Almatıda
“Alpamış Batır”
dastanına həsr olunmuş beynəlxalq elmi-nəzəri konfrans keçirilib
Oktyabrın 17-18-də Qazaxıstanın Almatı
şəhərində Dostluq
Evində Qazaxıstan
Respublikasının UNESCO və
ICESCO üzrə Milli
Komissiyası, Türk
Mədəniyyəti və
İrsi Fondu, Qazaxıstanın Qeyri-Maddi
Mədəni İrs üzrə Milli Komitəsi və Muxtar Auezov adına
İncəsənət və
Ədəbiyyat İnstitutunun
birgə təşkilatçılığı
ilə “Türk xalqlarının mənəvi
irsi dünya sivilizasiyası kontekstində:
“Alpamış Batır”
dastanı” mövzusunda
beynəlxalq elmi-nəzəri
konfrans keçirilib.
Türk Mədəniyyəti
və İrsi Fondundan AZƏRTAC-a bildirilib
ki, tədbirdə çıxış edən
Fondun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın türk
mədəniyyətinin və
irsinin beynəlxalq aləmdə tanıdılması
istiqamətində genişmiqyaslı
fəaliyyətlərindən söz açıb. O, Fond tərəfindən həyata keçirilən
layihələrin bərpa
və muzeyləşdirmə,
elmi-tədris, təhsil
və yaradıcılıq
istiqamətlərində mühüm
rol oynadığını
vurğulayıb. Həmçinin
Fondun aktual layihələri sırasında
“Türk Dünyasının
Mədəni İrsinin
qorunması haqqında”
Konvensiyası, ortaq türk mədəni irs obyektlərinin çoxdilli kataloqu - “TurkHeritage”, ümumtürk
dəyərlərinin geniş
şəkildə işıqlandırıldığı
silsilə sənədli
filmlərin yayımlandığı
“TURKDISCOVERY” rəqəmsal platformasına diqqəti çəkib.
“Türk dünyasının
klassik qəhrəmanlıq
dastanlarından olan “Alpamış Batır” dastanı bu gün ortaq dəyərimizə çevrilib.
“Alpamış Batır”
türk xalqlarının
dəyərli və bədii yadigarı hesab olunur. O, qədim dövrlərin adət-ənənələrini, idrakını, dünyagörüşünü,
gerçəkliyini aydın
şəkildə təsvir
edir. “Alpamış Batır” dastanı türk xalqlarına birliyi, mənəviyyatı
aşılayan milli iftixara çevrilib. Odur ki, bugünkü
tədbir gənc nəslin milli şüurunun formalaşması,
inkişafı, türk
xalqlarının kimliyinin
və birliyinin qorunub saxlanması baxımından mühüm
əhəmiyyət kəsb
edir”, - deyə Aktotı Raimkulova vurğulayıb.
Konfrans çərçivəsində
Türk Mədəniyyəti
və İrsi Fondu ilə Muxtar Auezov adına
İncəsənət və
Ədəbiyyat İnstitutunun
birgə əməkdaşlığı
çərçivəsində qazax, rus və
ingilis dillərində
nəşr olunan “Alpamış Batır” dastanının təqdimatı
keçirilib. Bu nəşrin müxtəlif
dillərdə yayımlanmasında
məqsəd türk xalqlarının ortaq mənəvi irsini yaşatmaq, eləcə də geniş beynəlxalq auditoriyaya çatdırmaqdır.
Konfrans panel və
sessiyalarla davam etdirilib. Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan
və Rusiya Federasiyasından (Ufa, Kazan, Novosibirsk) tanınmış alimlər
məruzələr söyləyiblər.
Həmçinin konfrans çərçivəsində “Alpamış Batır” dastanının UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün
beynəlxalq ekspertlər
tərəfindən namizədliyinin
irəli sürülməsi
ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq konfransda
türkdilli dövlətlərdən,
eləcə də digər xarici ölkələrdən alimlər
– dilçilər, tarixçilər,
filosoflar, dastançılar,
folklorşünaslar, ədəbiyyatşünaslar,
sənətşünaslar, mədəniyyətşünaslar, ali təhsil müəssisələrinin professorları
iştirak ediblər.
Azərbaycan.-2024.- 19 oktyabr
(¹ 230).- S.9.