Xatirələrdə yaşayan cəsur kəşfiyyatçı

 

Yerişində, duruşunda bir əzəmət, çöhrəsində nuraniyyət, rəftarında ağayanalıq olan şəhid atası Cahan kişinin ürəyi elə cahan boyda böyükdür. Kövrəkdir, səsi titrəyir, ürəkdən sevinməyi, şadlanmağı unudub. Üzündə ani təbəssüm, gülümsəmək sezərsən ki, bu da yalnız etika, qarşısındakına hörmət üçündür... 

Əvvəllər belə olmasa da, dörd il öncədən - dağ boyda oğlunu itirəndən xeyli dəyişilib, bədbinliyə qapılıb. Amma danışmaq, ünsiyyət qurmaq, dərdləşmək təkcə sözlə deyil ki, həm gözlədir... Gözlərində dərya dərinliyi, haray, ümid, axtarış, gözlənti var... Fəzailin şəhadətindən sonra, necə deyərlər, vücudunda iki cahanı sığışdırsa da, özü bu cahana sığa bilmir. Ən böyük təsəllisi isə Vətən torpaqlarının düşmən caynağından xilası, əsl sahiblərinə qovuşmasıdır.  

Biz Cahan Əliyevlə Zaqatala rayonunun Bəhmətli kəndindəki həyətində görüşüb ötən acılı-şirinli xatirələrə daldıq. Digər oğlu Fərid söhbətə qoşuldu. Məlum oldu ki, şəhid Fəzail uşaqlıqdan hərbçi peşəsinə böyük maraq göstərib, özü ən çətin sahədə çalışmağı, kəşfiyyatçı kimi düşmənin içində fəaliyyət göstərməyi arzulayıb. 5 noyabr 1990-cı il təvəllüdlü gələcək zabit kənd orta məktəbinin VIII sinfini bitirərək, 2004-cü ildə sənədlərini C.Naxçıvanski adına Hərbi Liseyə verib. Burada üçillik təhsil aldıqdan sonra 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2011-ci ildə isə leytenant rütbəsində Pirəkəşküldə hərbi xidmətə başlayıb. Elə həmin vaxtda da sevib-seçdiyi Əsmər xanımla ailə həyatı qurub. Qızı Xuşi, oğlu Cahid dünyaya gəlib. 2019-cu ildən kapitan rütbəsində Beyləqanın Haramı adlanan ərazisindəki hərbi hissədə qulluğunu davam etdirib, kəşfiyyat xidməti rəisinin müavini vəzifəsinə yüksəlib

 

14 yaşından hərb sənətinin sirlərinə yiyələnirdi

 

Cahan kişi deyir ki, Fəzail idmanla məşğul olurdu, dərslərini yaxşı oxuyurdu, xüsusən "Gənclərin ibtidai hərbi hazırlığı" fənninə xüsusi marağı vardı. Məktəbdə keçirilən "Üfüqdə parıltı", "Qartal balası" sair təlim yarışmalarda daim fərqlənərdi. Yaşı ötdükcə hərbi sahəyə meylinin ciddi olduğunu gördük. Artıq yeniyetməlik dövründə torpaqlarımızın işğalda qalması ilə heç cür barışa bilmirdi. Mən anası hərbçi peşəsinin çətinliyindən söhbət açdıq, amma onun seçiminə mane ola bilmədik. Fəzail 14 yaşından peşəkar şəkildə hərb elminin sirlərinə yiyələnməyə başladı.

F.Əliyev hədsiz zəhmətkeş, prinsipial, əqidəli, seçdiyi yolda əziyyətlərə qatlaşmaqdan çəkinməyən insan olub. Daim öz üzərində işləyər, razılaşmadığı tərəflərini kamilləşdirməyə, məqsədinə, məramına çatmağa çalışardı. Azərbaycandakı hərbi təhsilindən əlavə, müxtəlif xarici ölkələrdə - Türkiyə, Macarıstan, Çexiya, Böyük Britaniyada da təkmilləşdirmə kurslarında iştirak etmiş, bilik bacarıqlarını artırmışdı. İngilis erməni dillərini mükəmməl bilirdi.

Söhbətə qoşulan şəhidin qardaşı Fərid Əliyev deyir: "Fəzail çox vətənpərvər idi. Zahirən özünü təmkinli, soyuqqanlı göstərsə , daxilində bir təlatüm, kükrəyiş vardı. İstəyirdi ki, işğalçıların  üzərinə atılsın, müqəddəs torpaqlarımızı azad etsin... Xain ermənilərin cəbhəboyu təxribatları artdıqca savaş yetişirdi. Belə bir şəraitdə kəşfiyyatın, qarşı tərəf haqqında informasiya toplanmasının böyük əhəmiyyəti var idi. Amma özü bu barədə heç danışmazdı. Vətənin əsgəri, zabiti kimi həmişə Ali Baş Komandanın əmrinə müntəzir dayanmışdı. O, kəşfiyyatçı olaraq məxfi şəkildə işlərini görürdü. Əsl həqiqətləri biz sonralar döyüş yoldaşlarından öyrəndik. İgidlərimiz 2016-cı ilin Aprel savaşı, 2020-ci ildəki Tovuz döyüşləri ərəfəsində düşmən hücumlarına layiqincə cavab verdilər. Sentyabrın 27-də döyüşə ilk girən onlar oldular".

Bildiyimiz kimi, yağı düşmənin ən böyük keçilməz sədlərindən biri Füzuli rayonunda yerləşirdi. Xain ermənilər öz hesablarında buranı alınmaz sayırdılar. Lakin qəhrəman oğullarımızın cəsarəti qarşısında bir neçə saatın içində işğalçıların xam xəyalları puç tar-mar oldu. Kapitan Fəzail Əliyevin rəhbərlik etdiyi kəşfiyyat dəstəsi əvvəldən düşmənin daxilinə "sızmış", 30 illik divar, səngər, dotların zəif yerlərini öyrənmiş, üzərlərində lazımi qeydiyyat apardıqları xəritə "dil" ilə qayıtmışdılar. Bu, açıq döyüşdə canlı qüvvəmizin texnikamızın mümkün qədər qorunması, az itkilərlə böyük qələbələr demək idi. Özü isə Qaraxanbəylidə gedən savaş zamanı qəhrəmanlıqla vuruşaraq şəhidlik məqamına yüksəldi.   

 

Son danışıqları sentyabrın 27-də oldu

 

Cahan kişi bildirir ki, oğlu sonuncu dəfə sentyabın 27-si saat 19 radələrində evlə telefon əlaqəsi saxlayaraq üstüörtülü şəkildə bəzi mətləbləri çatdırıb: "Səsində bir fərəh, gümrahlıq vardı. Həmişəki kimi çox danışmadı, hal-əhval tutdu, özü barədə narahat olmamağımızı tapşırdı, ailəsini bizə, bizi Allaha əmanət etdiyini, tezliklə qələbə müjdələri alacağımızı söylədi. İki gün sonra şəhadət xəbəri gəldi..." Cahan kişi özünü saxlaya bilməyib kövrəlir.

Biz Bəhmətlidə olarkən şəhid Fəzailin ailəsi ilə görüşə bilmədik, həyat yoldaşı Əsmər Əliyeva Səbail bələdiyyəsində çalışdığından, övladları paytaxtda təhsil aldıqlarından Bakıda idilər. Əsmər xanımın qəhrəman əri haqqında sosial şəbəkələrdə müsahibələrini, bitib-tükənməyən xatirələrini oxuduq: "Əgər ikinci dəfə dünyaya gəlsəydim desəydilər ki, birgə yaşayışınız belə qısa çəkəcək, yenə   Fəzaillə 9 illik ailə həyatını seçərdim. Çünki o, bu qısa müddət ərzində mənə sonrakı ömrümə bəs olacaq qədər xoşbəxtlik, bəxtiyarlıq yaşatdı..."  

İgid kəşfiyyatçı kapitanın Vətən xalq qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. O, "Qırmızı Bayraq" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cahan kişi 2022-ci il avqustun 1-də taleyin daha bir acısını dadıb. Ömür-gün yoldaşı da onları əbədi tərk edərək haqqa qovuşub - 58 yaşlı Validə xanım 30 yaşlı şəhid balasının yoxluğuna cəmi 22 ay tab gətirə bilib

***

Cahan Əliyev kənd təsərrüfatı üzrə təhsil alıb, tütün sortçusu, aqronom, anbardar işləyib. İşlə bağlı müraciətini müsbət cavablandırdığına görə hazırda çalışdığı "Zaqatala AGRO İndusty" MMC-nin direktoru E.Əsədova minnətdarlığını bildirir. Ümumiyyətlə, müəssisə rəhbərliyinin şəhid qazi ailələrinə xüsusi qayğı ilə yanaşdığı, ehtiram göstərdiyi barədə çoxsaylı faktlar var. Cahan kişinin daha bir arzusu isə Göyəm kənd tam orta məktəbinə oğlunun - şəhid Fəzail Əliyevin adının verilməsidir.

Xatırladaq ki, Zaqatala rayonu Bəhmətli kəndinin 9 şəhidi var. Onlardan 7 nəfər Birinci Qarabağ savaşında, kapitan Əliyev Fəzail Cahan oğlu əsgər Məmmədov Ümid Bəkir oğlu isə 44 günlük Vətən müharibəsində canlarını qurban veriblər.

   

Qurban MƏMMƏDOV,

Azərbaycan.-2024.- 20 oktyabr (№ 231).- S.10.