Laçın Ağalıda daha bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub

 

Füzuli şəhərinə köçürülən sakinlərdən isə 1000-dən çox şəxsin məşğulluğu təmin edilib

 

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi  işğaldan azad olunan ərazilərimizdə özünüməşğulluq proqramının icrası işlərini davam etdirir.

Laçın rayonuna və Zəngilanın Ağalı kəndinə köçürülən sakinlərdən daha bir qrup şəxsə agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib.

Laçın rayonunda aktivlərin təqdim edilməsi tədbirində iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev proqram iştirakçıları ilə görüşüb, həmin sakinlərin yeni qurduqları təsərrüfatlara dair planları ilə maraqlanıblar.

Verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, qadın gözəllik salonu, dərzi sexi, kişi bərbərxanası, dönərxana broyler inkubatoru xidmətləri üzrə kiçik biznes sahələrini yaradıblar.

Beləliklə, Böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 131-ə çatıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si Füzuli şəhərinin ətraf kəndlərinin erməni işğalından azad edildiyi gün kimi tariximizə yazılıb. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, 17 Oktyabr - Füzuli Şəhəri Günü kimi qeyd edilir.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır. Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1018 nəfərin məşğulluğu təmin edilib.

Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri  üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

 

Lazım QULİYEV,

Azərbaycan.-2024.- 19 oktyabr (№ 230).- S.10.