüquqlu üzvü olduq. Beləliklə, məhz Ulu Öndərin səyləri ilə bu quruma daxil
olan keçmiş sovet respublikaları ilə birbaşa ikitərəfli əlaqələrin
möhkəmləndirilməsi istiqamətində ardıcıl
iş aparıldı.
Xüsusən də Rusiya və 1993-cü ilin sonuna qədər
Azərbaycanla kəskin
münasibətlərə malik olan Mərkəzi Asiya respublikaları ilə əlaqələrin köklü
surətdə yenidən
qurulması üçün
yeni forma və vasitələrdən
istifadə edildi. Müstəqil Dövlətlər
Birliyi ölkələri
ilə iqtisadi əməkdaşlıq məsələlərinə
yüksək diqqət
yetirildi.
Prezident İlham Əliyevin
respublikamıza rəhbərliyi
dövründə isə
MDB çərçivəsində əməkdaşlıq yeni mərhələyə
qədəm qoydu, ölkəmiz üçün
bu təşkilat bir çox sahələrdə uğurlu
əməkdaşlığı reallaşdırdığı platforma
olmaqla yanaşı, həm də Azərbaycanın üzləşdiyi
təhlükəsizlik problemlərinə
tərəfdaş dövlətlərin
diqqətini cəlb etmək üçün əlverişli foruma çevrildi. Xüsusən
Vətən müharibəsi və antiterror tədbirləri
zamanı biz MDB çərçivəsində
əməkdaşlığın önəmini praktik formada hiss etdik. Bu mənada Azərbaycan MDB ilə bərabərhüquqlu
və faydalı əməkdaşlığa xidmət
edən tərəfdaşlığın
müxtəlif aspektlərdə
genişləndirilməsində maraqlı və qətiyyətlidir. MDB Oyunlarının
Azərbaycanda keçirilməsi
barədə qərar
da ilk növbədə bu
aspektdən qiymətləndirilməlidir.
III MDB Oyunlarının Azərbaycanda
keçirilməsi barədə
qərar bu ilin aprel ayında
verilib. Prezident İlham Əliyevin 10 iyul
2024-cü il tarixli sərəncamı
ilə MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinin
ölkəmizdə keçirilməsi
üçün xüsusi
Təşkilat Komitəsi
yaradılıb. Cənab
Prezidentin oktyabr ayında baş tutan Rusiya səfəri
zamanı, Moskvada MDB Dövlət Başçıları
Şurasının iclasında
da bu məsələ
diqqət mərkəzində
olub, dövlət başçımız 2023-cü ildə Minskdə uğurla keçmiş II
MDB oyunları münasibətilə
Belarusu təbrik edərək, növbəti
ildə Azərbaycanın 10-dan çox şəhərində
keçiriləcək bu
oyunların Gəncəni
ölkəmizin
idman paytaxtına
çevirəcəyini qeyd
edib.
Bəs III MDB Oyunlarının
Azərbaycanda keçirilməsi
bizə nə vəd edir, yaxud bundan gözləntilərimiz
nə olmalıdır? Bildiyimiz kimi, bu oyunlar
ilk dəfə 2020-ci ildə
planlaşdırılsa da, dünyada
baş vermiş
COVID-19 pandemiyası ilə
əlaqədar təxirə
salınmışdı. 2021-ci ilin sentyabr ayında
Kazan şəhərində 9 ölkənin iştirakı
ilə baş tutan oyunlarda idmançılarımızın qazandığı 16-sı qızıl
olmaqla, ümumilikdə
60 medalla Azərbaycan yekunda 4-cü yeri tutmuşdur.
2023-cü ildə isə Belarusun evsahibliyi etdiyi II MDB Oyunları Minsk
şəhərində reallaşmış,
hətta təşkilata
üzv olmayan ölkələrin könüllü
iştirakına icazə
verilmişdi. 6 mindən
çox idmançının
iştirakı ilə
baş tutan bu oyunlarda, 10-u qızıl olmaqla, ümumi 62 medal qazanmaqla Azərbaycan yekunda ötən oyunlardakı kimi 4-cü yerə layiq görülmüşdü.
Minskdə baş tutan oyunlardan sonra Rusiya Prezidenti
Vladimir Putin nitqində qeyd
etmişdi ki, dünya
idman tədbirlərinin
siyasiləşməsi idman
anlayışının süqutunu
yaxın edir. Bu səbəbdən MDB Oyunları
bütün idmançılarla
ədalətli davranacaq
və siyasiləşmədən
davam edəcək. Belə prinsipial məqamda, qütbləşmənin
dərinləşdiyi bir
dövrdə III MDB Oyunlarına
Azərbaycanın evsahibliyi
barədə qərarın
verilməsi ilk növbədə
MDB coğrafiyasında ölkəmizə
olan inamın göstəricisidir. Sirr deyil
ki, bu və buna bənzər tədbirlərin
təşkili qlobal arenada ölkəmizin imicinə birbaşa müsbət təsir edir. Bu oyunların Azərbaycana həvalə
edilməsi ilk növbədə
Prezident İlham Əliyevin
ifadə etdiyi kimi, ölkəmizin sabitlik və təhlükəsizlik adası
olmasının və
MDB çərçivəsində bu reallığın tam formada qəbul edildiyinin göstəricisidir.
III MDB Oyunları, həmçinin
mühüm idman hadisəsi olmaqla, Azərbaycanda idman hərəkatı üçün
önəmli mərhələ
sayılmaqla həm də xalqımızın
mədəni-tarixi irsinin
və mənəvi dəyərlərinin təbliği,
eləcə də ümumbəşəri dəyərlərlə
zənginləşdirilməsi baxımından önəm
kəsb edəcək.
Həmçinin Avroviziya,
Avropa Oyunları,
İslam Həmrəyliyi Oyunları,
Formula-1 və COP29 kimi
tədbirlərin ardınca
ölkəmizə növbəti
dəfə beynəlxalq
tədbirə evsahibliyinin
etimad göstərilməsi
Azərbaycan gəncliyində
milli özünüdərk, vətənpərvərlik və
milli iftixar hissinin, intellektual potensialın inkişaf etdirilməsinə
müsbət təsirini
göstərəcək. Bu, eyni zamanda Azərbaycan
Respublikasının hazırda
məruz qaldığı
ədalətsiz siyasi hücumlar fonunda informasiya müharibəsində
ciddi qələbəsi
və haqq səsinin bir daha dünyaya çatdırılması üçün
önəmli platforma kimi çıxış edəcək. İqtisadi kontekstdən yanaşdıqda
isə III MDB Oyunları
Azərbaycanın mövcud
gündəliyinə müvafiq
olaraq turizm potensialına əsaslı
təsir etməklə
qeyri-neft sektorunda daha da hərəkətlənməyə
səbəb olacaq.
Yuxarıda qeyd etdiyimiz aspektlərdən yanaşsaq, III MDB Oyunları
tam mənada siyasi və iqtisadi uğur, habelə diplomatik dividenddir. Bu situasiya, eyni zamanda Azərbaycanın yaxın tarixdə keçdiyi müstəsna
inkişaf yolu və bu sayədə
belə böyük tədbirlərə evsahibliyi
etmək gücünün
bəyanı, Azərbaycan
xalqının fundamental dəyər
və məqsədlərini,
habelə ölkəmizdə
insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların tam təmin
edildiyi siyasi kursun uğurudur.
İbrahim
ZAHİDLİ,
EU Business School
Geneva məzunu
Azərbayca.-2024.-
19 oktyabr (№ 230).- S.9.