Şəkidə Dadanovların mülkü
Bura ənənəvi
memarlığın gözəl
nümunəsi olmaqla yanaşı, bölgə
turizminə də mühüm töhfələr
verir
Şəki "Yuxarı
Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən
və dövlət tərəfindən qeydiyyata
alınmış yaşayış
evlərinin əksəriyyəti
şəhərin tanınmış
ailələrinə və
sənayeləşmə dövrünün
sahibkarlarına məxsus
olub.
XIX əsrin sonu
XX əsrin əvvəllərində
Dadanovlar ailəsi Şəkidə tütün
istehsalı və ticarəti ilə məşğul idilər.
Həsən Dadanovun oğullarından biri Məşədi Xəlil Dadanov Şəkinin xeyriyyəçi sahibkarlarından
Məmməd Sadıq
Əliyevin qızı
Tükəzban xanımla
ailə qurduqdan sonra ticarət əlaqələrini daha da genişləndirmişdi.
Bölgənin bir çox imkanlı ailələri kimi Dadanovlar da əldə
etdikləri gəlirlə
məhz bu tarixi şəhərə
sərmayə qoymuş,
yan-yana beş bina - yaşayış evləri, ticarət kontoru və sairə inşa etmişlər. Dadanovlara məxsus beş ayrıca tikili Şəkinin M.F.Axundzadə
prospektində karvansaralardan
qala divarlarına doğru qalxan yolda öz memarlıq
quruluşu ilə diqqəti çəkir. Ənənəvi Şəki
memarlığına uyğun
inşa olunmuş,
"Dadanovların evi"
kimi tanınan mülkdə hər binanın özünəməxsus
görkəmi ümumi
kompleksin zənginliyinə
mühüm təsir göstərir, xüsusi bir ahəng yaradır.
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyi Şəki "Yuxarı Baş" Milli Tarix Memarlıq
Qoruğunun əməkdaşları
Zəminə Rəsulova
və Sehran Məmmədovla söhbətimizdə
bildirdilər ki, XIX əsrdə sənayeləşmə
və iqtisadi inkişaf Şəkinin memarlığında da yüksəlişə səbəb
olmuş, nəticədə
ənənəvi memarlıq
ünsürlərini özündə
qorumaqla dövrün yeniliklərindən təsirlənmiş
iki, bəzən üçmərtəbəli yeni
tipli binalar meydana gəlmişdir. Nisbətən qiymətli sayılan qırmızı
bişmiş kərpic
memarlıqda inşaat
materialı olmaqla yanaşı, dekorativ elementə çevrilmiş,
tikililərin fasad hissəsində müxtəlif
kompozisiyaların yaradılmasına
rəvac vermişdi:
"XIX əsrin sonu
XX əsrin əvvəllərində
Şəkidə şəhərtipli
hasarsız, birbaşa
küçəyə açılan
yaşayış evləri
meydana çıxdı.
Bunun nəticəsi olaraq artıq binaların yalnızca bir tərəfinə deyil, küçəyə
baxan bütün tərəflərinə əsas
fasad kimi yanaşılırdı. Şəkidə
fasadlar cəmiyyətin
estetik zövqünün
formalaşmasında mühüm
rol oynamış, bir-birindən yaraşıqlı
binaların inşasına
səbəb olmuşdur.
XIX əsrin sonu XX əsrin əvvəllərində
Şəkidə tütün
istehsalı ilə məşğul olan ailənin yaşayış
və ticarət fəaliyyəti üçün
ayrıca binalardan təşkil edilmiş mülk təqribən 6500
kvadratmetr ərazidə
yerləşir. Binalardan
dördü M.F.Axundzadə
prospektinin şərq,
biri isə qərb tərəfində
inşa edilib. XX əsrin əvvəllərində
tikilmiş mülkün
memarı Rza Qafarovdur".
Hazırda Şəki şəhər İnteqrasiya
təlimli internattipli gimnaziya kimi fəaliyyət göstərən
mülk ümumilikdə
39 otaqdan ibarətdir. Binalar çaydaşı və kərpiclə inşa olunmuş, damı rənglənmiş
qara dəmirlə örtülmüşdür. "Azərbaycan Respublikası
ərazisində dövlət
mühafizəsinə götürülmüş
daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət
dərəcələrinə görə bölgüsünün
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 3
noyabr 2021-ci il tarixli qərarına əsasən, mülkə
aid beş binanın hər biri yerli əhəmiyyətli
abidə kimi dövlət tərəfindən
qeydiyyata alınmışdır.
S.Məmmədov dedi:
"Bir-nömrəli tikilinin
ümumi sahəsi 609 kvadratmetr olub 10 otaqdan ibarətdir. Dövlət tərəfindən
qorunur. Binanın ümumi görkəminə
Şəki memarlığına
xas sütunlu eyvanlar əlavə yaraşıq verir. Hər üç mərtəbədə pəncərə
açırımlarının daş və kərpic kombinasiyasından
yaradılmış dekorativ
elementləri fasadın
özünəməxsus görkəmini
formalaşdırmışdır. Fasad həllində pəncərə haşiyələri
və pəncərələrarası
doldurucu elementlər ümumilikdə müəyyən
bir kompozisiya yaradır".
Z.Rəsulova isə
söhbət zamanı
bildirdi: "Mülkə
daxil olan 2 nömrəli evin sahəsi 218 kvadratmetrdir, üç otaqdan ibarətdir. Fasad həllində rus memarlığının təsiri
hiss olunur. Ümumi sahəsi 763 kvadratmetr olan üçüncü bina
üçmərtəbəlidir və on iki
otağı var. Binanın fasadının iki tərəfdən küçəyə baxması,
üçüncü tərəfinin
isə küçədən
aydın görünməsi
səbəbilə kompozisiyasına
xüsusi diqqət yetirilmişdir. Mülkə
aid dördüncü
binadan vaxtilə tütün-maxorka fabriki kimi istifadə olunub. Digər binalarla oxşar fasad elementləri və eyvanı var. Beşinci bina isə mülkün
ən sadə binasıdır. Buna baxmayaraq, onun da pəncərə aşırımlarında Şəki
memarlığına məxsus
ünsürlərə yer
verilib".
Sehran müəllim
vurğulayır ki, zamanla aparılan bərpa işləri tarixi binaların görkəminə ciddi zərər verməmiş,
ümumi fasad kompozisiyası günümüzə
qədər qorunub saxlanılmışdır. Aparılan
araşdırmalar zamanı
müəyyən olunub
ki, tarix boyu osmanlı, Qacar, rus memarlığının
təsirinə məruz
qalan Şəki öz ənənəvi xalq memarlığını
formalaşdıra bilib
və müəyyən
bir üslub yaradılıb. Maddi-mədəni
irsimizin bir parçası olan bu mülkün mühafizəsi və gələcək nəsillərə
ötürülməsi olduqca
vacibdir. Dadanovlar mülkünün qorunub saxlanılması Şəkinin
dayanıqlı turizm potensialına töhfə
olmaqla yanaşı, ənənəvi memarlığın
da yaşadılması
deməkdir.
Qurban
MƏMMƏDOV,
Azərbaycan.-2024.- 19 oktyabr (№ 230).- S.11.