Naxçıvanda "yaşıl enerji" üçün 8 min hektara yaxın ərazi ayrılıb

 

Naxçıvanda "yaşıl mənbə"lərə mediatur çərçivəsində jurnalistlər Naxçıvan Günəş-Elektrik Stansiyasının işi ilə tanış olublar.

Səfər çərçivəsində stansiyanın potensialı barədə jurnalistlərə məlumat verilib. Stansiyanın direktoru Fərid Səfərov bildirib ki, Naxçıvanda ilk dəfə 2015-ci ildə 22 meqavat gücündə "Xalxal" Günəş-Elektrik Stansiyası tikilib. O qeyd edib ki, bu stansiya 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyasından sonra generasiya gücünə görə Cənubi Qafqazda ölkədə ikinci ən böyük GES-dir: "İl ərzində bu stansiyada 33 milyon kilovat-saat enerji istehsal olunur. Stansiya alternativ bərpaolunan enerji mənbələrində istehsal gücünün 20 faizini təşkil edir. Ayrılmış 56 hektar sahənin 36 hektarında 86383 ədəd günəş paneli quraşdırılaraq istismara verilib".

Direktor xatırladıb ki, hazırda Naxçıvanda 4 - Xalxal GES, Şərur GES, Kəngərli GES Culfa Külək-Günəş Hibrid Elektrik stansiyaları fəaliyyət göstərir.

Daha sonra stansiyanın idarəetmə otağında panellərin prinsipi barədə məlumat verilib. Naxçıvanın "yaşıl enerji" potensialından danışan Energetika Xidmətinin mətbuat katibi Mətin Abbaslı bildirib ki, muxtar respublikada "yaşıl enerji"nin layihələndirilməsi üçün 8 min hektara yaxın ərazi ayrılıb. O qeyd edib ki, Naxçıvanın Arazboyu düzənliklərində günəşli saatların illik miqdarı 2600-2800 saat/il, günəş radiasiyasının illik miqdarı 148-150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152-160 kkal/sm2 arasında dəyişir. Muxtar respublikada mövcud günəş-elektrik stansiyalarında illik hesablamalara əsasən, günəş radiasiyasının miqdarının 138-140 kkal/sm2/il arasında olduğu təsdiq edilib. Dövlət proqramına əsasən, "yaşıl enerji" istehsalı üçün 7992 ha ərazi ayrılıb. Artıq investisiya prosesi başlayıb. Yerli xarici şirkətlərlə memorandum imzalanıb.

M.Abbaslı bildirib ki, hazırda bir neçə layihə üzrə "Texniki-iqtisadi əsaslandırma"lar təhlil edilir. "Stansiyaların tikinti prosesinin  başlanmasına çox yaxınlaşmışıq", - deyə mətbuat katibi əlavə edib.

Bununla jurnalistlərin "yaşıl enerji zonası" elan olunan Naxçıvanın alternativ enerji mənbələrinə mediaturu yekunlaşıb.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 20 oktyabr (№ 231).- S.3.